Sürücüsüz gələcəyə hazırlıq: Qəza olarsa, kim cəzalandırılacaq?

Sürücüsüz gələcəyə hazırlıq: Qəza olarsa, kim cəzalandırılacaq?

Azərbaycanda sürücüsüz avtomobillərin və gəmilərin istifadəsi üçün hüquqi baza yaradılır, avtonom nəqliyyat vasitələrinin hərəkəti, operator sistemi və təhlükəsizlik qaydaları müəyyənləşdirilir. 

Məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsi və bir sıra qanunlarında təklif edilən dəyişikliklərdə əksini tapıb. 

Belə ki, layihəyə əsasən, avtonom nəqliyyat vasitələri və avtonom gəmilər anlayışları qanunvericiliyə daxil edilir, onların yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri müəyyənləşdirilir. 

Sürücüsüz nəqliyyat vasitələrinin hərəkətinə yalnız aidiyyəti qurumların müəyyən etdiyi ərazilərdə və marşrutlarda icazə veriləcək. Layihəyə görə, avtonom nəqliyyat vasitələri və gəmilər sertifikatlı operatorların nəzarəti altında fəaliyyət göstərəcək. 

Operatorlar məsafədən idarəetmə mərkəzləri vasitəsilə sistemlərə nəzarət edəcək, fövqəladə hallarda müdaxilə edə, hərəkəti dayandıra və baş verən hadisələr barədə dərhal məlumat verməli olacaqlar. Azərbaycanda sürücüsüz nəqliyyat vasitələrinin tətbiqi mövcud nəqliyyat sistemini necə dəyişə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, bu dəyişikliklər Azərbaycanın nəqliyyat sahəsində gələcəyin texnologiyalarına hüquqi baxımdan hazırlaşdığını göstərir: 

“Qanunvericilikdə avtonom nəqliyyat vasitələri və avtonom gəmilər anlayışlarının təsbit olunması, onların idarə edilməsi və təhlükəsizlik mexanizmlərinin müəyyənləşdirilməsi mühüm addımdır. 

Lakin burada bir məqam xüsusilə vacibdir: hüquqi bazanın yaradılması texnologiyanın dərhal geniş tətbiqi demək deyil. İlk mərhələdə sürücüsüz avtomobillərin yalnız əvvəlcədən müəyyən edilmiş marşrutlarda və xüsusi zonalarda istifadəsinə icazə verilməsi doğru yanaşmadır. 

Bu, həm texnologiyanın sınaqdan keçirilməsinə, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin qorunmasına imkan verəcək. Operator nəzarəti sisteminin tətbiqi də əhəmiyyətlidir. Dünyanın bir çox ölkəsində tam avtonom idarəetmə hələ geniş yayılmayıb və məsafədən nəzarət edən operatorlar fövqəladə hallarda təhlükəsizlik zəncərinin son halqası kimi çıxış edirlər. 

Bu, sistem nasazlığı, yol infrastrukturu ilə bağlı gözlənilməz vəziyyətlər və ya kibertəhlükəsizlik riskləri zamanı vacib rol oynayacaq”. 

Onun sözlərinə görə, uğurlu tətbiq üçün yalnız qanun kifayət etmir: 

“Yol nişanları və nişanlanmaların beynəlxalq standartlara uyğunlaşdırılması, rəqəmsal yol infrastrukturu və yüksək dəqiqlikli xəritələrin hazırlanması, 5G və etibarlı rabitə şəbəkələrinin inkişafı, kibertəhlükəsizlik standartlarının tətbiqi, avtonom sistemlərin sertifikatlaşdırılması və müstəqil təhlükəsizlik auditlərinin aparılması, həmçinin qəza zamanı hüquqi məsuliyyət və sığorta mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi paralel şəkildə həyata keçirilməlidir”. 

Ekspert qeyd edib ki, xüsusilə sığorta və məsuliyyət məsələsi gələcəkdə ən çox müzakirə olunan mövzulardan biri olacaq: 

“Əgər qəza sürücünün deyil, proqram təminatının, sensorların və ya operatorun səhvi nəticəsində baş verərsə, məsuliyyətin kimə aid olacağı qanunvericilikdə aydın şəkildə tənzimlənməlidir. Ümumilikdə, bu təşəbbüs Azərbaycanın ağıllı nəqliyyat sistemlərinə keçid istiqamətində mühüm strateji addımıdır. 

Düzgün mərhələli tətbiq, güclü texniki infrastruktur və ciddi təhlükəsizlik standartları ilə avtonom nəqliyyat gələcəkdə yol qəzalarının azalmasına, logistikanın səmərəliliyinin artmasına və nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsinə əhəmiyyətli töhfə verə bilər”. 

Gülər Həsənli 
“Cebheinfo.az”