Müharibəni kim başladır?
"ABŞ ilə İran arasında sülh sazişi imzalanmayana qədər bu cür qarşıdurmaların davam edəcək. Bu qarşıdurmaların baş verməsinin əsas səbəblərindən biri Tehran hakimiyyəti daxilində mövcud olan fikir ayrılıqlarıdır”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan ABŞ və İran münaqişəsinin yenidən kəskinləşməsini şərh edərkən deyib.

O qeyd edib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında gəmilərin vurulmasının əsas günahkarıdır:
“Əldə olunan razılaşmanı ilk pozan tərəfin, mövcud məlumatlara əsasən, İran olduğu görünür. Səudiyyə Ərəbistanı və Oman İranı neft daşıyan gəmilərə hücumlarda ittiham edib.
ABŞ isə həm müttəfiqlərinin təhlükəsizliyini təmin etmək, həm də Hörmüz boğazına nəzarət etdiyini nümayiş etdirmək üçün analoji addımlar atır. Bu məqsədilə regionda, xüsusilə də körfəz ətrafında yerləşən İranın hərbi obyektlərinə zərbələr endirir.
İran hakimiyyəti isə öz növbəsində Bəhreyn, Küveyt və Qətərdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirdiyini bildirir. Bütün hallarda tərəflər arasında qarşılıqlı şəkildə atəşkəsin pozulması prosesi başlayıb. Bununla belə ilk növbədə pozulma İran tərəfindən olub”.
Politoloq əlavə edib ki, İranın bu addımlarının səbəbləri və hadisələrin gələcək inkişafı ilə bağlı bir neçə ehtimal irəli sürmək olar:
“Belə ki, İranın bu addımlarının əsas səbəblərindən biri Tehran hakimiyyəti daxilində mövcud olduğu iddia edilən ciddi fikir ayrılıqları ola bilər.
Rəsmi Tehran bu addımlarla həm region ölkələrinə, həm də beynəlxalq ictimaiyyətə hələ də güclü olduğunu və mübarizə əzmini itirmədiyini nümayiş etdirməyə çalışır.
Eyni zamanda, İranın proksi qüvvələrə dəstəyini davam etdirdiyini göstərmək və onların döyüş ruhunu yüksək saxlamaq niyyəti də bu siyasətin motivlərindən biri kimi qiymətləndirilə bilər. Əldə olunmuş razılaşmanın Tehranı qane etməyən müddəalarının icrası ilə bağlı ABŞ-yə təzyiq göstərmək istədiyi də ehtimal etmək olar.
Bundan başqa, İranın Çin və Rusiya kimi strateji tərəfdaşlarının siyasi dəstəyinə arxalanaraq Vaşinqtona qarşı daha sərt mövqe nümayiş etdirməyə çalışdığı da istisna edilmir. Digər ehtimala görə isə Tehran ABŞ-yə İrana qarşı atılan heç bir hərbi və ya siyasi addımın cavabsız qalmayacağı mesajını verməyə çalışır. O, həyata keçirdiyi əməliyyatları Vaşinqtonun siyasətinə cavab kimi təqdim edir”.
Sədrəddin Soltan vurğulayıb ki, ABŞ-nin İrana qarşı irəli sürdüyü şərtlərin icrası istiqamətində atdığı addımlar bir neçə əsas mesajı özündə ehtiva edir:
“İlk növbədə, Vaşinqton göstərmək istəyir ki, Hörmüz boğazı yalnız İrana məxsus strateji məkan və bu boğaza nəzarət təkcə Tehranın səlahiyyətində deyil.
Eyni zamanda, İran hakimiyyətinin regionda atacağı istənilən təxribatçı və ya təcavüzkar addımın cavabsız qalmayacağı mesajı verilir.ABŞ bununla yanaşı, Tehran hakimiyyətindən atəşkəsə və əldə olunmuş razılaşmalara ciddi şəkildə əməl etməsini, sülh sazişi üzrə danışıqların sürətləndirilməsini, yekun razılaşmanın əldə olunması üçün konstruktiv mövqe nümayiş etdirməsini tələb edir.
Bundan başqa, İran daxilində danışıqlar prosesinə qarşı çıxan və gərginliyi artırmağa çalışan qüvvələrin zərərsizləşdirilməsi və ya məsuliyyətə cəlb olunması da Vaşinqtonun əsas gözləntilərindən biri kimi qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, ABŞ-İran qarşıdurmasının arxasında neft amili də ola bilər:
“Burada diqqətdən kənarda qalan, lakin kifayət qədər real görünən başqa bir ehtimal da mövcuddur.Belə ki, İranla ABŞ arasında münasibətlərin normallaşması və tərəflərin atəşkəsə əməl etdiyi dövrdə dünya bazarında neftin qiyməti sürətlə ucuzlaşmağa başlamışdı.
Ehtimal etmək olar ki, bu qarşıdurma həm də görünməyən əllərin neft qiymətlərinin bahalaşması üçün göstərdikləri səylərdəndir. Həmin hadisədən sonra dünya bazarında "qara qızıl"ın qiyməti bahalaşıb”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"

