İçərişəhərdə ödənişli keçid sistemi narazılığa səbəb oldu: Rəsmi qurum məsələyə aydınlıq gətirdi - VİDEO

İçərişəhərdə ödənişli keçid sistemi narazılığa səbəb oldu: Rəsmi qurum məsələyə aydınlıq gətirdi - VİDEO

İçərişəhərə giriş-çıxışda tətbiq olunan ödənişli keçid sistemi bəzi vətəndaşların narazılığına səbəb olub.

Oxu.Az xəbər verir ki, İçərişəhərdə yaşayan sakinlərə xidmət göstərmək məqsədilə əraziyə daxil olan nəqliyyat vasitələri ərazidə qaldıqları müddətə uyğun ödəniş etməlidirlər.

Məlumata görə, ödəniş həyata keçirilmədiyi təqdirdə nəqliyyat vasitəsinin əraziyə girişinə icazə verilmir.

Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sakinlərin məişət ehtiyaclarının qarşılanması məqsədilə yük avtomobilləri və digər xidmət nəqliyyat vasitələri də sakinin əvvəlcədən etdiyi müraciət əsasında 30 dəqiqəyədək ödənişsiz şəkildə əraziyə daxil ola bilir:

"İçərişəhər dövlət tərəfindən qorunan unikal tarixi-mədəni irs məkanıdır. Qoruq ərazisində tətbiq olunan giriş-çıxış sistemi tarixi mühitin qorunması, piyadaların təhlükəsizliyinin təmin edilməsi, sakinlərin rahatlığının artırılması və nəqliyyat axınının səmərəli idarə olunması məqsədilə fəaliyyət göstərir.

Bu sistem, eyni zamanda, İçərişəhərdə həyata keçirilən "Smart Heritage" (Ağıllı İrs) konsepsiyasının mühüm tərkib hissəsidir. Konsepsiya tarixi irsin müasir texnologiyalar vasitəsilə qorunmasını, ziyarətçi və nəqliyyat axınının ağıllı idarə edilməsini, eləcə də qoruğun dayanıqlı inkişafını hədəfləyir.

Məhz bu yanaşma çərçivəsində qoruq ərazisində eyni vaxtda maksimum 300 avtomobilin olması limiti müəyyən edilib. Bu limit şlaqbaum sistemi vasitəsilə avtomatik tənzimlənir və müəyyən edilmiş say həddinə çatdıqda ödənişli giriş müvəqqəti dayandırılır. Avtomobillərdən biri ərazini tərk etdikdən sonra növbəti nəqliyyat vasitəsinin girişinə icazə verilir.

Qüvvədə olan qaydalara əsasən, hər bir sakinə məxsus iki nəqliyyat vasitəsinin qoruq ərazisinə girişi ödənişsiz təmin edilir. Bununla yanaşı, sakinlərin məişət ehtiyaclarının qarşılanması məqsədilə yük avtomobilləri və digər xidmət nəqliyyat vasitələri də sakinin əvvəlcədən etdiyi müraciət əsasında 30 dəqiqəyədək ödənişsiz şəkildə əraziyə daxil ola bilir.

Ödənişsiz giriş imkanından yalnız təyinatı üzrə istifadə olunmasını təmin etmək məqsədilə bu cür nəqliyyat vasitələri üçün əvvəlcədən idarəyə müraciət edilməsi tələb olunur. Əvvəlcədən müraciət edilmədiyi hallarda isə qoruq ərazisinə giriş qüvvədə olan tariflərə uyğun həyata keçirilir.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tarixi irsin qorunması ilə şəhər həyatının tələbləri arasında balansın təmin olunmasını əsas prioritetlərdən biri hesab edir və bu istiqamətdə müasir, ağıllı idarəetmə həllərinin ardıcıl şəkildə tətbiq olunmasına davam edir".

"Cebheinfo.az"