İran rejimində ciddi parçalanma: Hərbçilər silahı mollalara çevirir

İran rejimində ciddi parçalanma: Hərbçilər silahı mollalara çevirir

İranın hərbi elitasında fikir ayrılığının artması ilə bağlı məlumatlar yayılır.

Bu xəbərlər İranın hərbi-ideoloji sistemində parçalanmanın başlanması kimi şərh edilir. Xüsusilə də İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyinin ətrafı ilə İslam İnqilabı Keçikçiləri Korpusu (Sepah) arasında münasibətlərin pisləşdiyi deyilir. Son zamanlar İranda davam edən kütləvi etitazlar fonunda siyasi-ideoloji sistemin zəifləməsi hakimiyyətin əsas dayağı sayılan güc strukturlarında da mərkəzdənqaçma meyillərinin baş qaldırmasına səbəb olub.

Bu baxımdan, "Sepah"ın yüksək rütbəli hərbçilərinin Xameneyi rejimini müdafiə etmək üçün xalqla silahlı qarşıdurmaya getməkdə maraqlı olmadığı bildirilir. Eyni zamanda, ali rəhbərə yaxın dini elita sentyabrın 16-dan bəri davam edən aksiyaların qarşısını ala bilmədiyinə görə "Sepah"dan və onun yarımhərbi qolu olan “Bəsic”dən narazıdır.

İran hakimiyyətindən sızan məlumatlara görə, İslam İnqilabı Keşikçilərinin bəzi əsgər və zabitləri xalqa atəş açmaqdan imtina edir, silahları yararsız hala salır. 43 ildir İran rejiminin dini-ideoloji prinsiplərinin müdafiəsi vəzifəsini daşıyan "Sepah"ın indi bu işin öhdəsindən gələ bilməməsi və bəzi hallarda imtina etməsi müşahidə olunur.

Bu isə İranda hərbi-ideoloji sistemin çöküşünün başlanğıcı kimi dəyərləndirilir. İsrailin "Yerusəlim Post" qəzeti artıq İran rəhbərliyində parçalanmanın başlandığını yazır. SEPAH rəsmisi Həmid Abazari yüksək səviyyəli komandirlərin və məmurların davam edən etiraz dalğası zamanı dəyərlərə (dini lider Əli Xameneyiyə) və rejimə qarşı uğursuzluğa düçar olduqlarını deyib.

Abazari həmçinin, etirazlara səssiz qalan rəsmiləri qınadığını bildirib və əlavə edib ki, Xameneyiyə qarşı çıxanlar arasında rejimin birinci dərəcəli rəsmiləri də var. SEPAH-ın ictimaiyyətlə əlaqələr şöbəsi dünən Abazarinin açıqlamalarını rədd edərək, bunun "onun şəxsi fikri" olduğunu və "mövcud faktlar"a uyğun gəlmədiyini vurğulayıb.

Bundan əlavə, SEPAH-ın etirazlara və iğtişaşlara qarşı mübarizə aparan bölməsinə cavabdeh olan Qulamhüseyn Qeybpərvər bəzi elitaları etirazlara səssiz qaldıqları üçün tənqid edib: "Bəzi elitalar öz aləmlərində zərər və ziyana uğramaqdan qorxur və buna görə susurlar". Qeybpərvər İranda dini dəyərlərin zəiflədiyini də söyləyib: "İqtisadi problemləri, bahalığı, işsizliyi və sairi nkar etmirik, amma bu rejimin haqqı idimi ki, kim gəlirsə, onun bədəninə bıçaq soxsun?"

Amerika Müəssisələr İnstitutunun (AEI) "Kritik Təhdidlər Layihəsi"ndə (CTP) qeyd olunur ki, etirazlar və rejimin repressiyaları İranın siyasi və təhlükəsizlik qurumlarını parçalayıb. Etirazlar fonunda son aylarda İran din xadimləri və rəsmiləri tərəfindən hökumətə qarşı tənqidlər artıb. "Black Reward" haker qrupu tərəfindən SEPAH-ın baş komandanı Hüseyn Salami ilə bağlı sızdırılan məlumatda bəzi iranlı rəsmilər "inqilabçı qüvvələr" arasında şübhələr və qeyri-müəyyənliklərin artdığını deyirlər.

