Azərbaycan qəti addımlar atmağa vadar olacaq

Azərbaycan qəti addımlar atmağa vadar olacaq

Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan müddəalar ləğv olunmaya bilər.

“Məlumatlı Vətəndaşlar İttifaqı” ictimai təşkilatının rəhbəri Daniel İoannisyan “Facebook” səhifəsində konstitusiya dəyişikliklər ilə bağlı məsələyə toxunub. O, qeyd edib ki, Ermənistanın yeni Konstitusiyası 2027-ci ildən tez olmayaraq qəbul ediləcək.

“Konstitusiyanın Preambulasına və Müstəqillik Bəyannaməsinə istinadla bağlı məsələ Şurada müzakirə olunmayıb və yaxın gələcəkdə də müzakirə olunmayacaq. Şuranın dünən keçirilən iclasında gələcək Konstitusiyanın modeli müzakirə olunub”.

Son proseslər onu göstərir ki, Ermənistan bununla sülh prosesindən yayınmağa çalışır, Azərbaycanla sülh sazişi imzalamaq niyyətində deyil və prosesi uzatmağa cəhd edir. Ermənistanın bu hərəkətləri regionun taleyini daha da qeyri-müəyyən edəcək.

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cümhuriyət”-ə şərhində qeyd edib ki, Nikol Paşinyan zaman qazanmağa çalışır:

“Paşinyan hakimiyyəti Ermənistan Konstitusiyasında dəyişikliklər ilə bağlı qətiyyətli qərar verməməsi təhlükəsizliyin təminatından irəli gəlir. Ölkə konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəaların ləğvinin zəruriliyinə toxunulmaması onu deməyə əsas verir ki, Baş nazir Nikol Paşinyan əleyhinə keçiriləcək etiraz aksiyalarından narahatdır. Yəni Paşinyan bu istiqamətdə addım atmaqdan çəkinməklə öz təhlükəsizliyinə təhdid yaradacaq proseslərin qarşısını almağa çalışır. Eyni zamanda, Paşinyan hakimiyyəti həm regional, həm də qlobal səviyyədə baş verən geosiyasi prosesləri diqqətlə izləyir. Rusiya-Ukrayna müharibəsi fonunda Nikol Paşinyan zaman qazanmağa çalışır. Bu zaman çərçivəsində Paşinyan hakimiyyəti Ermənistanın yeni xarici siyasətini müəyyən etməlidir”.

Siyasi şərhçi bildirib ki, təkcə konstitusiya məsələsi yox, həmçinin Ermənistanın Avropa İttifaqına üzv olmaq üçün referendumun keçirilməsi də ləngiyir:

“Ermənistan iqtidarının siyasətində qeyri-müəyyənlik hökm sürür. Burada ən əsas məqam isə Ermənistanın hər zaman əlindən tutmağa hazır olduğunu bəyan edən Makron hakimiyyətinin, o cümlədən Avropa İttifaqının rəhbər strukturlarındakı dairələrin dar bir zamanda İrəvanın yanında durub-durmayacaqları hələ sual altındadır. Buna görə də Nikol Paşinyanın zamana ehtiyacı var”.

N. Miri vurğulayıb ki, Azərbaycanın Ermənistanla daha otuz il danışıqlar aparmaq üçün səbri yoxdur:

“Əvvəla, Paşinyan hakimiyyətinin 2026-ci ildə səlahiyyət müddəti bitir və həmin ildə növbəti parlament seçkiləri keçiriləcək. Növbəti parlament seçkilərinə qədər Ermənistanda mövcud siyasi vəziyyətin və qüvvələr nisbətinin hansı istiqamətə dəyişəcəyi bəlli deyil. Bu da Azərbaycanı narahat edir. Həm Ermənistanın daxilində dəyişikliklərin baş verməsi, həm də regional və qlobal səviyyədə yeni proseslərin yaşanması ehtimalı Azərbaycanı qəti addımlar atmağa vadar edəcək. Azərbaycan qısa müddət ərzində ya istədiyi təminatları almalı, ya da bunun üçün özü şərait yaratmalıdır. Hesab edirəm ki, hərbi-siyasi qərarlar paralel şəkildə verilməlidir. Siyasi qərarlar vermək mümkün deyilsə, vəziyyətə uyğun lazımi addımlar atılmalıdır”.

Yunis Abdullayev
"Cebhe.info"