Tənqidçidən teatrşünasa AÇIQ MƏKTUB

Tənqidçidən teatrşünasa AÇIQ MƏKTUB

Bugünlərdə  Kulis.az-da  dərc  olunan  teatrşünaş  Çingiz  Ələsgərlinin müsahibəsini   oxuduqdan  sonra  məndə  belə  bir  təəssürat  yaranır  ki,  müəllif  Azərbaycan  teatrının  problemlərini  təhlil  etməkdən  daha  çox,  şəxsi  narazılıqlarını  ictimai  problem  kimi  təqdim  etməyə  çalışır.

Halbuki  bu  iki  anlayış  arasında  ciddi  fərqlər  var. 

Qeyd  etməliyəm  ki,  heç  kim   Çingiz   Ələsgərlinin   teatr   sahəsində  uzun  illər  fəaliyyət  göstərdiyini  inkar  etmir.  Onun  dramaturgiya sahəsində   zəhməti   də   danılmazdır.   Lakin   uzun   illər   çalışmaq   insanı  avtomatik  olaraq   hər   məsələdə   mütləq   həqiqətin  sahibi  də  etmək  demək deyildir.  

Müsahibənin   əsas   tezislərindən   biri   budur   ki,   bu   gün   Azərbaycanda  hadisəyə  çevrilən  tamaşa  yoxdur.  Sizcə  bu,  olduqca  iddialı  fikir  deyilmi?  Düşünürəm  ki,  belə  bir  hökmü  vermək  üçün  şəxsi  zövq  kifayət  etmir.  Teatr  yalnız   bir   nəfərin   estetik   baxışı   ilə   qiymətləndirilməməlidir.  

Tamaşanın  uğuru  onun  festivallardakı  iştirakı,  peşəkar  rəylər, tamaşaçı  marağı  və  teatr  mühitində  yaratdığı  müzakirələrlə  müəyyən  olunur.  Qənaətimə  görə  isə  “Heç  biri  hadisə  deyil”  demək  isə  arqument  deyil,  ümumiləşdirmədir.  

Eyni  yanaşma  Mehriban  Ələkbərzadə  haqqında  söylənilən  fikirlərdə  də  açıq  aydın  və  bir  qədər  də  qərəzli  formada  şəxsi  maraqlar  çərçivəsi  aydın şəkildə  görünməkdədir. “Mehriban  Ələkbərzadə  teatrı”  ifadəsinin  işlədilə  bilməyəcəyini  söyləmək   şəxsi   qənaət   ola   bilər,   amma   bunu   dəyişməz  həqiqət   kimi   təqdim  etməyin  özü  belə  düzgün  deyil. 

Tarix  illərlə  yazılır,  tarix  qiymət  verir  illərə.  Tarix  göstərir  ki,  rejissor  məktəbi   bir   neçə  mövsümdə  deyil, onilliklər ərzində formalaşır. Ədil İsgəndərovu,  Mehdi  Məmmədovu  və  Tofiq  Kazımovu  bu  günkü  rejissorlarla  eyni  zaman  ölçüsündə müqayisə  etmək  metodoloji  baxımdan  doğru  yanaşma  forması  deyil.  Həmçinin  qeyd  etməliyəm  ki,  onların  böyüklüyünü   də   zamanın özü  təsdiqləyib.

Son  illər  bəzi  çevrələrdə  “Mehriban  Ələkbərzadə  məktəbi  yoxdur”  fikri səsləndirilir.  Halbuki  bu  iddia  daha  çox  şəxsi  mövqeyə  söykənir  və  teatrşünaslıq meyarları  ilə  tam  üst-üstə  düşmür.  Çünki  rejissor  məktəbi  anlayışı  yalnız  zaman faktoru  ilə  ölçülmür.  

Onu  müəyyən  edən  əsas  meyar  rejissorun  sənət düşüncəsinin  ardıcıllığı, estetik xətti, aktyorla işləmə prinsipi və yaratdığı yaradıcılıq  mühitidir.Mehriban Ələkbərzadə Azərbaycan teatr məkanında təsadüfi yaranmış rejissor  deyil.  

