Kipr qarşıdurması: Türkiyədən Avropaya ETİRAZ

Kipr qarşıdurması: Türkiyədən Avropaya ETİRAZ

Xəbər verdiyimiz kimi, Avropa Parlamentinin (AP) Baş Assambleyasında 2026-cı ilin iyul ayında Kiprlə bağlı qəbul edilən qərar müzakirələrə səbəb olub.

Qərarda Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Kipr adasından dərhal və tam şəkildə çıxarılması tələb edilib. Türkiyənin adanın şimalındakı hərbi mövcudluğu isə "qanunsuz" kimi qiymətləndirilib.

Sənəddə Türkiyə Silahlı Qüvvələrinin adadan çıxarılması tələb olunur. Eyni zamanda, keçmiş hərbi əməliyyatlar və sonrakı dövrdə qadın və uşaqların hüquqlarının pozulduğu iddialarına yer verilib. 

Qərarda Türkiyənin beynəlxalq hüquq çərçivəsində zərərçəkənlərə təzminat ödəməli olduğu da irəli sürülür.Qərar Avropa Parlamentində keçirilən səsvermə zamanı 575 deputatın lehinə, 33 deputatın əleyhinə, 43 deputatın isə bitərəf səsi ilə qəbul edilib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama yayaraq Avropa Parlamentində qəbul edilən və Türk Silahlı Qüvvələrinə qarşı əsassız və məntiqə zidd iddiaları əks etdirən qərarın hüquqi baxımdan heç bir qüvvəsinin olmadığını bəyan edib.

Nazirlik bildirib ki, Şimali Kipr Türk Respublikası Xarici İşlər Nazirliyinin qərarla bağlı yaydığı açıqlama tam dəstəklənir. Açıqlamada qeyd olunub ki, "alçaq böhtanlar ehtiva edən bu qərar" Avropa İttifaqının, xüsusilə də Avropa Parlamentinin Kipr məsələsinə münasibətdə müəyyən dairələrin təsiri altında sərgilədiyi qərəzli və təhrif olunmuş yanaşmanın son nümunəsidir.

Türkiyə Xarici İşlər Nazirliyi, həmçinin Avropa İttifaqı institutlarının Kipr məsələsinə münasibətdə tarixi reallıqlardan və tərəfsizlik prinsipindən getdikcə uzaqlaşan mövqe nümayiş etdirməsinin narahatlıq doğurduğunu bildirib.

Gülər
"Cebheinfo.az