Xəstəxanaya yerləşdirilən Mahir Cürətin ayaqları çürüyüb?

Xəstəxanaya yerləşdirilən Mahir Cürətin ayaqları çürüyüb?

“Hazırda xəstəxanadayam və burada müalicələrimi davam etdirirəm. Həkimlərin səyi nəticəsində ağır günlər artıq geridə qaldı. Yavaş-yavaş səhhətimdə yaxşılığa doğru irəliləyişlər var”.

Bu sözləri məşhur meyxana ustadı və qəzəlxan Mahir Cürət Bizim.Media-nın əməkdaşı ilə söhbətində deyib.

Hazırda M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicələrini davam etdirən sənətkar səhhətinin yaxşılaşdığını bildirib:

“Bir neçə gün əvvəl həm daxili orqanlarımda, həm də ayaqlarımda dəhşətli ağrılar vardı. Qan azlığım da vardı. “Bizimləsən” verilişinin heyəti, başda proqramın aparıcısı Zaur Baxşəliyevin köməyi ilə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirildim.

Bir çox müayinələrdən keçdim. Mənə sistemlər və iynələr vuruldu. Həkimlərin ciddi nəzarətindəyəm. Ayaqlarımda problemlər yaranmışdı. Yaralar əmələ gəlmişdi. Xəbər yayılmışdı ki, guya ayaqlarım çürüyüb. Amma bu yalandır. Həkimlər əllərindən gələni edirlər ki, ayaqlarım sağalsın”.

“Ailə üzvləriniz və sənət yoldaşlarınız sizə baş çəkirlər?” sualına sənətkar “Oğlum, bacım, anam mənə tez-tez baş çəkir. Həkimlər mənə hələ 15 gün burada, xəstəxanada qalacağımı söyləyiblər. Meyxana ustaları Ağamirzə Məmmədov, Namiq Qaraçuxurlu və Namiq Məna zəng vurub səhhətimlə maraqlanırdılar. Onlara da sizin redaksiyanız vasitəsi ilə təşəkkürümü bildirirəm” cavabını verib.

Cebhe.info