O,  Mehdi  Məmmədovun  rejissorluq  məktəbinin  yetirməsi  kimi peşəkar  təhsil  alıb,  tələbəlik  illərindən  Akademik   Milli  Dram  Teatrında mürəkkəb   dramaturji  materiallara  müraciət  edib,  daha  sonra  Lənkəran  Dövlət Dram  Teatrında,  Akademik Milli  Dram  Teatrında,  Yuğ  Teatrında,  Azərbaycan Dövlət  Milli  Gənc  Tamaşaçılar  Teatrında  və  digər  sənət  ocaqlarında  ardıcıl fəaliyyət  göstərib.  Onun  yaradıcılığı  təsadüfi  uğurlar   deyil,  onilliklər  boyu davam  edən  peşəkar  inkişaf  xəttidir.

Mehriban  Ələkbərzadənin  tamaşalarında  ilk  diqqət  çəkən  cəhət  psixoloji teatr  estetikasına  üstünlük  verməsidir.  Onun  quruluşlarında  xarici  effektlərdən daha  çox  obrazın  daxili  aləmi, insanın  mənəvi  dramı  və  aktyorun  psixoloji transformasiyası  əsas  yer  tutur.  Bu  yanaşma  təsadüfi  deyil,  ardıcıl  olaraq müxtəlif  tamaşalarında  qorunan  yaradıcılıq  prinsipidir.

İkinci   mühüm   xüsusiyyət  klassik  və  müasir  dramaturgiyanın   müasir teatr dili ilə təqdim edilməsidir. Mehriban Ələkbərzadə klassik mətnə muzey eksponatı kimi yanaşmır. O, müəllif  mətnini  qorumaqla  yanaşı,  onu  bugünkü tamaşaçı  üçün  aktual  estetik  müstəviyə  gətirməyə  çalışır.  Məhz  bu  xüsusiyyət müasir   rejissor  məktəblərinin  əsas  əlamətlərindən  biri  hesab  edilir.

Üçüncü  mühüm  meyar  aktyor  məktəbidir.  Rejissorun  məktəbi  yalnız  onun tamaşaları  ilə  deyil,  yetişdirdiyi  aktyorların  yaradıcılığında  da  görünür.  Mehriban  Ələkbərzadənin  müxtəlif  teatrlarda  işlədiyi  aktyorların  ifasında  eyni psixoloji   dəqiqlik,  daxili  intizam,  emosional  həqiqət  və  səhnə  mədəniyyəti müşahidə   olunur.  Bu  isə  təsadüfi  deyil, vahid  yaradıcı  metodun  nəticəsidir.

Dördüncü  arqument  onun  rəhbərlik  etdiyi  teatr  mühitidir.  Akademik  Milli Dram Teatrına bədii rəhbər təyin olunduqdan sonra repertuarın yenilənməsi, yaradıcı  atmosferin  dəyişdirilməsi,  yeni  layihələrin  hazırlanması  və  teatrın inkişaf konsepsiyası ilə bağlı ardıcıl fəaliyyət göstərildiyi barədə özü də müsahibələrində  dəfələrlə  danışıb.  Qeyd  etməliyəm  ki,  əlbəttə  bu,  yalnız   tamaşa hazırlamaq   deyil, həm  də  xüsusi  ilə  teatr  düşüncəsini  formalaşdırmaq  cəhdidir.

Rejissor  məktəbi  haqqında  danışarkən  vacib  bir  həqiqəti  də  unutmaq olmaz.  Ədil  İsgəndərov, Mehdi  Məmmədov və Tofiq  Kazımovun   məktəbləri onların  yaşadıqları  dövrdə  deyil,  zaman  keçdikcə  teatrşünaslar  tərəfindən  təsdiq edildi.  

Unutmayaq  ki,  tarixi  qiymət  heç  vaxt  müəllifin   fəaliyyəti  davam  edərkən  tam  formalaşmır.  Bu  baxımdan   “Mehriban  Ələkbərzadə  məktəbi yoxdur”  hökmü  elmi  nəticədən  çox  şəxsi  qənaət  kimi  görünür.

