4 il əvvəlin o günü: Zəfərə aparan yol
11 aprel 2018-ci il seçkilərindən sonra Prezident İlham Əliyevin islahatlar anonsu siyasi gündəmdə böyük bir canlanma yaratdı.
Cəmiyyət artıq yeni bir dövrün başladığının fərqindəydi. Bu yeni dövr isə təkcə cəmiyyətin mövcud dinamizminin dəyişməsi deyil, eyni zamanda illərlə yığılıb qalan problemlərin həlli, birgə fəaliyyət mexanizminin tətbiq olunması, yenilənmə və sürətli dəyişim metodunun işə düşməsi demək idi.
Prezidentin elan etdiyi islahatın təməli Mehriban xanım Əliyevanın 2017-ci il 21 fevralda Birinci vitse-prezident təyin olunması ilə başlamışdı. Bu fakt göstərirdi ki, islahat prosesi uğurla davam edəcək.
İslahat prosesinin növbəti mərhələsi 2019-cu ilin yayında kadr dəyişiklikləri ilə davam etdirildi. Bəziləri bu prosesə kosmetik dəyişikliklər kimi yanaşsa da, tarix onların növbəti dəfə səhv etdiklərini təsdiqlədi. Prezident onda hələ “Nəyi, nə vaxt etməyi mən bilirəm” deməmişdi. Lakin inananlar çox idi ki, İlham Əliyev islahat anonsu verirsə, bu, çox ciddi proseslərin olacağının göstəricisidir.
Deyilən, vəd edilən, gözlənilən və inanılan oldu!
2019-cu ilin oktyabrında islahatların qarşısında ilk əngəl aradan qaldırıldı, böyük islahatlar paketi ortaya qoyuldu. 29 noyabr 2019-cu ildə İlham Əliyevin Prezident Administrasiyasının yeni strukturunun təsdiq edilməsi haqqında sərəncamı ilə yeni bir dönəm başladı. Administrasiyada yeni strukturlar yaradıldı və təyinatlar oldu.
Böyük islahatların başladığı o gündən indi dörd il ötür. Ötən 4 ildə Azərbaycan 40 illik bir yol keçdi. Qələbəyə gedən yolumuza işıq salan, keçmişdən ayrılıb yumruq kimi birləşdiyimiz gün bizi həsrətində olduğumuz Zəfərə aparan günə çevrildi!
Məşhur bir deyim var:“Kadrlar çox şeyi həll edir”. Ona görə də ilk diqqətlər kadr seçiminə yönəlmişdi. 30 il dövlətin sükanında oturanların əksəriyyəti vəzifələrindən uzaqlaşdırıldılar.
Bu, o günlər idi ki, Zəfərimizə - Qarabağın işğaldan azad olunmasına hələ bir il qalırdı. Amma cəmiyyətdə ümid, inam o qədər böyük idi ki!
Məhz bu dəyişikliklərdən sonra uzun illər iqtidar-müxalifət münasibətlərində kimlərinsə maraqlarına xidmət edən səd dağıdıldı, hər iki tərəf dövlət və dövlətçilik naminə müzakirənin mümkünlüyünü ortaya qoydu.
Prezidentin tapşırığına əsasən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və onun rəhbəri olduğu şöbənin əməkdaşları çox iş gördülər. Bununla da ölkənin siyasi həyatında canlanma başladı.
Yeni konfiqurasiyanın, zamanında atılan addımların uğurlu olması qısa müddət sonra - 44 günlük Vətən müharibəsində də, proseslərin sonrakı gedişatında da özünü isbatladı.
Münasibətlər sisteminin dəyişməsi həm də qarşılıqlı etimad və etibar mühitinin yaranması üçün əsas oldu. Artıq ölkədə bir-biri ilə normal münasibətlərdən imtina edən tərəflər yox, bütün problemlərin həllinin danışıqlar və müzakirələrdən keçdiyini qəbul edən iki tərəf vardı.
