ABŞ İranı vurmadığını deyir: Atan kim imiş?

ABŞ İranı vurmadığını deyir: Atan kim imiş?

ABŞ ordusu İranın cənubunda gecə saatlarında baş verən hava hücumlarında iştirak etmədiyini bildirib. 

İranın cənub şəhərlərini hədəf alan zərbələrin iki fərqli ölkə tərəfindən həyata keçirildiyi iddia olunur. 

“Cebheinfo.az” xəbər verir ki, “Al Jazeera” telekanalına açıqlama verən ABŞ rəsmiləri hücumlara görə məsuliyyət daşımadıqlarını bildiriblər. Hava zərbələrinin Kuveyt və Bəhreyn tərəfindən həyata keçirilmiş ola biləcəyi ehtimal edilir. 

İran dövlət mediası Buşəhr əyalətində yerləşən hərbi qərargahın və Konarak liman şəhərinin hədəf alındığını açıqlayıb. Hücumların təfərrüatları ilə bağlı hələlik rəsmi məlumat verilməsə də, bölgədə gərginliyin artdığı müşahidə olunur. 

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Konarak şəhərində İran Ordusunun Hərbi Dəniz Qüvvələrinə məxsus ərazidə iki partlayış baş verdiyi və döyüş təyyarələrinin bölgəyə zərbələr endirdiyi bildirilib. 

İranın rəsmi IRNA agentliyinin məlumatına görə, Konarak şəhərinin rəhbəri Məhəmməd Yunus Həqqani hücum nəticəsində hərbi obyektə ziyan dəydiyini, hazırda dəymiş zərərin qiymətləndirildiyini bildirib. Həqqani hücumu həyata keçirən döyüş təyyarələrinin hansı ölkəyə məxsus olması ilə bağlı isə məlumat verməyib. 

Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampın İran rəhbərliyi barədə səsləndirdiyi sərt ifadələrə münasibət bildirib. Pezeşkian “Əllərinə uşaqların qanı bulaşmış birindən siyasi dərs almayacağıq. 

Təhqir etmədən danışa və ya fikirlərini ifadə edə bilməyən biridir. Onun sözləri kimi düşüncə tərzi və üslubu da təhqiramizdir. Biz hüquqlarımızı qətiyyətlə müdafiə edəcəyik”, - deyə reaksiya verib.

Xatırladaq ki, Donald Tramp Ankarada keçirilən NATO Zirvəsində İranla əldə olunan atəşkəsin başa çatdığını bəyan etmiş, İran rəhbərlərini “yalançı”, “pislikləri”, “pis niyyətli”, “zorakılığa meyilli” və “xəstə insanlar” kimi ifadələrlə xarakterizə edib. 

Əfsanə 
“Cebheinfo.az”