Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər

Bu evlərdə doğulanlar nənə-baba olublar: Amma hələ sənəd ala bilmirlər

Şəhərsalma sahəsində nəzarətin gücləndirilməsi, özbaşına tikililərin qarşısının vaxtında alınması və layihələrin şəhərin Baş planına uyğun həyata keçirilməsi Bakı şəhərinin dayanıqlı inkişafı baxımından əsas prioritetlərdəndir.

Bunu Komitənin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov İdarədə yarımilliyin yekunlarına dair keçirilən müşavirədə çıxışında bildirib. Müşavirədə paytaxtda həyata keçirilən şəhərsalma layihələrinin gedişi, şəhərsalma nəzarətinin nəticələri, özbaşına tikililərlə mübarizə sahəsində görülən işlər və qarşıda duran vəzifələr nəzərdən keçirilib.

Müşavirənin yekununda ikinci yarımillik üzrə prioritet vəzifələr müəyyənləşdirilib, şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, özbaşına tikililərlə mübarizənin davam etdirilməsi və vətəndaş məmnunluğunun artırılması ilə bağlı aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, son vaxtlar ötən illərdən fərqli olaraq qanunsuz tikilən evlərin sayında artım müşahidə edilmir. Bakıdakı sənədsiz evlərə çıxarışların verilməsi barədə məsələlər isə hələ də öz həllini tapmayıb.

Bəs indiyədək özbaşına tikilən belə evlər, onlara sənədlərin verilməsi ilə bağlı hansısa sənəd hazırlayıb müvafiq dövlət qurumuna təqdim edilibmi?  

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Anar Nəsirov “Cebheinfo.az”-a bildirib ki, 2016-cı ildən başlayaraq çıxarışı olmayan evlərlə bağlı müxtəlif məlumatlar səsləndirilir:

Azərbaycanda maklerlərin fəaliyyəti niyə hələ qanunla tənzimlənməyib?

“Müxtəlif mənbələrə görə, Bakıda 500 min sənədsiz evin olduğu bildirilir. Əslində mən həmin 500 min evin hamısıının sənədsiz olduğunu güman etmirəm. Yəni əslində 500 min çıxarışı olmayan ev ola bilər, ancaq onların hamısına sənədsiz ev demək olmaz. Həmin 500 min evin 90 faizinin bəzi sənədləri var. Onlara tam sənədsiz ev demək düzgün deyil.

Çünki onların bir çoxunda insanlar orada qeydiyyatda yaşayırlar. Uzun illərdir ki, bu evlərdə qaz, su, işıq sayğacları mövcuddur. Digər tərəfdən, bu evlərin 90 faizinin hüquqi ünvanı var. Bu, o deməkdir ki, dövlət orqanları, istər polis, istər məhkəmə orqanları, yaxud digər orqanlar tərəfindən həmin əmlakın hüquqi ünvanına məktublar göndərilir. Bu isə o deməkdir ki, həmin evin hüquqi ünvanı var. Bu baxımdan, həmin evlərə tam sənədsiz evlər deməyi düzgün hesab etmirəm. Ola bilər ki, heç bir qeydiyyatı, sənədi, sayğacı, suyu, işığı, hüquqi ünvanı olmayan evlər 10 faiz təşkil etsin.

Əgər vətəndaşın yaşadığı ünvan onun vəsiqəsinin arxasında qeyd edilirsə, həmin hüquqi ünvana müxtəlif dövlət qurumları tərəfindən məktublar göndərilirsə, demək ona sənədsiz ev demək mümkün deyil.  Digər bir tərəfdən həmin bu evlərin 90 faizi ilə bağlı müxtəlif illərdə verilmiş sərəncamlar var. O cümlədən, 90-cı illərdən başlayaraq müvafiq icra hakimiyyətləri və bələdiyyələr tərəfindən verilmiş sərəncam və qərarlar mövcuddur. Bu da bizə onu deməyə əsas verir ki, həmin evlərin sənədi var, sadəcə çıxarışı, “kupça”sı yoxdur”.  

Ekspertin sözlərinə görə, 2016-cı ildən etibarən  dövlətin müxtəlif qurumları tərəfindən həmin evlərə çıxarışın verilməsi ilə bağlı işlərin aparıldığı qeyd edilib:

“İki il bundan öncə də konkret olaraq göstərildi ki, bu evlərə çıxarışın verilməsi üçün mexanizmlər hazırlanır.

Bu mexanizmlər hazır olduqdan sonra həmin evlərə çıxarışların verilməsinə başlanacaq. Ancaq artıq 2026-cı ildir və hələ ki, konkret atılmış addım yoxdur. Ola bilər ki, 500 mindən çox evin 10 faizinin ümumiyyətlə, sənədi olmasın. Onu da qeyd edim ki, bir gecənin içində heç nəyi tikmək olmaz. Heç nəyi də gizli etmək mümkün deyil. Kimlərinsə göz yumması və yaxud da işə məsuliyyətsiz yanaşması  nəticəsində bu evlər tikilib.

İllərdir ki, bu evlərdə yaşayış, kommunal xidmətlər var. Həmin evlərə çıxarış verilmədiyi üçün onlara özəlləşdirilməmiş evlər desək, daha doğru olar. Bu evlərin tikilişi ilə bağlı insanlar müəyyən xərc çəkiblər. Həmin 500 min evi də dağıtmaq, sökmək olmaz. Çünki uzun illərdir ki, bu evlərdə yaşayış var. Bu evdə doğulanlar artıq ata-ana, baba-nənə olublar.

Çox yaxşı olar ki,  qanuni yerdə, qadağan olunmamış ərazilərdə tikilən evlər özəlləşdirilsin. Konkret olaraq çıxarış verilsin. Çıxarışın verilməsinin dövlətə də müəyyən xeyri var. Bu evlər sənədsiz olduğu üçün alqı-satqı kənardan müxtəlif yollarla həyata keçirilir. Bu zaman dövlətə heç bir ödəniş edilmir. Yaxud, bu evlər kirayə verilən zaman hüquqi sənədi olmadığı üçün 10 faiz kirayə vergisi ödəmirlər.

Çünki müqavilə bağlamaq üçün əsas hüquqi sənəd olmadığından ev sahibi ilə kirayəçi arasında hüquqi müqavilə bağlamaq mümkün deyil.Əgər bu evlər çıxarışla təmin edilərsə, özəlləşdiirlərsə, bu zaman hər il dövlət büdcəsinə milyonlarla manatın daxil olmasına gətirib çıxaracaq. Yəni vətəndaşla yanaşı, dövlət büdcəsinə də xeyirli olacaq”.         

Nigar Abdullayeva
“Cebheinfo.az”