Yeni qanun bazarda nəyi dəyişəcək? - “Bayramda bahalaşma olursa...” 

Yeni qanun bazarda nəyi dəyişəcək? - “Bayramda bahalaşma olursa...” 

Son günlər iqtisadi sferada əsas müzakirə mövzusu Rəqabət Məcəlləsinin qəbulundan sonra bazarlarda vəziyyətin hansı istiqamətdə dəyişəcəyi ilə bağlıdır. 

Bu günə qədər bazarlarda rəqabətli mühitin olmaması süni qiymət artımlarına, keyfiyyətsiz xidmətlərin, mal və məhsulların genişlənməsinə səbəb olub. 

Ekspertlər hesab edirlər ki, Rəqabət Məcəlləsinin qəbulundan sonra bu cür neqativ halların tənzimlənməsi gözlənilir.

Qeyd edək ki, Rəqabət Məcəlləsdə artıq Milli Məclisin iki oxunuşda müzakirəsi baş tutub. Sonuncu-üçüncü oxunuşdan sonra qanun layihəsi qəbul ediləcək. Onu da bildirək ki, dəyişikliyə əsasən, qanun layihəsinin 2024-cü ilin 1 iyulundan qüvvəyə minməsi nəzərdə tutulur.

Bəs Rəqabət Məcəlləsinin qəbulu ilə bazarlarda müsbət istiqamətdə hansı dəyişikləri görə biləcəyik? 

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, istənilən sahədə mütləq rəqib, rəqabət olmalıdır:

“Rəqabət iki məsələni ciddi şəkildə tənzimləyib. Ədalətli qiymətin formalaşması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məsələsində rəqabət mühim rol oynayır. Rəqabətli bazarda sahibkar hər zaman düşünür ki, necə edim, qiymət ucuzlaşsın, keyfiyyət isə artsın və rəqib qarşısında üstünlüyə malik olsun.

İnhisarçı bazarda isə dövriyyəni gözləyirlər ki, qiymətləri bahalaşdırıb daha çox gəlir əldə etsinlər. Məsələn, Avropada bayramlar qiymətlər ucuzlaşır, bizdə isə əksinə, bahalaşır. Çünki Avropada rəqabət mühiti var, bizim bazarlarda isə inhisarçılıq var”. 

Vilayət Muxtar 
Cebhe.info