Media və qlobal sülhün Şuşa platforması

Media və qlobal sülhün Şuşa platforması

İnformasiya üzərində nəzarətin geosiyasi təsir alətlərindən birinə çevrildiyi müasir dövrdə medianın üzərinə düşən məsuliyyət heç vaxt indiki qədər böyük olmayıb. 

Rəqəmsal platformaların sərhədləri aradan qaldırdığı, süni intellektin informasiya istehsalına yeni imkanlar yaratdığı, eyni zamanda dezinformasiyanın sürətlə yayıldığı bir şəraitdə həqiqətin müdafiəsi qlobal təhlükəsizlik məsələsinə çevrilir. 

Məhz bu baxımdan iyulun 13-14-də keçiriləcək IV Şuşa Qlobal Media Forumunun “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusu dövrün çağırışları ilə səsləşən mühüm beynəlxalq platforma kimi diqqət çəkir.

Artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumu Azərbaycanın təşəbbüsü ilə formalaşan nüfuzlu dialoq platformasıdır. Burada müzakirə olunan məsələlər təkcə peşəkar jurnalistikanın problemləri ilə məhdudlaşmır, informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya, media etikası və beynəlxalq əməkdaşlıq kimi qlobal gündəliyin əsas istiqamətlərini əhatə edir. 

Forumun Şuşada keçirilməsi isə rəmzi məna daşıyır. Uzun illər işğal altında qalan, bu gün isə bərpa və inkişaf mərhələsini yaşayan şəhər artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də həqiqətin beynəlxalq auditoriyaya çatdırıldığı fikir platformasına çevrilib.

Prezident İlham Əliyev əvvəlki Şuşa Qlobal Media forumlarındakı çıxışlarında dəfələrlə vurğulayıb ki, müasir dövrdə informasiya manipulyasiyası beynəlxalq münasibətlərə təsir göstərən əsas amillərdən biridir. 

Azərbaycan da uzun illər ərzində qərəzli informasiya kampaniyaları, ikili standartlar və saxta iddialarla üzləşib. Lakin post-münaqişə dövründə ölkənin həyata keçirdiyi açıq informasiya siyasəti, beynəlxalq media nümayəndələrinin azad edilmiş ərazilərə səfərləri və faktlara əsaslanan yanaşma reallıqların obyektiv təqdim olunmasına yeni imkan yaradıb.

Bu gün azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri, “Böyük Qayıdış” proqramı, müasir infrastrukturun yaradılması, yaşıl enerji zonalarının formalaşdırılması və regional kommunikasiyaların açılması istiqamətində görülən işlər Azərbaycanın uzunmüddətli sülh və inkişaf strategiyasının tərkib hissəsidir. 

Bu proseslərin beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması isə dezinformasiyanın qarşısının alınması baxımından xüsusi əhəmiyyət daşıyır. Süni intellektin sürətlə inkişaf etdiyi, “deepfake” texnologiyalarının informasiya məkanında yeni risklər yaratdığı indiki mərhələdə peşəkar jurnalistikanın prinsiplərinə sadiqlik daha da aktuallaşır. 

Etibarlı mənbəyə istinad, faktın dəqiq yoxlanılması, informasiyanın qərəzsiz təqdimatı və etik məsuliyyət medianın nüfuzunu müəyyən edən əsas meyarlardır. Bu baxımdan Şuşa Qlobal Media Forumu yalnız fikir mübadiləsi platforması deyil, həm də qlobal informasiya mühitində etimadın möhkəmləndirilməsinə xidmət edən beynəlxalq təşəbbüsdür.

Azərbaycanın təşəbbüsü ilə keçirilən Forum bir daha nümayiş etdirir ki, davamlı sülhün möhkəm təməli hərbi və siyasi amillərlə yanaşı, obyektiv informasiya mühitindən də keçir. 

Həqiqətin qorunduğu, etimadın bərpa olunduğu informasiya məkanı isə yalnız media üçün deyil, bütövlükdə beynəlxalq əməkdaşlıq və sabit inkişaf üçün strateji əhəmiyyət daşıyır. Bu gün Şuşadan dünyaya ünvanlanan əsas mesaj da məhz budur: həqiqət etimad yaradır, etimad isə dayanıqlı sülhün ən etibarlı təminatıdır.

Azər Niftiyev

"Cebheinfo.az"