Əgər  rejissorun  özünəməxsus  estetikası,  aktyorla   işləmə  metodu,  repertuar seçimi, səhnə dili, uzunmüddətli yaradıcılıq fəaliyyəti və teatr idarəçiliyində konseptual baxışı varsa, bu artıq məktəbin ilkin əlamətləridir. Mehriban Ələkbərzadənin  yaradıcılığı  bu  meyarların  əksəriyyətinə  cavab  verir.  

Deməli, “Mehriban Ələkbərzadə məktəbi yoxdur” demək  üçün  elmi əsas  yetərli  deyil. Əksinə,  mövcud  faktlar   göstərir  ki,  onun  uzun  illər  ərzində  formalaşdırdığı estetik   baxış,  psixoloji  teatr  modeli, aktyorla  işləmə  prinsipləri  və  teatr idarəçiliyinə  yanaşması  ayrıca  yaradıcılıq  xətti  kimi  qiymətləndirilə  bilər.  Bu məktəbin   Azərbaycan  teatr  tarixində  hansı  səviyyədə  yer  tutacağında  isə  son sözü  zaman  və  teatrşünaslıq  elmi  əsasları  ilə  deyəcək.

Müsahibədə  ən  çox  diqqət  çəkən  məqamlardan  biri  də  budur  ki,  teatrın problemləri ilə şəxsi məişət məsələləri eyni müstəvidə təqdim edilir. İşdən çıxarılmaq,  fəxri  ad a lmamaq,  mənzillə  təmin  olunmamaq  və  iş  tapmamaq  kimi  məsələlər  əlbəttə  ki,  insan  üçün  ağrılı  ola  bilər.  

Ancaq  bunlar  Azərbaycan teatrının  bədii   səviyyəsinin   göstəricisi  deyil.  Tam  məsuliyyəti  ilə  deyə  bilərəm ki, şəxsi narazılığı ümumi mədəniyyət siyasətinin əsas arqumentinə çevirmək obyektiv  təhlil  sayıla  bilməz. 

Müsahibənin  başqa  bir  ziddiyyətli tərəfi gənc dramaturqlarla bağlı fikirlərdir.  Bir  tərəfdən  müəllif  müsabiqəyə   təqdim  olunan  əsərlərin əksəriyyətini zəif  hesab  edir,  digər  tərəfdən  teatrın  gələcəyini  həmin  gənclərin üzərində  qurur.  

Çingiz   Ələsgərli   gənc  dramaturqların  böyük  əksəriyyətinin  zəif  yazdığını  deyir.  Ola  bilər  ki,  təqdim  olunan  əsərlərin  bir  hissəsi  doğrudan da  peşəkar  səviyyədə  olmasın.  Amma   həmin   gənclər  də  bir  vaxtlar  onun nəslinin  keçdiyi  inkişaf  yolunu  keçir.  

Maraqlıdır  ki,  bir  tərəfdən  gənclərin hazırlıqsız  olduğunu  bildirən  müəllif,  digər   tərəfdən  teatrın  gələcəyini  məhz həmin   gənclərlə   bağlayır.  Bu  ziddiyyət   müsahibədə  özlüyündə  cavabsız  qalır. 

Yaş  məsələsinə  gəldikdə  isə  təcrübənin  qorunması  vacibdir.  Lakin dünyanın  bütün  teatrlarında  nəsillərin  dəyişməsi  təbii  prosesdir.  Təcrübəli sənətkarların   məsləhətçi,  müəllim  və  ekspert  kimi  fəaliyyət  göstərməsi mümkündür  və  bir  çox  hallarda   daha   səmərəlidir.  

Gənclərə   yer  açmaq təcrübəni  inkar  etmək  demək  deyil.  Əgər  yeni  nəslə  bu  qədər  inamsızlıq   varsa, gələcəyə   ümid  nəyə  əsaslanır?  Əgər  ümid  varsa,  onda  gənclərin   yalnız   tənqidə deyil,  dəstəyə  və  peşəkar   mentorluğa  ehtiyacı  olduğu  da  qəbul  edilməlidir.  Və bu  mövzuda  sonda  belə  bir  sual  yaranır.  Çox   hörmətli   Çingiz  Ələsgərli  50 illik   fəaliyyətində  dramaturq  olaraq  gəncləri   öz   məktəbində   yetişdirə  bilibmi? 

