Şuşa: Beynəlxalq media məkanda etibarlı platforma

Şuşa: Beynəlxalq media məkanda etibarlı platforma

13-14 iyul tarixlərində Şuşa növbəti dəfə qlobal media ictimaiyyətinin diqqət mərkəzində olacaq. 

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunacaq 4-cü Şuşa Qlobal Media Forumunda dünyanın 54 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs bir araya gələrək müasir informasiya mühitinin əsas çağırışlarını və medianın sülh quruculuğundakı rolunu müzakirə edəcək. 

Şuşa Qlobal Media Forumu Azərbaycanın beynəlxalq media diplomatiyasına hansı töhfələri verir? 

“Cebheinfo.az”-a açıqlamasında Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli bildirib ki, Şuşa Qlobal Media Forumu regionun ən nüfuzlu media platformalarından biridir: 

"İyulun 13–14-də keçiriləcək IV Şuşa Qlobal Media Forumu artıq təkcə Azərbaycanın deyil, regionun və daha geniş mənada beynəlxalq media məkanının mühüm platformalarından birinə çevrilib. 

Forumun əsas əhəmiyyəti müxtəlif ölkələrdən media nümayəndələrini, ekspertləri və kommunikasiya sahəsində çalışan peşəkarları eyni məkanda bir araya gətirərək qlobal informasiya mühitində baş verən proseslərin müzakirəsinə imkan yaratmasıdır". 

Onun sözlərinə görə, hazırda dünya media sektoru sürətli rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, dezinformasiyanın geniş yayılması və informasiya təhlükəsizliyi kimi ciddi çağırışlarla üz-üzədir: 

"Bu baxımdan, Şuşa Qlobal Media Forumu yalnız fikir mübadiləsi aparılan tədbir deyil, həm də beynəlxalq təcrübənin paylaşılması, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və ortaq yanaşmaların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır". 

Hacıbəy Heydərli əlavə edib ki, Şuşa Media Forumu beynəlxalq media əməkdaşlığı üçün yeni imkanlar yaradır: 

"Forum çərçivəsində aparılan müzakirələr media sahəsində mövcud problemlərin daha geniş prizmadan qiymətləndirilməsinə, peşəkar jurnalistikanın prinsiplərinin təşviqinə və informasiya mühitində etimadın gücləndirilməsinə xidmət edir. 

Eyni zamanda, müxtəlif ölkələrin media qurumları arasında əlaqələrin genişlənməsi və uzunmüddətli əməkdaşlıq imkanlarının yaranması üçün əlverişli zəmin formalaşdırır". 

O bildirib ki, Şuşanın belə bir beynəlxalq tədbirə ev sahibliyi etməsi də xüsusi rəmzi məna daşıyır: 

"Bu şəhər artıq yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq dialoq, fikir mübadiləsi və əməkdaşlıq platforması kimi tanınır. Məhz bu amillər Şuşa Qlobal Media Forumunun hər il artan maraqla izlənilməsini və qlobal media gündəmində öz mövqeyini daha da möhkəmləndirməsini şərtləndirir". 

Həmsöhbətimiz vurğulayıb ki, bu il Forum “Sülhün təşviqində medianın missiyası: 

Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunub: "Seçilən mövzu müasir dövrdə medianın üzərinə düşən məsuliyyəti və cəmiyyətlər arasında etimadın formalaşmasındakı rolunu ön plana çıxarır. 

İnformasiya manipulyasiyalarının, dezinformasiyanın və hibrid təhdidlərin artdığı bir şəraitdə medianın əsas vəzifəsi təkcə xəbəri çatdırmaq deyil, həm də həqiqətin qorunmasına, obyektiv informasiyanın yayılmasına və ictimai etimadın, dünyada sülhün möhkəmləndirilməsinə töhfə verməkdir". 

Hacıbəy Heydərli bildirib ki, Şuşa Qlobal Media Forumu sülh jurnalistikası və informasiya təhlükəsizliyi sahəsində mühüm platformadır: 

"Bu baxımdan, Forum media nümayəndələri üçün qlobal çağırışların müzakirə edildiyi, sülh jurnalistikası, informasiya təhlükəsizliyi, etik media prinsipləri və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsinin aparıldığı mühüm platforma rolunu oynayır. 

Burada səsləndirilən yanaşmalar və irəli sürülən təşəbbüslər informasiya məkanında etibarlılığın artırılmasına, cəmiyyətlər arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə və medianın sülhün təşviqindəki rolunun daha da gücləndirilməsinə xidmət edir". 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"