Diqqətli olun: “Ağıllı” ev cihazları şəxsi məlumatlarınızı toplayır
Texnologiyanın sürətli inkişafı ilə “ağıllı” ev cihazları gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib.
Smart (ağıllı) televizorlar, təhlükəsizlik kameraları, səsli köməkçilər, robot tozsoranlar və digər internetə qoşulan cihazlar istifadəçilərə rahatlıq və vaxta qənaət etsə də, onların topladığı şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı suallar da artır.
Bu cihazların istifadəçilərin davranışları, məkan məlumatları, səs yazıları və digər məlumatları toplaya bilməsi də narahatlıq doğurur.
Bəs bu məlumatlar harada saxlanılır və istifadəçilər məlumatlarını necə qoruya bilərlər?
İT mütəxəssisi Əmrah Mövsümzadə “Cebheinfo.az”-a bildirib ki, “ağıllı” ev cihazları rahatlıq və avtomatlaşdırılma imkanları yaratmaqla yanaşı, istifadəçilərin şəxsi məlumatlarının qorunması baxımından da ciddi diqqət tələb edir.
“Müasir “ağıllı” ev ekosisteminə daxil olan kamera sistemləri, “ağıllı” televizorlar, səsli köməkçilər, robot tozsoranlar və digər “IoT” cihazları istifadəçinin davranışları haqqında müxtəlif məlumatlar toplaya bilir.
Bura cihazların istifadə vaxtları, səs əmrləri, görüntülər, “Wi-Fi” şəbəkəsi haqqında məlumatlar, istifadə vərdişləri və bəzi hallarda şəxsi hesab məlumatları da daxil ola bilər. Bu məlumatların harada saxlanılması isə istehsalçı şirkətin arxitekturasından asılıdır. Bir çox cihaz məlumatlarını bulud serverlərinə ötürür və orada emal edir.
Bəzi məlumatlar isə cihazın öz yaddaşında və lokal şəbəkələrdə saxlanıla bilər. İstifadəçi cihazı alarkən məxfilik siyasətinə və məlumatların hansı ölkədə yerləşən serverlərdə saxlanılmasına diqqət etməlidir.
“Ağıllı” ev cihazların kiberhücuma məruz qalması da real riskdir. Xüsusilə standart parolların dəyişdirilməməsi, proqram təminatının yenilənməməsi, zəif “Wi-Fi” təhlükəsizliyi və etibarsız istehsalçıların məhsullarından istifadə bu riskləri artırır.
Məsələn, zəif qorunan kamera sistemləri vasitəsilə kənar şəxslərin görüntülərə icazəsiz çıxış əldə etməsi, yaxud cihazların botnet şəbəkələrinə qoşularaq kiberhücumlarda istifadə olunması mümkündür.
İstifadəçilərin özlərini qoruması üçün isə bir neçə əsas qaydaya əməl etməsi vacibdir. İstifadəçilər cihazların standart adını və parolunu mütləq dəyişdirməli, güclü və unikal parollardan istifadə etməli, ikimərhələli autentifikasiyanı daim aktiv saxlamalı, cihazların proqram təminatını mütəmadi yeniləməli, ağıllı cihazları əsas iş şəbəkəsindən ayıraraq ayrıca “Wi-Fi” şəbəkəsində saxlamaq imkanını nəzərdən keçirməli, lazım olmayan mikrofon, kamera və məlumat paylaşımı icazələrini məhdudlaşdırmalı, təhlükəsizlik yeniləmələri olmayan naməlum və ucuz cihazlardan istifadə zamanı isə daha diqqətli olmalıdırlar.
Azərbaycanda istifadəçilər üçün əsas diqqət edilməli məsələ texnologiyadan imtina etmək deyil, ondan təhlükəsiz şəkildə istifadə etməkdir. “Ağıllı” ev cihazları artıq gündəlik həyatın bir hissəsinə çevrilir və onların təhlükəsizliyi ən azı kompüter və smartfon təhlükəsizliyi qədər vacibdir.
İstifadəçilər cihaz seçərkən onun yalnız funksiyalarına və qiymətinə deyil, həm də istehsalçının kibertəhlükəsizlik yanaşmasına, məlumatların qorunması siyasətinə və texniki dəstək imkanlarına diqqət yetirməlidirlər”.
Mütəxəssis qeyd edib ki, “ağıllı” ev sistemində ən zəif həlqə çox vaxt cihazın özü deyil, istifadəçinin təhlükəsizlik vərdişləridir:
“Sadə təhlükəsizlik tədbirləri ilə şəxsi məlumatların sızması riskini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür”.
Aişə Abdulova
“Cebheinfo.az”

