NATO Zirvəsində tarixi addım
Ankarada keçirilən NATO Liderlər Zirvəsində müdafiə sənayesinin maliyyələşdirilməsi baxımından mühüm addım atılıb.
Türkiyə ilə yanaşı, Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya və Ukrayna Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılması ilə bağlı birgə niyyət bəyannaməsi imzalayıblar.
“Cebheinfo.az” "haberler.com"-a istinadən xəbər verir ki, Kanada Baş Nazirliyinin yaydığı açıqlamada bu barədə bildirilib.
Liderlər Ankaradakı NATO Zirvəsində bir araya gələrək bankın yaradılması istiqamətində ortaq iradələrini ortaya qoyublar. Qeyd olunub ki, yeni maliyyə institutunun 2027-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Yeni bankın əsas məqsədi müdafiə, təhlükəsizlik və dayanıqlılıq sahələrində həyata keçirilən layihələrin uzunmüddətli və aşağı maliyyətli maliyyələşdirilməsini təmin etməkdir. Kanada Maliyyə Nazirliyinin məlumatına görə, bank üzv ölkələrin hökumətlərinə, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinə müdafiə tədarük zəncirində mövcud olan maliyyə boşluqlarının aradan qaldırılmasına dəstək verəcək.
Bəyanatda vurğulanıb ki, DSRB güclü kredit bazası hesabına kapitala çıxışı genişləndirəcək, maliyyələşmə xərclərini azaldacaq və üzv ölkələrdə müdafiə sənayesinin istehsal potensialının artırılmasına töhfə verəcək.
Kanada daha əvvəl bankın gələcək qərargahına ev sahibliyi edəcəyini açıqlamışdı. "Associated Press" agentliyinin məlumatına görə, qurumun əsas məqsədi NATO üzvləri və tərəfdaş ölkələrin müdafiə xərcləri üzrə öhdəliklərini yerinə yetirməsinə kömək etmək, eyni zamanda kredit imkanlarını birləşdirərək hərbi xərclərin maliyyələşdirilməsi üçün borclanma dəyərini azaltmaqdır.
DSRB-nin rəsmi təqdimatında qeyd olunub ki, bank müttəfiqlərin müdafiə imkanlarını gücləndirməklə yanaşı, dövlət büdcələrinə əlavə yük yaratmadan uzunmüddətli maliyyə dəstəyi təqdim edəcək. Həmçinin müdafiə sənayesi ilə əlaqəli şirkətlərin kommersiya banklarından kredit əldə etməsini asanlaşdıracaq zəmanət mexanizmlərinin yaradılması da nəzərdə tutulur.
Aişə Abdulova
“Cebheinfo.az”

