Turizmin “buzu” nə vaxt əriyəcək?

Turizmin “buzu” nə vaxt əriyəcək?

Dünya Bankı Azərbaycanda turizm sektorunun inkişafını sürətləndirmək və iqtisadiyyatın şaxələndirilməsini dəstəkləmək məqsədilə bir sıra tövsiyələrdən ibarət “yol xəritəsi” təqdim edib.

Bunu Dünya Bankının Cənubi Qafqaz üzrə Regional Direktoru Rolanda Prays Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın turizm sektorunun növbəti inkişaf mərhələsi əsasən Bakı və tədbir turizminə söykənən modeldən regionların iqtisadi potensialını üzə çıxaran daha şaxələndirilmiş turizm modelinə keçidi tələb edir:

"Bunun üçün turizm destinasiyalarının idarə olunması gücləndirilməli, regionlara nəqliyyat əlçatanlığı yaxşılaşdırılmalı, paytaxtdan kənarda yerləşdirmə və turizm xidmətləri genişləndirilməli, yerli sahibkarlar dəstəklənməli, turizm sahəsində kadr hazırlığına investisiyalar artırılmalı, hava əlaqələri və beynəlxalq bazarlara çıxış imkanları daha da inkişaf etdirilməlidir.

Turizm təkcə ölkəyə daha çox turist cəlb etmək deyil, həm də yerli biznes üçün yeni imkanlar yaratmaq, investisiyaları təşviq etmək, xüsusilə qadınlar və gənclər üçün məşğulluğu artırmaq, iqtisadi artımın faydalarını regionlar arasında daha balanslı bölüşdürmək baxımından mühüm əhəmiyyət daşıyır".

Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid isə bildirib ki, 2021-ci ildə qəbul edilən "Turizm haqqında" Qanun sektorun inkişafına mühüm töhfə versə də, hazırkı mərhələdə onun təkmilləşdirilməsinə ehtiyac yaranıb:

"Bugünkü qiymətləndirməmiz ondan ibarətdir ki, son bir ildə baş verən proseslər fonunda qanunun yenilənməsi artıq zəruridir. Yeni qanun layihəsi hazırlanıb və hökumət daxilində müzakirəyə təqdim olunmağa hazırdır.

2018-ci ildən etibarən Azərbaycanda dayanıqlı və rəqabətqabiliyyətli turizm ekosisteminin formalaşdırılması istiqamətində ardıcıl islahatlar həyata keçirilir.
Bu çərçivədə yeni turizm qanunu, standartlaşdırma sistemi, hotellərin ulduz təsnifatı, hotel assosiasiyası və tur bələdçilərinin sertifikatlaşdırılması mexanizmləri yaradılıb".

Qeyd edək ki, ölkədə turizmin inkişafı prioritet olsa da, son illər ölkəyə turist səfərlərinin sayında artım əvəzinə azalma müşahidə edilir. Bu istiqamətdə müxtəlif təkliflər irəli sürülsə də, hələlik irəliləyiş müşahidə edilmir.

Bəs Dünya Bankının irəli sürdüyü təkliflərin reallaşması, ölkədə turizmin inkişafına təkan verəcəkmi? 

Məsələ ilə bağlı turizm üzrə ekspert Ceyhun Aşurov “Cebheinfo.az”-a bildirib ki, hazırda Azərbaycan özünü daha çox MICE turizm (İşgüzar tədbirlər) növünə, yəni tədbirlər, konqreslərə ev sahibliyi etməklə bu sahədə mövqe nümayiş etdirir:

“Xüsusən Bakı şəhərinin əsas turizm inkişaf istiqaməti bu sahə ilə bağlıdır. Ancaq regionlarda da ciddi turizm potensialı var. Bu baxımdan turizm məhsullarının çeşidlənməsinə, müxtəlif təkliflərin irəli sürülməsinə ehtiyac var.

Şaxələndirilmiş turizm modelinə keçid həm də təkliflərin artmasına səbəb olur. Ölkəyə gələn turist müxtəlif turizm məhsullarından da faydalana bilir. Bu baxımdan da Azərbaycanın əslində ciddi turizm potensialı var.