İqtidar-müxalifət münasibətlərinin qarşılıqlı hörmət, dialoq və dövlətçilik ənənəsi üzərində qurulması dövlətin təməllərindən biridir və Azərbaycanda da bunun tətbiqi təkcə daxildəki problemlərin həllinə yol açmırdı, həm də illərlə yaradılan bu problemlərdən yararlanmaq istəyən və bəzən bunu bacaran qüvvələrin əlindəki bütün imkanları məhdudlaşdırırdı.
Məhz həmin dönəmdə uzun illər iqtidar-müxalifət münasibətlərində kimlərinsə maraqlarına xidmət edən səd dağıdıldı, hər iki tərəf dövlət və dövlətçilik naminə müzakirənin mümkünlüyünü ortaya qoydu. İlk başlarda bəlkə də Azərbaycan insanı üçün həm də qəribə görünən bu dialoq-əməkdaşlıq inkişaf etdirildi.
Siyasi həmrəylik və Zəfərə gedən yol
44 günlük müharibə çox şeylərlə yadda qaldı. Möhtəşəm hərbi performans, Ordu-Xalq-Prezident birliyi Zəfərin əsas təminatçılarından birinə çevrildiyi kimi, yeni siyasi konfiqurasiyanın verdiyi imkanlar Zəfər tarixini daha da yaxınlaşdırdı.
Dünya o günlərdə təkcə Azərbaycanın öz torpaqları uğrunda cəsarətli və ədalətli müharibəsinə şahidlik etmədi, həm də siyasi mövqeyindən asılı olmayaraq hər kəsin Zəfər üçün səfərbər olmasını heyranlıqla izlədi. Müharibənin ilk günlərində siyasi partiyalar mövqelərindən asılı olmayaraq, Ali Baş Komandana, Azərbaycan Ordusuna dəstək bəyanatı imzaladılar. Bu bəyanat həmin dövr üçün yeni təməl üzərində qurulan münasibətlərin həm də sınağı idi. Bir il əvvəl başlayan islahatların nəticəsi özünü həm də müharibə meydanında göstərirdi.
Böyük Zəfərdən sonrakı dövrdə Azərbaycana qarşı ən müxtəlif cəbhələrdən başlanan hücumların qarşısına da dövlət və dövlətçiliyin müdafiəsi üçün səfərbər olunmuş qüvvələrin birliyi çıxdı. Buna qədər aparılan proseslər, münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanaraq yeni müstəviyə keçməsi siyasi partiyaların, təşkilatların rolunun yüksəldilməsinə də xidmət edən amil kimi dəyərləndirilməlidir.
Buna qədər müxtəlif bayramlarda, əlamətdar günlərdə siyasi mənsubiyyətindən asılı olmayaraq dövlət başçısının adından partiya sədrlərinə ünvanlanan təbriklər, siyasi təşkilatlara dəstək, onların ofis təminatı, siyasi fəaliyyətin tənzimlənməsində katalizator rolunu oynayacaq qanunvericilik bazasının yenilənməsi bu gün də davam edən əlaqələrin daha möhkəm təməl üzərində inkişafına təkan verən amillərdəndir.
Bütün bu fəaliyyət nəticəyönümlülüyə hesablanmışdı. 2019-cu ilin noyabrından etibarən başladılan kadr islahatları Prezident və Birinci vitse-prezidentin etimadını doğrultmaqla hakimiyyət-xalq-dövlət birliyini əsaslı şəkildə təmin etməli, Zəfər səlanməsinin bünövrəsini hazırlamalıydı. Çox şey dövlət institutlarının qarşısına qoyulan bu vəzifənin öhdəsindən necə gəlinəcəyindən asılı idi.
Bu, o dövr idi ki, Azərbaycanda iqtisadiyyat indiki kimi yetərincə güclü idi. Neft gəlirləri artdıqca, ordumuzun qüdrəti formalaşırdı, maddi-texniki təminat gücləndirilirdi. Amma ölkədə dövlətin daha da güclənməsinə, dövlətçilik ənənəsinin oturuşmasına mane olan ən böyük problem hələ də gündəmdəydi. Ölkədə siyasi balans yox idi. İllərlə iqtidarla müxalifət, siyasi qüvvələr arasında yaradılan uçurum öz işini görmüşdü. Bu ağır yükə çiyin verənlərin üzərinə böyük məsuliyyət düşürdü.
