Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçısı olan gənclər təbrik edilib

Xankəndi-Laçın yolunda keçirilən aksiyanın iştirakçısı olan gənclər təbrik edilib

Şuşa şəhərində “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Könlüm Şuşada 2023” adlı tədbir həyata keçirilib.

“Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşəbbüsü ilə həyata keçirilən “Gənclər Həftəsi” çərçivəsində baş tutan tədbirdə ilk olaraq Laçın-Xankəndi yolunda keçirilən dinc ekoloji aksiyanın iştirakçısı olan gənclər Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edilib.

Xatırladaq ki, Azərbaycan gəncləri birlik nümayiş etdirərək, əzm və qətiyyətlə sözügedən aksiyanı artıq 51 gündür davam etdirirlər. Laçın-Xankəndi yolunun Şuşadan keçən hissəsində toplaşan gənclərin tələbi Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı və ekoloji cinayətlərin dərhal dayandırılmasıdır.

Gənc könüllülər və könüllü təşkilatları rəhbərlərinin iştirakı ilə təşkil edilən tədbirdə, daha sonra, “Qarabağ” hotelində təşkil edilən “Könlüm Şuşada 2023” adlı tədbirin açılış mərasimi olub. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rəsmi nümayəndələrin çıxışları ilə davam edən tədbirdə, Azərbaycan könüllülərinin aktiv iştirakı ilə baş tutan dinc aksiya yüksək qiymətləndirilib və bunun gələcək nəsillər üçün örnək və vətənpərvərlik nümunəsi olduğu vurğulanıb. Tədbirdə iştirak edən gənclər də öz növbəsində fəaliyyət göstərdikləri təşkilatlarda ötən dövr ərzində görülən işlər, həyata keçirilən layihələr, əldə etdikəri təcrübələr barədə danışıblar.

Cebhe.info