Bundan əlavə, İran rəsmiləri deyirlər ki, etiraz hərəkatı və son iğtişaşlarda ən böyük nailiyyət insanların ordu və polis qüvvələri qarşısında qorxu hislərini itirmələridir. Bu yaxınlarda İranın Məsləhət Şurasının üzvü və Xameneyinin məsləhətçisi Məhəmməd Sədr yerli "Donya" qəzetinə verdiyi müsahibədə xəbərdarlıq edib ki, etirazlar iqtisadi şüarlardan xeyli dərəcədə yayınsa da, ölkədə iqtisadi vəziyyətin pisləşməsi çox təhlükəli olan iqtisadi etirazlara səbəb ola bilər.

Sədr əlavə edib ki, dialoq davam edən iğtişaşlar üçün ən yaxşı həll yoludur. "Etirazçıların tələblərinin yüz faizi praktiki deyil və bu tələblərin bir qismini zaman keçdikcə həyata keçirə bilərik",- adıçəkilən qəzet belə yazıb. Siyasi ekspertlərin fikrincə, İranın hərbi-ideoloji sistemində ziddiyyətlərin artmasını zəruri edən səbəblər formalaşıb. İranın zorakılıq və repressiya maşını olan güc strukturları, ilk növbədə isə "Sepah" əvvəlki illərdən fərqli olaraq, zəifləməyə başlayıb. Rejimin ideoloji dayaqlarının zəifləməsi "Sepah"ın da təsir gücünü azaldıb.

Birincisi, cəmiyyət teokratik rejimdən və şəriət normaları ilə yaşamaqdan kütləvi şəkildə imtina edərək, dünyəvi, demokratik dövlətin qurulmasını tələb edir. Bu isə hakimiyyətin ideoloji bünövrəsini sarsıdır. Ayətullah Xameneyiyə yaxın olan bəzi yüksək rütbəli din xadimləri etirazçıları edam etməyə çağırdığı halda, bir sıra mollalar hakimiyyətin aksiyaları silah gücü ilə yatırmasına qarşı çıxır. Yəni dini-siyasi elitada ciddi fikir ayrılığı yaranıb.

İkinci mühüm səbəb İslam İnqilabı Keçikçiləri Korpusunun ölkənin iqtisadi strukturlarına nəzarəti tam ələ alması nəticəsində yaranmış problemlərlə bağlıdır. Kapitalın böyük hissəsi son zamanlar ölkənin bütün iqtisadi sahələrində idarəçiliyi ələ almış "Sepah"ın əlində cəmləşib.

Artıq İslam İnqilabı Keşikçiləri Korpusu hərbi təşkilatdan daha çox iqtisadi fəaliyyəti ilə seçilən bir struktur kimi dövlət içində dövlətə çevrilib. İranda korrupsiya yolu ilə mənimsənilən vəsaitin böyük hissəsi "Sepah"ın büdcəsinə və rəhbərliyinin cibinə daxil olur. Bu isə rejimin daxilində maraq toqquşmalarına gətirib çıxarıb. Ona görə də xalq ölkədə artan korrupsiya və yoxsulluğa görə "Sepah"ı ittiham edir. Yəni cəmiyyətdə “inqilab keşikçiləri”ndən narazılığın artması onun ictimai dayaqlarını zəiflədib.

İslam İnqilabı Keçikçiləri Korpusunun bir sıra yüksək rütbəli zabitləri artıq rejimin siyasi çöküşünün yaxınlaşdığını görür. Ona görə də hakimiyyətin cinayətlərinə şərik olmamaq üçün xalqla qarşıdurmada iştirak etmək istəmir. İran rəhbərliyinin artıq "Sepah"a etimad göstərmədiyi, yəni fikir ayrılığı özünü etiraz aksiyalarının yatırılması üçün İraqdan "Həşti-Şaabi", Livandan "Hizbullah" silahlı dəstələrinin cəlb edilməsində göstərir.

Digər səbəb İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət edən qeyri-fars millətlərin nümayəndələrinin aksiya iştirakçılarına atəş açmaqdan imtina etməsidir. Artıq belə halların sayının artması etirazlarda milli-azadlıq şüarlarının daha geniş vüsət alması ilə bağlıdır. ümumiyyətlə, İran cəmiyyətində əvvəlki illərlə müqayisədə hərb maşınının yaratdığı qorxu xofunun aradan qalxması müşahidə olunur.

Etirazlarda hakim dini-ideoloji normalardan imtina edilməklə yanaşı, siyasi sistemin güc aparatına qarşı müqavimətin artması baş verir. Ölkədə İİKK-nun Qüds qolunun sabiq komandanı Qasim Süleymaninin heykəllərinin, banerlərinin yandırılması İranda "Sepah"ın timsalında siyasi tabuların sındığını göstərir. Bu isə xalqın hədəfinə gəlmək istəməyən hərbçilərin sayını artırır.

Müşfiq Abdulla

Cebhe.info