Siyasi dialoq mühitinin yaranması, siyasi qüvvələr arasında pozulan balansın tarazlaşdırılması, masa ətrafında müzakirə, ölkənin problemlərini birlikdə çözmək, verilən təkliflərin dinlənillməsi və birgə çıxış yollarının tapılması kimi məsuliyyətli bir iş layiqincə yerinə yetirildi. Azərbaycanın 200 ildə ilk dəfə ərazi bütövlüyünü tam olaraq təmin etməsinə aparacaq o müqəddəs müharibədəki uğurun bir hissəsi də məhz bundan asılı oldu.
Gələcəyə hesablanan islahat
Gələcəyə hesablanmış siyasətin nəticəsi 44 gündə özünü göstərdi. Dünya öz torpaqlarını işğaldan azad etmək üçün müqəddəs müharibəyə başlayan Azərbaycanda dövlətçilik ənənəsinin böyük təntənəsini gördü. İqtidar-müxalifət dialoqu adlandırılan o prosesin məntiqi nəticəsi idi ki, həmin günlərdə siyasi mövqe kimsənin ayrıcalığına çevrilmədi, hər kəs üçün ancaq bir siyasi mövqe vardı.
44 günük Vətən müharibəsindən sonrakı sentyabr döyüşlərində də, 23 saat davam edən antiterror tədbirlərində də təməli bir neçə il əvvəl qoyulan münasibətlərin nəticəsi özünü göstərdi.
Ərazi bütövlüyünü, suverenliyini tam təmin etmiş, müharibdən qalib çıxmış ölkədə siyasi münasibətlərin və fəaliyyətin də yeni sisteminə ehtiyac vardı. Siyasi mühitdə fəallığın təmininə, siyasi münasibətlərin yeni tələblərə uyğun qurulmasına yönələn növbəti addın “Siyasi partiyalar haqqında” Qanunun qəbulu oldu.
Qanun kifayət qədər geniş müzakirə olundu, tərəfdarları qədər əleyhdarları da vardı, hər kəs öz fikirini əsaslandırmaq üçün şəraitdən maksimum istifadə etdi. Qanuna əlavə və düzəlişlər edildi. Parlamentdə qəbulundan və qüvvəyə minməsindən sonra siyasi partiyaların fəaliyyəti üçün yeni imkanların yaranacağı bəlli idi.
Qanunvericiliyin tələbinə uyğun olaraq üzv sayı yetərincə olmayan partiyalar fəaliyyətlərinə xitam verdilər, sənədlərini təqdim edən partiyalara çatışmazlıqların aradan qaldırılması üçün zaman verildi, qeydiyyat prosesi başa çatdıqdan sonra gələcək fəaliyyəti tənzimləyəcək növbəti mərhələ başladı. Artıq yeni qanunun tələblərinə uyğun dövlət qeydiyyatına alınan partiyalar qurultaylarını keçirir, əsasnamə və nizamnamələrini qəbul edir, sədr seçirlər. Ölkənin siyasi həyatında uzun illər məlum səbəblərdən yaradılan durğunluq aradan qalxır, yeni siyasi konfiqurasiyanın verdiyi imkanlardan bu dəfə cəmiyyətin inkişafı üçün istifadə edilir.
Təməli 2019-cu ildə qoyulan islahatların Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə təsiri, dövlət və dövlətçilik ənənəsinin möhkəmlənməsi, yeni münasibətlər sisteminin qurulması, qarşılıqlı hörmət və etimad mühitinin yaradılmasında oynadığı müsbət rol prosesin davamlı olacağını söyləməyə əsas verir.
Bu prosesin bir tərəfində dövlət varsa, digər tərəfində vətəndaş var. Dövlət - vətəndaş münasibətlərinin vəzifə və məsuliyyət bölgüsündə ədalətin təmini inkişaf etmiş dövlətin məsuliyyətli vətəndaşını yetişdirir...
“Cebhe.info” Analitik Qrupu