Bu bir reallıqdır ki, ölkəyə gələn turist sayı əslində öz potensialından qat-qat aşağıdır. Hətta 2016-cı ildə qəbul olunmuş turizmin inkişafı ilə bağlı “Strateji Yol Xəritəsi”ndə də müxtəlif illər üzrə daha çox tursitin cəlb olunması qeyd olunur və bu potensial hesablanmışdı.

Səslənən fikirlərdə də daha çox 5 milyona qədər əcnəbi turistin Azərbaycana gəlməsi real görünürdü. Bununla yanaşı müəyyən addımlar atılır, vizalar sadələşdirilir. Bəzi ölkələrlə qarşılıqlı vizalar ortadan götürülür.

Ölkəyə gəlmək istiqamətində vizalar ləğv olunur. Eyni zamanda biz ölkəyə gəlmənin özünü əlverişli hala gətirməliyik. Azərbaycanda mövcud olan 9 beynəlxalq hava limanlarından daha səmərəli istifadə olunması, əlverişli səyahət imkanları, müxtəlif hava nəqliyyatı şirkətləri ilə sıx əməkdaşlığa üstünlük verilməlidir. 

Bu halda biz deyə bilərik ki, regionda olan hava limanlarının səmərəli çalışması, turistlərin regionlar üzrə paylanmasına, daha çox turistin əlverişli şərtlərlə ölkəmizə gəlməsinə şərait yaradacaq”.    

İqtisadçı-ekspert Natiq Cəfərli isə bildirib ki, quru sərhərləri bağlı olan məmləkətimizdə bu günlərdə iqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması mövzusunda tədbir keçirilir:

“Artıq gülməlidir, deyilmi? Tədbirdə Dünya Bankının özəl sektor üzrə baş mütəxəssisi Şon Mann da iştirak edib və maraqlı açıqlamalar verib: “Lüks hotellər Azərbaycanın turizm potensialını tam reallaşdırmaq üçün kifayət etmir. Regionlarda yeni turizm marşrutlarının yaradılması, kiçik hotellərin, ailə tipli qonaq evlərinin, restoranların, bələdçi xidmətlərinin və digər turizm məhsullarının inkişafı turistlərin xərclərinin daha böyük hissəsinin yerli iqtisadiyyata yönəlməsinə imkan verəcək”.

Bu mövzuda çox danışmışam, 12 may, 2020-ci ildə, yəni 6 il əvvəl bildirmişəm ki, çox yüksək səviyyəli otellər həddindən artıq bahadır. Daxili turizmdə alıcılıq qabiliyyətinin də indiki dövrdə ümumiyyətlə, aşağı düşdüyünü nəzərə alsaq, bahalı otellər zəncirinə, bahalı dincəlmə məkanlarına gedənlərin sayının məhdud olacağını düşünürəm.

"Home hotel" tipli konsepsiyanın inkişaf etdirilməsi üçün yaxşı fürsət yaranıb. Regionlarda, əsasən də təbiəti gözəl olan regionlarda ev şəraitində kiçik otellərin açılması ya da açılmış otellərin işlədilməsi üçün fürsətlər yarana bilər.

Qiymətlərin münasib olduğu şəraitdə ora yay aylarında, əsasən də, iyul-avqust aylarında insanların Bakıda çox isti olan zaman getməsi mümkündür. Belə cəlbedici təkliflər olsa kifayət qədər çoxlu sayda insanlar istifadə edə bilər. Bu tipli otellərə, ciddi vergi güzəştləri tətbiq edilməlidir.

Bu da kiçik otelçilikdə stimullaşdırmaya səbəb ola bilər və eyni zamanda qonaqlama evlərinin artması sahəsində də, daxili turizm sahəsində canlanmaya səbəb ola bilər. 2020-ci ildən öncə də eyni fikirləri demişik, 6 il əvvəl dediklərimizi indi bir ətək pul verib dəvət etdiyiniz Şon Mann da deyir, onun sözlərini manşetə çıxarırsınız, dəyər verirsiniz”.

 

Nigar Abdullayeva
“Cebheinfo.az”