Rəqəmsal sektorda daha sürətli nəticələr əldə ediləcək
"Son vaxtlar, xüsusilə də Rəqəmsal İnkişaf Şurasının ilk toplantısından sonra ölkənin rəqəmsal sektorunda müəyyən canlanma müşahidə olunur.
İRİA ilə keçirilən görüşlər, rəqəmsal müavinlərlə təşkil olunan müzakirələr, ekspert müzakirələri və ictimai dinləmələr göstərir ki, artıq yalnız strategiyaların hazırlanması deyil, onların icrası mərhələsinə keçid prosesi başlayıb".
"Cebheinfo.az" xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, bu baxımdan, ötən gün Rəqəmsal İnkişaf Şurasının Katibliyi funksiyasını həyata keçirən RİNN-in təşkil etdiyi ictimai dinləmə də faydalı təşəbbüs olub:
"Tədbirdə 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Fəaliyyət Planının prioritetləri, görülmüş ilkin işlər, İT və innovasiya sektorun inkişafına təkan verə biləcək qanunvericilik islahatları və qarşıdakı addımlar təqdim edildi.
Bildirildi ki, Fəaliyyət Planında rəqəmsallaşma, süni intellekt, innovasiya istiqamətlərini əhatə edən 58 təşəbbüs nəzərdə tutulur və onlardan 18-i cari il üçün prioritet kimi müəyyənləşdirilib.
Düşünürəm ki, belə ictimai dinləmələrin keçirilməsi olduqca vacibdir. Bu görüşlər bir tərəfdən dövlət qurumlarının görülən işlər barədə ictimaiyyəti məlumatlandırmasına, digər tərəfdən isə ekspertlərin, biznesin, startapların və vətəndaş cəmiyyətinin təkliflərinin dinlənilməsinə imkan yaradır”.
O. Gündüz qeyd edib ki, prosesin müəyyən riskləri də var: "Son illərdə bu sahədə bəzi qərarların və razılaşmaların uzanması göstərir ki, ən böyük risk qəbul olunmuş strategiya və fəaliyyət planlarının icra tempinin gözləniləndən aşağı olmasıdır.
Halbuki rəqəmsal texnologiyalar, xüsusilə də süni intellekt sahəsi dünyada və regionumuzda çox sürətlə inkişaf edir. Qonşu ölkələrin də “yatmadığı”, rəqəmsal rəqabət qabiliyyətlərini sürətlə artırdığı müşahidə olunur. Belə şəraitdə ölkəmizdə qərarların və qanunvericilik islahatlarının gecikməsi onların aktuallığını və təsirini azalda bilər.
Digər vacib məsələ əlbəttə koordinasiyadır. Sirr deyil ki , bəzən qurumlarası qısqanclıqlar, səlahiyyət çəkişmələri və büdcə vəsaitlərin qeyri-effektiv istifadə müəyyən problemlər yaradırdı. Nazirliklər, dövlət qurumları, universitetlər, akademik sektor, biznes, startaplar, investorlar və vətəndaş cəmiyyəti vahid məqsəd ətrafında koordinasiyalı fəaliyyət göstərməlidirlər.
Əks halda paralel təşəbbüslər, resurs itkiləri və təkrarlanan layihələr qaçılmaz olacaq. İnanıram ki, strateji koordinasiya funksiyasını həyata keçirən, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurası bu istiqamətdə qısa müddətdə ciddi nəticələrin əldə olunmasına mühüm töhfə verəcək.
Şuranın Katibliyi tərəfindən belə ictimai dinləmələrin təşkili təqdirəlayiq addımdır. Əgər son aylarda müşahidə olunan bu dinamika qorunub saxlanılarsa və qəbul edilmiş fəaliyyət planları vaxtında icra olunarsa, ölkədə rəqəmsal sektorda qarşıdakı illərdə daha sürətli nəticələr əldə etmək mümkün olacaq".
Gülər
"Cebheinfo.az"

