İsraildə Trampın qoşunların Livandan çıxarılması ilə bağlı bəyanatları təkzib edilib

İsraildə Trampın qoşunların Livandan çıxarılması ilə bağlı bəyanatları təkzib edilib

İsrailin müdafiə naziri İsrail Kats ABŞ Prezidenti Donald Trampın İsrail qoşunlarının Livandan mümkün çıxarılması ilə bağlı bəyanatını təkzib edib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

"Biz Livana daxil olmaq üçün heç kimdən icazə istəməmişik və orada qalmaq üçün icazəyə ehtiyacımız yoxdur", - İ.Kats bildirib.

Onun sözlərinə görə, İsrail qüvvələrinin Livanda mövcudluğu Qalileya sakinlərini və İsrail vətəndaşlarını "Hizbullah" qruplaşmasının təhdidlərindən qorumaq üçün zəruridir.

Nazir vurğulayıb ki, "Hizbullah" tamamilə tərksilah edilməyənə və İsrailin şimal rayonlarının sakinləri üçün təhlükə aradan qalxmayana qədər İsrail Livan ərazisində öz mövcudluğunu saxlamağa və zərurət olduqda orada əməliyyatlar keçirməyə davam edəcək.

Bir gün öncə Donald Tramp bildirib ki, İsrail qoşunlarını Livandan çıxarmaq niyyətindədir. ABŞ Prezidentinin sözlərinə görə, bu məsələ İsrailin Baş naziri Benyamin Netanyahu ilə müzakirə edilib. Onun qiymətləndirməsinə əsasən, İsrail və Livan arasındakı münasibətlər isə yaxşılaşır.

"Cebheinfo.az"