Əli İsa Cabbarov: “Yaxşı müzakirə getdi, özü də nə müzakirə, qırğın” - FOTOLAR
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) katibi Əli İsa Cabbarov sosial şəbəkə hesabında Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının ənənəvi mükafatlarının nominantları ilə bağlı paylaşım edib.
“Cebheinfo.az” xəbər verir ki, o, yaxın günlərdə Gildiyanın ənənəvi mükafatlarının nominantlarının açıqlanacağını bildirib. Cabbarov qeyd edib ki, həmin siyahı Azərbaycan kinosunun bugünkü mənzərəsini əks etdirir və bu sahəni təhlil etmək üçün kifayət qədər geniş material təqdim edir. Əli İsa Cabbarov hesab edir ki, artıq "Azərbaycan kinosu yoxdur" fikrindən imtina etməyin vaxtıdır:
“Kinoşünaslar və Kinotənqidçilər Gildiyası ənənəvi mükafatlarının nominantlarını elan edəcək. Kinomuzun bu gününün mənzərəsi var nominant siyahısında. Analiz üçün geniş material var. Pis pasyans alınmayıb. Müəllif kinosu, kommersiya kinosu, orijinal həllə iddialı komersiya kinosu, radikal müəllif ismarışları, klassikaya sadiqlik, nəzirələr və ənənəyə asilik.
Hamısına yer var. Niyə də olmasın? Kinomuz ayaq üstədir. Bütün izmləri ilə birlikdə. Kinomuz yoxdur kəlməsini nəinki dildən hətta fikirlərinizdən də qovun. Kinomuz cəmiyyətimizə bəlkə də ilk dəfə güzgü tuta bilir, Gildiyanın müzakirələrində mənzərəni belə gördüm. Özü də nə müzakirə, qırğın! Və bu gözəldir!
İnsanlar aylarla əziyyət çəkib ərsəyə film gətirmiş adamların əməyini saatlarla analiz etdilər, ona qədər onlarla filmə həftələrlə baxdılar. Kinomuza belə tənqidçi rəyi nə zaman olub?
Gildiyanı yaradanlar gerçək bir tarix yazıblar! Siz kinomuzun sabahını müəyyən edən insanlarsız! Minnətdaram sizə! Nominantları da təbirk edirəm! Kimin qalib olacağından asılı olmayaraq. Siz artıq qalibsiz!”
Əfsanə Rəcəb
“Cebheinfo.az”

