ASAN xidmətdə təcrübəçi səhvi: Vətəndaşı 275 manat ziyana saldı
Elvin Əlişzadə adlı vəətndaş dövlətimizin vətəndaşlara xidmət sahəsində ən güvənilən qurumlarından biri olan ASAN xidmət ilə bağlı yaşadığı ciddi bir problemi ictimailəşdirib.
“Cebheinfo.az” xəbər verir ki, o, Almaniya Federativ Respublikasına təqdim ediləcək rəsmi sənədlərin tərcüməsi, təsdiqi və apostil proseduru ilə bağlı 1 saylı Sumqayıt ASAN xidmət mərkəzinə müraciət edib:
“Müraciət zamanı prosesdə iştirak edən şəxslər tərəfindən bizə sənədlərin rəsmiləşdirilməsi ardıcıllığı ilə bağlı məlumat verildi. Bildirildi ki, əvvəlcə sənədlərin tərcüməsi və təsdiqi həyata keçirilməli, daha sonra isə Bakı şəhərində apostil olunmalıdır.
Bu məlumata dövlət xidmətinin əməkdaşları tərəfindən verildiyi üçün güvəndik və həmin qaydada hərəkət etdik. Sənədlərimizi tərcümə etdirib təsdiqlətdik və bunun üçün 275 manat məbləğində xərc çəkdik.
Lakin sənədləri Bakı şəhərində apostil üçün təqdim etdikdə məlum oldu ki, prosedur ardıcıllığı fərqli olmalıdır- əvvəlcə sənədlər apostil olunmalı, daha sonra isə tərcümə və təsdiq prosesi aparılmalıdır.
Nəticədə bizə təqdim edilən məlumat əsasında etdiyimiz prosedur qəbul edilmədi və çəkdiyimiz xərc maddi zərərə çevrildi”.
O, məsələ ilə bağlı prosesdə iştirak edən şəxslərin də adını sadalayıb:
“Əhmədova Yeganə Taleh qızı (təcrübəçi), Şiriyeva Jalə Tahir qızı, “Pro Translate” şirkətinin rəhbəri Nigar Bağırovna.
Yaranmış vəziyyətlə bağlı müraciət etdikdə isə məsələ ilə əlaqədar araşdırma aparıldığı bildirildi. Lakin hesab edirik ki, vətəndaş dövlət xidmətindən istifadə edərkən aldığı rəsmi məlumatın düzgünlüyünə güvənir və həmin məlumat nəticəsində yaranan maddi zərər diqqətlə araşdırılmalıdır. Dövlət xidməti zamanı verilmiş yanlış məlumat nəticəsində vətəndaşın çəkdiyi maddi zərərə kim məsuliyyət daşıyır?
Vətəndaşın düzgün məlumatlandırılması və yaranmış 275 manatlıq maddi zərərin aradan qaldırılması üçün hansı tədbirlər görüləcək?”
Şikayətçi məsələnin obyektiv araşdırılmasını, prosesdə iştirak edən şəxslərin fəaliyyətinə qiymət verilməsini və dəymiş 275 manat maddi zərərin ödənilməsi məsələsinə baxılmasını tələb edib.
Xəzər
“Cebheinfo.az”

