“Paşinyanın geosiyasi kursu Türkiyədən keçir”- İDDİA

“Paşinyanın geosiyasi kursu Türkiyədən keçir”- İDDİA

“Vovan və Leksusun (Vovan (əsl adı Vladimir Kuznetsov) və Lexus (əsl adı Aleksey Stolyarov) tanınmış rus komediyaçılarıdır. 

Onlar müxtəlif dünya liderlərini, siyasətçiləri və məşhur şəxsləri təqlid edirlər. Zelenski, Makron, Meloni onların zarafatlarının obyekti olub. Komediyaçılar liderlərə zəng edir, başqa liderləri parodiya edir və siyasi qalmaqallara səbəb olurlar-red.) zarafatı göstərdi ki, hazırkı Ermənistan hakimiyyətinin geosiyasi kursu Türkiyədən keçir”. 

“Cebheinfo.az”-ın məlumatına görə, “Güclü Ermənistan” Partiyası Şurasının üzvü Narek Karapetyan belə deyib. Paşinyan özü zarafatı şərh edərkən söhbətin məzmununu qiymətləndirməkdən yayınıb və Ermənistan cəmiyyətinin ATƏT rəhbərinin milliyyətinə həddindən artıq diqqət yetirdiyini bildirib. 

“Sinirlioğlu Türkiyənin xarici işlər naziri olub. O, dəfələrlə ermənipərəst qətnamələrə qarşı çıxıb və antierməni təşəbbüslərini dəstəkləyib. Təsəvvür edin ki, Türkiyə rəsmiləri erməni katolikosunun dəyişdirilməsi məsələsini müzakirə etməyə icazə verirlərsə, biz nə qədər “müstəqil” oluruq”,-deyə Karapetyan əlavə edib. 

Onun sözlərinə görə, hazırkı Ermənistan hakimiyyətindən fərqli olaraq, türk siyasətçiləri həmişə milli maraqları rəhbər tutur və Ermənistana öz dövlət məqsədləri prizmasından baxırlar. “Hakimiyyətin seçdiyi geosiyasi kursun Türkiyədən keçdiyini xalqın anlaması üçün başqa nə baş verməlidir?”-deyə müxalifət nümayəndəsi sual edib. 

Xatırladaq ki, özlərini Ermənistanın Baş naziri Nikol Paşinyan kimi təqdim edən rusiyalı parodiyaçılar Vovan və Leksus bu yaxınlarda ATƏT-in Baş katibi Firidun Sinirlioğlu ilə telefonla danışıblar. Ogörüntülərə inansaq, o, Ermənistanın Baş naziri ilə danışdığına inanaraq, bütün ermənilərin katolikosu II Qareginin vəzifədən kənarlaşdırılmasına kömək etməyə hazır olduğunu bildirib və iş adamı Samvel Karapetyanla qarşıdurmada Paşinyana dəstəyini ifadə edib. 

Müşfiq Abdulla 
“Cebheinfo,az”