Fransızlardan Ukraynaya dron yardımı - Şirkət "inkoqnito" qaldı

Fransanın avtomobil və müdafiə şirkətləri Ukrayna ərazisində pilotsuz uçuş aparatlarının istehsalına başlayacaq.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornu bildirib.
O, təşəbbüsü “qazan-qazan tərəfdaşlığı” adlandırıb.
Nazirin sözlərinə görə, bu, Fransanın aparıcı avtomobil istehsalçılarından biri (o, adını açıqlamamağa üstünlük verib) ilə ixtisaslaşmış kiçik və ya orta ölçülü müdafiə müəssisəsi arasında əməkdaşlıqdır.
Lekornu dronların növlərini və konkret təyinatını açıqlamayıb, lakin məhsulların bir hissəsinin Ukrayna ordusuna veriləcəyini, digərlərinin isə Fransanın özündə istifadə üçün nəzərdə tutulduğunu vurğulayıb.
Onun sözlərinə görə, Fransa hərbçiləri bu dronlardan müntəzəm təlimlər zamanı Ukraynanın bu gün döyüşdüyü şəraitə mümkün qədər yaxın istifadə edə biləcəklər.
Nazir ayrıca vurğulayıb ki, ukraynalı mütəxəssislər Ukrayna zavodlarında çalışacaqlar.
Onun fikrincə, ölkə pilotsuz uçan aparatların hazırlanmasında və onlardan istifadəyə praktiki yanaşmaların formalaşdırılmasında yüksək səviyyəli səriştə nümayiş etdirib:
“Ukraynalılar təkcə pilotsuz təyyarələrin dizaynında deyil, həm də onlar üçün müasir döyüş doktrinalarının hazırlanmasında bizdən üstündürlər”, - o qeyd edib.
"Cebheinfo.az"