Türkiyənin "Ay-Ulduz"u: Pentaqondan 3 dəfə böyük

Türkiyənin "Ay-Ulduz"u: Pentaqondan 3 dəfə böyük

Türkiyə Milli Müdafiə Nazirliyi Baş Qərargah və qoşun növləri komandanlıqlarını vahid məkanda  birləşdirəcək "Ay-Ulduz Birgə Qərargahı" layihəsinin təfərrüatlarını açıqlayıb.

“Cebheinfo.az” xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşdığı ilk görüntülər və məlumatlar layihənin miqyasını və strateji əhəmiyyətini ortaya qoyub. 

Nazirliyin məlumatına görə, Türkiyə bayrağındakı ay və ulduz rəmzlərindən ilham alınaraq layihələndirilən "Ay-Ulduz Birgə Qərargahı" ümumilikdə 12 milyon kvadratmetrlik, təxminən 1680 futbol meydançasına bərabər ərazidə inşa edilir.

Qərargahın ümumi tikinti sahəsi 2 milyon kvadratmetrdir. Hazırda bunun 1 milyon kvadratmetrlik hissəsində işlər tamamlanıb. Tikinti tam başa çatdıqdan sonra kompleks ABŞ Müdafiə Nazirliyinin qərargahı olan Pentaqondan 3, NATO-nun Baş Qərargahından isə 4 dəfə böyük olacaq.

Uzunluğu 6,5 kilometr olan ətraf mühafizə divarına malik kompleksdə hər biri 3200 nəfərlik olmaqla 5 konfrans zalı yerləşəcək. Bundan başqa, tikintisi cəmi bir il ərzində tamamlanan və 10 min kvadratmetr sahəni əhatə edən "Ulduz" binası, eləcə də ümumi tutumu 6400 avtomobil olan 6 qapalı dayanacaq istifadəyə veriləcək.

Layihə çərçivəsində ümumilikdə 19 milyon kubmetr torpaq qazıntısı aparılıb. Tikinti zamanı Xeops piramidasının təxminən həcminə bərabər – 2 milyon kubmetr beton və Eyfel qülləsində istifadə olunan poladın 22 qatına bərabər, 125 min ton poladdan istifadə olunacaq. Ərazidə, həmçinin 25 kilometrlik daxili yol şəbəkəsi yaradılacaq.

Kompleksdə əlavə olaraq Londonun məşhur Hyde Parkından 1,5 dəfə böyük yaşıllıq zonası salınacaq. Burada 1 milyon ağac və digər bitki əkilməsi, 2 milyon kvadratmetr yaşıllıq sahəsinin yaradılması nəzərdə tutulur. Layihəyə həmçinin 44 min 800 kilometr kabel xətti, 168 min işıqlandırma elementi və 25 min kilometr fiber-optik kabel infrastrukturu daxildir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”