Sosial şəbəkədə təhqir və böhtan yazanları bu cəza verilir – Hüquqşünas açıqladı

Sosial şəbəkədə təhqir və böhtan yazanları bu cəza verilir – Hüquqşünas açıqladı

Son illər sosial şəbəkələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. 

Milyonlarla insan bu platformalarda fikir bildirir, məlumat paylaşır və müxtəlif mövzularda müzakirələr aparır. Lakin virtual məkanda ünsiyyət imkanlarının genişlənməsi ilə yanaşı, təhqir, böhtan, şəxsi həyata müdaxilə və insanların şərəf və ləyaqətini hədəf alan paylaşımların sayı da artıb. 

Xüsusilə anonim və ya saxta hesablar vasitəsilə edilən təhqiramiz paylaşımlar cəmiyyətdə narahatlıq doğurur, zərərçəkən şəxslərin hüquqlarının necə qorunacağı ilə bağlı suallar yaradır. 

Bir çox hallarda istifadəçilər sosial şəbəkələrdə yazılan ifadələrin hüquqi məsuliyyət yaratmadığını düşünsələr də, qanunvericilik şəxsin şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qorunması üçün müxtəlif hüquqi mexanizmlər nəzərdə tutur. 

Hüquqları pozulan şəxslərin məhkəməyə müraciət etmək, dəymiş ziyanın ödənilməsini istəmək və təqsirkarın məsuliyyətə cəlb olunmasına nail olmaq imkanları var. Bəs anonim və ya saxta hesabdan edilən təhqir və böhtan hallarında həmin şəxsi müəyyən edib məsuliyyətə cəlb etmək nə dərəcədə mümkündür? 

Hüquqşünas Rəhim Xoyski “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan qanunvericiliyi sosial şəbəkədə təhqir və böhtana görə həm cinayət, həm də mülki-hüquqi məsuliyyət nəzərdə tutur: 

“Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən, böhtan yalan olduğunu bilə-bilə şəxsin şərəf və ləyaqətini ləkələyən məlumatları kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında (sosial şəbəkələrdə) yayma 1000–1500 manat cərimə, 240–480 saat ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma isə 3 ilədək azadlıqdan məhrumetməyədək cəza nəzərdə tutur. 

148-ci maddə (təhqir) üzrə şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə 1000–1500 manat cərimə və ya 6 ayadək azadlıqdan məhrumetmə tətbiq oluna bilər. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə görəsə 1000–2000 manat cərimə, 360–480 saat ictimai işlər, 2 ilədək islah işləri və ya 1 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əməlin cinayət sayılması üçün təhqir və böhtan xarakterli məlumat kütləvi formada, yəni ən azı iki kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi şəkildə yayılmalıdır. Şəxsi mesajla göndərilən təhqir bu maddələrin əhatəsinə düşmür”. 

Mülki Məcəllənin 23-cü maddəsinə əsasən şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsini, paylaşımın silinməsini, vurulmuş maddi və mənəvi ziyanın pul formasında əvəzinin ödənilməsini məhkəmə qaydasında tələb etmək olar: “Cinayət işi qaldırılmasa belə, mülki iddia müstəqil yol kimi mövcuddur. 

Zərərçəkənin atmalı olduğu addımlardan birincisi sübutların dərhal toplanmasıdır, çünki paylaşım istənilən an silinə bilər. Bunlara daxildir: paylaşımın tam ekran görüntüsü (tarix, saat, hesab adı və link görünməklə), paylaşımın URL-i, video-yazı (ekran qeydiyyatı), şərhlər və paylaşım statistikası. Ən etibarlı üsul internet səhifəsinin məzmununun notarius tərəfindən təsdiqlənməsidir. 

Notariat qaydasında sübutların təmin edilməsi məhkəmədə mübahisələndirilməsi çətin olan sübut yaradır. Sonrakı addımlar isə 147 və 148-ci maddələr üzrə zərərçəkmiş xüsusi ittiham qaydasında birbaşa məhkəməyə şikayət verə bilər. 148-1-ci maddə (saxta hesablar) üzrə isə iş prokurorluq orqanları tərəfindən istintaq edilir, yəni bu halda polisə və ya prokurorluğa ərizə verilməlidir. 

Paralel olaraq mülki qaydada təkzib və mənəvi ziyan iddiası qaldırıla bilər. İfadələrin təhqir xarakterli olub-olmaması mübahisəli olduqda məhkəmə-linqvistik ekspertiza təyin edilməsi mümkündür. Bundan əlavə, platformanın özünə (“Facebook”, “Instagram”, “TikTok”) şikayət edərək paylaşımın silinməsi də praktik müdafiə vasitəsidir. 

Hüquqi baxımdan anonimlik məsuliyyətdən azad etmir. Əksinə saxta hesabdan istifadə 148-1-ci maddə üzrə daha ağır cəza nəzərdə tutan müstəqil cinayət tərkibidir. Şəxsin müəyyənləşdirilməsi üçün Cinayət Prosessual Məcəlləsi əsasında məhkəmə qərarı ilə rabitə və texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti aparıla, IP və data ünvanı əldə edilə, ekspert və mütəxəssislər cəlb edilməklə şəxsin yeri müəyyən edilə bilər. 

Praktikada isə vəziyyət qarışıqdır. Hesab yerli operatorlar üzərindən istifadə olunubsa və IP məlumatları əldə edilə bilirsə, şəxsin müəyyənləşdirilməsi tamamilə realdır və belə işlər üzrə məhkumluq halları mövcuddur”. Hüquqşünas qeyd edir ki, çətinlik xarici platformaların (“Meta”, “TikTok” və s.) istifadəçi məlumatlarını yalnız beynəlxalq hüquqi yardım qaydasında və məhdud hallarda təqdim etməsindədir. Bu, prosesi uzadır və bəzən nəticəsiz qoyur. VPN istifadəsi də identifikasiyanı çətinləşdirir. 

Aişə Abdulova 
“Cebheinfo.az