Bu məlumatları yayan saytların fəaliyyəti məhdudlaşdırılacaq - QANUN QƏBUL EDİLDİ

Bu məlumatları yayan saytların fəaliyyəti məhdudlaşdırılacaq - QANUN QƏBUL EDİLDİ

Azərbaycanda internet informasiya ehtiyatlarında qanunla qadağan edilən məzmunun yayılmasına qarşı nəzarət daha da gücləndirilir.

"Cebheinfo.az" xəbər veirr ki, Milli Məclis bununla bağlı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna edilən dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Qanuna əsasən, müəyyən edilmiş qanun pozuntuları aşkar edildiyi halda internet informasiya ehtiyatının və ya onun müvafiq hissəsinin fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti məhdudlaşdırılacaq.

Məhdudiyyət tətbiq ediləcək hallara aşağıdakılar daxildir:

  • narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanması, istifadəsi, qanunsuz əldə olunması və ya tərkibində narkotik maddələr olan bitkilərin becərilməsi ilə bağlı məlumatların yayılması;
  • pornoqrafik materialların, o cümlədən uşaq pornoqrafiyasına aid məzmunun yerləşdirilməsi;
  • ictimai mənəviyyatı təhqir edən, açıq şəkildə əxlaqsız ifadələrin, jestlərin və milli-mənəvi dəyərlərə zidd görüntülərin yayılması;
  • qanunla icazə verilməyən qumar oyunlarının təşkili və ya həmin oyunlarda iştiraka təşviq edən məlumatların paylaşılması;
  • intiharı problemlərin həlli yolu kimi təqdim edən, ona bəraət qazandıran, təbliğ edən və ya intihar üsullarını izah edən materialların yayılması;
  • “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun tələblərinə uyğun yaş məhdudiyyəti ilə işarələnməyən film, animasiya, kompüter və digər elektron oyunların yerləşdirilməsi (“Universal” yaş kateqoriyası istisna olmaqla);
  • təhqir, böhtan və şəxsi həyatın toxunulmazlığını pozan məlumatların dərc edilməsi;
  • insanların həyat və sağlamlığına, ictimai təhlükəsizliyə, nəqliyyat, rabitə, energetika, maliyyə və digər mühüm infrastruktur obyektlərinin fəaliyyətinə təhlükə yarada biləcək yalan məlumatların yayılması.

Qəbul edilən dəyişikliklərə əsasən, bu xarakterli məzmunun yerləşdirildiyi internet informasiya ehtiyatına və ya onun müvafiq bölməsinə giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Qanun layihəsi Milli Məclisin bugünkü iclasında səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

"Cebheinfo.az"