Fəxri  ad  məsələsi  də  ayrıca  müzakirə  tələb  edir.  Fəxri  ad  heç  vaxt  yalnız  xidmət  illərinin  hesabı  olmayıb.  Əgər  belə  olsaydı,  eyni  müddət  işləyən hər  kəs  eyni  ada  layiq  görülərdi.  

Yaradıcılığın  ictimai  təsiri,  sənətə  gətirilən yenilik,  peşəkar  nüfuz  və  digər  meyarlar  da  nəzərə  alınır.  Ona  görə  də   “50 il  işləmişəm, deməli  fəxri  ad  almalıyam”  məntiqi  hüquqi  və  mənəvi  baxımdan əsaslandırılmış  mövqe  hesab  oluna  bilməz.

Müsahibədə  diqqət  çəkən  başqa  bir  məqam  isə  budur  ki,  müəllif  bir  çox həmkarlarını,  qurumları  və  rəhbərləri  tənqid  edir,  lakin  öz   yaradıcılığı   haqqında səsləndirdiyi  iddiaların  müzakirəsinə  açıq  görünmür.  

Halbuki  teatr  dialoq sənətidir. Tənqid birtərəfli deyil, qarşılıqlı olmalıdır. Azərbaycan teatrının problemləri  var  və  bunu  heç  kim  inkar  etmir.  Kadr  hazırlığı,  dramaturgiyanın inkişafı,  repertuar  siyasəti  və  idarəetmə  modeli  daim  müzakirə  olunmalıdır. Ancaq  bu  problemləri  şəxsi  incikliklərin   prizmasından  qiymətləndirmək  nə teatrın  inkişafına  xidmət  edir,  nə  də  sağlam  ictimai  müzakirəyə  əsaslanır. 

Teatr  emosiyaların  deyil,  arqumentlərin  sənətidir.  Onun  gələcəyi  də  məhz faktlara  söykənən  müzakirələrdən  keçir.  Məhz  buna  görə  də  bir  mənalı  şəkildə qeyd  etməliyəm  ki, teatrın  taleyi  emosiyalarla  deyil,  arqumentlərlə  həll  olunur. 

Çingiz  Ələsgərlinin  Kulis.az-da  dərc  olunan  müsahibəsi  ilk  baxışdan  Azərbaycan  teatrının  problemlərinə  həsr  olunmuş  səmimi  söhbət  təsiri   bağışlayır. Lakin mətni diqqətlə oxuduqda məlum olur ki,  burada teatrın problemlərinin obyektiv   təhlilindən  daha  çox,  müəllifin  şəxsi  narazılıqları  ön plana  çıxır.  Bu  isə  istər-istəməz  oxucuda  sual  yaradır:  söhbət  doğrudanmı teatrın  taleyindən gedir,  yoxsa  şəxsi  incikliklər  ictimai  problem  kimi  təqdim olunur?

Məhz  buna  görə  də  Azərbaycan  teatrının  gələcəyi  haqqında  danışarkən keçmişə nostalji ilə baxmaq kifayət etmir. Gələcək yalnız yeni ideyalara, yeni insanlara  və  köhnə  təcrübənin  müasir  düşüncə  ilə  qovuşmasına  açıq  olan mühitdə  qurula  bilər. 

Məntiqi  nəticə  ilə  qeyd  etmək  istərdim  ki,  çox  hörmətli  Çingiz  Ələsgərli, teatrların  inkişafı  kiminsə  şəxsi  məyusluğunun  deyil,  bütöv  sənət  cameəsinin ortaq  məsuliyyətinin  nəticəsi  olmalıdır.  Teatr  emosiyaların  deyil,  düşüncənin  və  arqumentin  sənətidir.  

Onun  inkişafına  xidmət  edən  də  qarşılıqlı  ittihamlarla deyil,  sağlam  polemika,  obyektiv   tənqid   və  yaradıcı  dialoq  əsasında qurulmalıdır.   Müsahibənizdə  səsləndirdiyiniz  fikirlər  isə  təəssüflər  olsun  ki,  bu kimi  sağlam  polemika,  obyektiv  tənqid  və  yaradıcı  dialoqdan  çox  uzaqdır. 

Anar Ərtoğrul Burcəliyev, teatrşünas-tənqidçi

"Cebheinfo.az"