Valideyn övladını övladlıqdan çıxara bilərmi? - VƏKİL

“Mən Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə oğlum Süleymanı övladlıqdan çıxarmışam. Onun ayrı-ayrı adamlara söyüşlərinə görə bizi,ailəmizi söyürlər. Mən iki dəfə infarkt keçirmişəm. Evimizdə belə yaşamırıq, kirayədə qalırıq. İnsanlar içində utanırıq”.
Bunu İsveçrədə yaşayan Süleyman Süleymanlı adlı söyüşcül mühacirin atası Asif Süleymanova deyib.
Asif Süleymanov onu Bəs Azərbaycan qanunvericiliyində valideyn övladını məhkəmə yolu ilə rəsmi şəkildə övladlıqdan necə çıxara bilir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında vəkil Roman Qaraşov bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyində “övladlıqdan çıxarma” anlayışı yalnız övladlığa götürülmüş uşaqlar üçün mövcuddur:
“Yəni valideynin qan-bioloji övladını məhkəmə yolu ilə hüquqi baxımdan “övladlıqdan çıxarması” mümkünsüzdür. Azərbaycan Mülki Məcəlləsinin 124-cü maddəsinə əsasən, fiziki şəxs 18 yaşına çatmaqla tam fəaliyyət qabiliyyətli şəxs hesab olunur, bu yaşdan sonra onun hüquqi statusu müstəqil olur. Valideyn-övlad münasibətləri isə yalnız vərəsəlik, aliment və ailə hüququ sahəsində müəyyən bağlılıq yaradır. Lakin bunlar da şəxsin öz iradəsi ilə dəyişdirilə və ya məhdudlaşdırıla bilər. Yəni, bu münasibətlər hüquqi deyil, daha çox emosional və ya mənəvi xarakter daşıyır”.
Vəkil qeyd edib ki, valideyn yetkin övladın davranışına görə məsuliyyət daşımır:
“Əgər bir şəxs istər ölkə daxilində, istər xaricdə cəmiyyətə, ailəsinə, yaxud fərdi şəxslərə qarşı təhqir və böhtan xarakterli davranışlar edirsə, bu zaman hüquqi məsuliyyət yalnız həmin şəxsə aiddir. Hüquq normalarına görə, valideyn yalnız yetkinlik yaşına çatmayan uşaqların hərəkətinə görə məsuliyyət daşıyır. Yetkinlik yaşına çatmış bir fərdin cinayət və ya inzibati əməllərinə görə onun valideyni məsuliyyət daşımır. Əgər bu cür davranışlar psixi pozuntularla əlaqəlidirsə, məhkəmə qərarı ilə həmin şəxs məcburi tibbi müayinəyə və müalicəyə cəlb edilə bilər.
Dünya təcrübəsinə gəldikdə, Yaponiyada bəzi valideynlər ictimai etiraz məqsədilə övladlarını ailə qeydiyyatından (koseki) çıxartdıqlarını bəyan etmiş, lakin bu heç bir hüquqi nəticə doğurmamışdır. ABŞ-də bəzi ştatlarda valideynin yetkin övladını mirasdan kənar buraxmaq hüququ tanınır, lakin bunun üçün müvafiq vəsiyyət sənədi olmalıdır. Almaniyada bir nəfərin hüquqi olaraq “ailə üzvlüyündən çıxarılması” yalnız psixoloji zorakılıq və ağır zərər hallarında məhdud mülki hüquqlar çərçivəsində mümkündür”.
Roman Qaraşov bildirib ki, valideynin övladını “övladlıqdan çıxarması” hüquqi baxımdan mümkün deyil:
“Əgər bir şəxs saxta profillər və sosial media üzərindən ictimai şəxslərə və ya öz ailəsinə qarşı sistematik təhqir və böhtan kampaniyası aparırsa, bu zaman həmin şəxs barəsində məhkəməyə müraciət edilə bilər. Eyni zamanda, diffamasiya və şəxsiyyətin ləkələnməsi ilə bağlı mülki və ya cinayət xarakterli iddialar qaldırıla bilər (AR CM 147, 148-ci maddələr — böhtan və təhqir).
Beləliklə, valideynin övladını “övladlıqdan çıxarması” hüquqi baxımdan mümkün deyil. Bu ifadə yalnız mənəvi və simvolik xarakter daşıya bilər. Hüquqi müstəvidə övlad 18 yaşdan sonra müstəqil şəxs sayılır və öz əməllərinə görə özü cavabdeh olur. Valideynin bu münasibətdə nə hüquqi, nə də maddi məsuliyyəti var, istisna yetkinlik yaşına çatmamış övladlara aiddir.
Əgər övladın davranışları ailəyə mənəvi və ya sosial zərər verirsə, bu zaman hüquq müstəvisində mülki iddialar, diffamasiya prosesi və ya tibbi müdaxilə yolları seçilə bilər. Amma "övladlıqdan çıxarmaq" hüquqi bir institut olaraq Azərbaycan qanunvericiliyində yoxdur”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”