Azərbaycan Robert Köçəryan və Serj Sarkisyanı həbs etdirə bilər

“Johovurd” qəzetinin yazdığına görə, Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutuna qoşulmaq qərarı Rusiya Dövlət Dumasının üzvləri üçün əsl bəlaya çevrilib.
Adıçəkilən mənbə qeyd edir ki, Dövlət Dumasının üzvləri indi bu qərardan qorxur və necə manevr etmək variantları barədə düşünür. Xüsusilə də Moskva buna kifayət qədər sərt reaksiya verib və sənəd ratifikasiya olunarsa, bunun ikitərəfli münasibətlərə son dərəcə mənfi nəticələri barədə xəbərdarlıq edib. Məlum olduğu kimi, martın 24-də Konstitusiya Məhkəməsi Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusuna qoşulması məsələsinə baxıb. Məhkəmə Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin təsis müqaviləsinə qoşulmasının ölkənin Əsas Qanununa uyğun olması barədə qərar qəbul edib.
Roma Statusunun müddəalarına görə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunan şəxslərə qarşı heç bir amnistiya və ya əfv tətbiq edilə bilməz. Martın 17-də isə Haaqa Məhkəməsi Rusiya Prezidentinin Vladimir Putinin həbsinə order verib. Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin təsis müqaviləsini ratifikasiya edəcəyi təqdirdə, rəsmi İrəvan Putini həbs edib tribunala vermək barədə öhdəliyə malik olacaq. Ona görə də Putin Ermənistana səfər edə bilməyəcək. Qeyd edək ki, MDB məkanında indiyə qədər yalnız Tacikistan Roma Statusuna qoşulub.
“Bu, o deməkdir ki, Ermənistan Roma Statusuna qoşulmaqla məhkəmənin qərarına əməl etməlidir. İndi top parlamentarilərin meydanındadır”,- “Johovurd” qəzeti belə yazıb.
Qeyd edək ki, Ermənistanın Roma Statusuna qoşulması Azərbaycanın da bu müqavilənin iştirakçısına çevrilməsinin vacibliyini gündəmə gətirib. Çünki Azərbaycanın Roma Statusunun nizamnaməsini qəbul etməsi Ermənistana qarşı Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırmaq üçün hüquqi prosedurları asanlaşdıra bilər. Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycanda dinc əhaliyə qarşı etnik təmizləmə, soyqırım və hərbi cinayətlər törətmiş erməni terrorçuları Haaqa Tribunalına verə bilər. Azərbaycanın bu iddianı Roma Statusuna üzv olmadan da qaldırması mümkündür.
Lakin indiyə qədər Azərbaycanın və Ermənistanın bu müqaviləyə qoşulmaması Beynəlxalq Cinayət Məhkəməsində Robert Köçəryan, Serj Sarkisyan, Samvel Babayan, Seyran Ohanyan kimi qatillər barəsində həbs qərarının çıxarılmasını ləngidən əsas səbəblərdən birini təşkil edir. Ermənistan parlamentinin bu sənədi ratifikasiya edəcəyi ehtimalı yüksəkdir. Ona görə də Azərbaycanın Roma Statusuna qoşulması Haaqa Məhkəməsində erməni hərbi canilərinə qarşı iddia qaldırmaq imkanı yarada bilər. Azərbaycanın indiki şəraitdə bu müqaviləyə üzv olması təbii ki, Rusiyanın etrirazına səbəb ola bilər.
Ancaq Azərbaycan ərazilərinin işğalı zamanı minlərlə insanın qətliam edilməsi, Xocalı soyqırımı, İkinci Qarabağ müharibəsində Gəncə, Tərtər və Bərdə şəhərlərində dinc insanların məqsədyönlü şəkildə məhv edilməsi milli təhlükəsilik məsələsidir. Rusiya Prezidentinin Ukraynada törətdiyi qırğınlarla Ermənistanın və orada gizlənən terrorçuların Azərbaycana qarşı həyata keçirdiyi qətliyamların heç bir fərqi yoxdur. Bu baxımdan, Azərbaycan Putinin şəxsi toxunulmazlığına görə milli təhlükəsizliyinin təminatına göz yuma bilməz.
Əgər Rusiya Prezidenti özünü həbsdən qorumaq istəyirsə, o zaman Azərbaycana və Ermənistana səfər etməyə bilər. Ancaq Azərbaycanın Roma statusuna qoşulması zərurəti Rusiyaya qarşı yönəlməyib və Prezident Putini həbs etmək məqsədi daşımır. Azərbaycan Ermənistandakı hərbi cinayətkarların əməlinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməsinə nail olmalıdır. Bu isə 1997-ci il Roma Statusu təsis müqaviləsinin imzalanmasını zəruri edir.
Hüquqşünas Əsabəli Mustafayev Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycan Roma Statusuna qoşulmalıdır. Lakin bu məsələdə tələsmək olmaz:
“Azərbaycan gələcəkdə bu müqaviləyə qolulmalıdır. Çünki BMT-yə üzv olan dövlətlərin böyük əksəriyyəti Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul edib. Azərbaycan hərbi cinayətlə bağlı Ermənistana qarşı iddia qaldırsa, bu məsələyə həmin məhkəmə orqanında baxılacaq. Artıq Ermənistan bu müqaviləni qəbul edib. Ancaq hesab edirəm ki, Ermənistan bunu Rusiyaya münasibətinə görə edib. Yəni rəsmi İrəvan bu addımı atmaqla Rusiya ilə münasibətləri qırmaq və özünü Avropaya yaxın göstərmək istəyib.
Bununla da Ermənistan hakimiyyəti Putindən qorxmadığını nümayiş etdirir. Bu, özünü reklam etməkdir. Lakin Azərbaycan xalqına qarşı soyqırım və kütləvi qətllər törətmiş erməni cinayətkarların gələcəkdə məsuliyyətə cəlb olunması üçün Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etməlidir. Bu proses gec baş verə bilər. Çünki Rusiya bu məsələni özünə qarşı atılmış addım hesab edir. Əgər Ermənistan bir və ya iki il öncə bu məhkəmənin üzvü olsaydı, problem yaranmazdı”.
O bildirib ki, indiki halda, yəni Putinin həbsi ilə bağlı order veriləndən sonra Ermənistanın Roma Statusuna qoşulması Rusiyaya qarşı çağırışdır:
“Azərbaycan da hazırda belə bir addım atsa, bu, Rusiyaya qarşı çağırış kimi qəbul ediləcək. Ona görə də Azərbaycan Rusiya və Ermənistan arasında yaranmış gərginlikdən diplomatik yollarla istifadə etməyə çalışmalı, hərbi uğurlarını inkişaf etdirməlidir. Gələcəkdə, vəziyyət dəyişdikdən, yəni Putinin məsələsi həll edildikdən sonra Azərbaycan da Roma Statusuna qoşulmalıdır. Bu isə Azərbaycanın xeyrinə olacaq”.
Əsabəli Mustafayevin sözlərinə görə, indiyə qədər Azərbaycan bir neçə dəfə Ermənistanla bağlı Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Bu şikayətlərin bəzilərinə baxılıb, bəziləri isə tam təmin olunmayıb.
Müşfiq Abdulla
Cebhe.info