Paşinyanın bayram təbrikinin PƏRDƏARXASI

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsini heç bir şübhə yeri qoymadan pozitiv başlanğıc hesab edirəm".
"Cebheinfo.az" xəbər verir ki, bunu politoloq Zəlimxan Məmmədli deyib.
O bildirib ki, Paşinyanın bayram təbriki revanşistlərə və Moskvaya cavabdır:
"Nəzərə almaq lazımdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda Azərbaycana qarşı revanşistləri hərəkətə gətirməyə hesablanmış sərsəm açıqlamalar verib. Revanşistlər isə bundan məmnun ola bilərlər. Çünki onların ağası Kremldir.
Paşinyanın bayram təbriki isə revanşistlərə və Moskvaya cavabdır. O, bayram təbriki ilə anlatmağa çalışır ki, Moskvanın təxribatları daha Ermənistanda keçməyəcək. Yəni bildirir ki, revanşistlər Ermənistanı Rusiya bataqlığına aparmağa cəhd etməsinlər".
Politoloq vurğulayıb ki, Azərbaycanın dayanıqlı sülh sazişi ilə bağlı aydın mövqeyi var:
"Ermənistan Konstitusiyasında Azərbaycanı və aralıq mərhələdə bağlanacaq sazişləri şübhə altına alan maddələr dəyişməlidir. Paşinyan komandası ilə bu xəttə dəstəkçidirlər. Bayram təbriki bu maneənin yaxın zamanda aradan qaldırılmasına işarə və jest kimi də qiymətləndirilə bilər".
Onun sözlərinə görə, Ermənistan Paşinyanın timsalında gələcəyini Azərbaycan və Türkiyə birliyində görməklə erməni tarixində ən düzgün yolu gedir:
"Bu yol tərəddüd etmədən inkişaf etdirilməlidir. Nəhayət Cənubi Qafqazda bölücülüyün yolunu kəsən "Vahid Qafqaz Evi" qurulmalıdır. Bu formul hər üç Qafqaz dövlətinin, həmçinin Türkiyənin milli maraqlarına uyğundur".
Elmir
"Cebheinfo.az"