İrəvanın 8 kənd “dirənişi” qırılır
Noyabrın 30-da Azərbaycan və Ermənistan Respublikası arasında sərhəddə iclas keçirilib.
Görüş Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan və Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin sədrliyi ilə olub. Tərəflər dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işə başlamaq barədə razılığa gəliblər.
Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında, həmçinin komissiyaların iclaslarının intensivləşdirilməsi, növbəti iclasın tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər. Sərhədlərin delimitasiyası üzrə komissiyaların görüşündə Azərbaycanın işğal altında olan səkkiz kəndinin azad edilməsi məsələsinin əsas müzakirə predmeti olduğu istisna edilmir. Müzakirələrin məhz Qazax və Ermənistanın Karvansaray (İcevan) rayonunun sərhədində keçirilməsi də buna işarədir.
Qeyd edək ki, Azərbaycan Ermənistandan işğal altında saxladığı Qazax rayonun 7 kəndini (Aşağı Əskipara, Yuxarı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Barxudarlı, Sofulu, Qızıl Hacılı) və Sədərək rayonunun Kərki kəndi kəndinin geri qaytarmağı tələb edir. Çünki işğal faktı aradan qalxmadan nə iki ölkə arasında sülh müqaviləsinin imzalanması, nə də sərhədlərin delimitasiyası və demarkasiyası mümkündür. Çünki Ermənistan 8 kəndi nəzarətində saxlamaqla Azərbaycana qarşı ərazi iddiasını davam etdirir. Bu isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir.
Rəsmi İrəvan Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünü tanıdığını və həmin prinsip əsasında sülh sazişi imzalamağa hazır olduğunu bəyan edir. Halbuki, 86,6 min kv.km əraziyə adları çəkilən 8 kənd də daxildir. Lakin Ermənistan 8 kəndi işğal altında saxlamaqla sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünə və suverenliyə hörmət edilməsi prinsilərini pozur.
Bu da Azərbaycan Konstitusiyasına birbaşa ziddir. Ona görə də 8 kənd qaytarılmadan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası mümkün deyil. Ancaq Ermənistan hakimiyyəti müxtəlif manipulyasiyalar edərək kəndləri qaytarmaq niyyətində olmadığını nümayiş etdirir. Ermənistan kəndlərin qaytarılmasını Azərbaycanla ərazi mübadiləsi prinsipi əsasında həll etmək istəyir. Yəni rəsmi İrəvan Qazax rayonunun 7 kəndinin qaytarılması müqabilində Gədəbəy rayonunun Başkənd kəndini öz ərazisinə daxil etmək istəyir.
Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin noyabrın 24-də keçirilən iclasında Azərbaycana qarşı ərazi iddiasını açıq-aşkar dilə gətirib:
“Mən Ermənistanın ərazisinin 29 min 800 kvadrat kilometr, Azərbaycanın ərazisinin 86 min 600 kvadrat kilometr olduğunu bəyan etmişəm. İstəsəm də belə bir məsələnin olmadığını deyə bilmərəm. Çünki Başkənd Ermənistan Respublikasının suveren ərazisidir. Biz Başkənd məsələsini qaldıranda, təbii ki, Azərbaycan da öz növbəsində, Sovet İttifaqının təsvirinə və xəritələrinə əsasən de-yure mövcud olan anklavlar məsələsini qaldırır”.
Ermənistan parlamentinin spikeri Alen Simonyan isə noyabrın 28-də verdiyi açıqlamada bildirib ki, İrəvan sovet dövründə mövcud olan anklavları Bakıya qaytarmağa, əvəzində anklavın tərkibində yerləşən Başkənd kəndini də almağa hazırdır.
“Mən əminəm ki, biz bu problemin həllini tapacağıq. İndi konkret heç nə deyə bilmərəm, lakin (hüquqi əsaslar) varsa, biz onların anklavlarını onlara qaytarmağa hazırıq, onlar da bizim Başkəndimizi qaytaracaqlar”,-Simonyan jurnalistlərə bildirib.
O əlavə edib ki, Başkəndin ərazisi Azərbaycanın haqqında danışa biləcəyi iki-üç anklavdan böyükdür. Simonyanın sözlərinə görə, anklavların demarkasiya xətlərini göstərən sənədləri tapmaq çətindir.
Nikol Paşinyan isə bununla kifayətlənməyərək Kərkini Ermənistanın ərazisinə qatmaq istədiyini deyib.
“Desək ki, anklavdan söhbət gedə bilməz, o halda deməliyik ki, eksklavdan- Kərkidən söhbət gedə bilməz. Ona görə də bu iki məsələ sülh prosesi çərçivəsində həll olunmalıdır”.
Bununla da Paşinyan hakimiyyətinin Azərbaycana verdiyi mesajın mahiyyəti aydın olur. Yəni Ermənistan Kərki kəndini Azərbaycana qaytarmaq niyyətində deyil və sülh prosesi çərçivəzində onun ilhaqını rəsmiləşdirməyə çalışır. Qazaxın yeddi kəndini isə yalnız Gədəbəy rayonunun Başkənd kəndinə dəyişməklə qaytarmağa razıdır. Əks təqdirdə, Ermənistan yeddi kəndi də ilhaq edəcəyini bildirir. Paşinyanın sözlərinə görə, rəsmi İrəvanın bu problemlə bağlı Azərbaycana təklifi bundan ibarətdir:
“Biz öz suverenliyimizi Başkənd, Azərbaycanın isə de-yure suverenliyini anklavlar üzərində təsdiqləyirik”.
Lakin Ermənistanın 8 kəndi Azərbaycana qaytarmamaq hüququ yoxdur və iki ölkə arasında yeni müharibəyə gətirib çıxara bilər. Çünki Azərbaycanın həmin kəndləri güc tətbiq etməklə işğaldan azad etmək hüququ var. Bu kəndlər işğal edildiyinə görə mübahisəli ərazi sayıla bilməz. Ona görə də Ermənistan həmin torpaqları qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Ermənistanın Azərbaycana ərazi mübadiləsi təklif etməsi də hüquqi baxımdan düzgün deyil.
Çünki Ermənistan 1992-ci ildə Azərbaycana qarşı işğalçılıq müharibəsinə başlamaqla öz sərhədlərindən imtina edib və 1991-ci il Alma-Atı Bəyannaməsini pozub. Əslində, Paşinyan Alma-Atı Bəyannaməsinə əsasən Azərbaycanın ərazi bütövlüyünün tanınmasına dair sənədə imza atmaqla sərhədlərdən imtina faktını ört-basdır etməyə çalışır. Bu baxımdan, Ermənistanın Başkəndə iddia edə bilməz. Çünki Başkənd 1992-ci ilin avqust ayında azad edilib. Həmin dövrdə isə Ermənistanın Sovet dövründə mövcud olmuş adminstrativ sərhədləri işğalçılıq müharibəsi nəticəsində mövcud deyildi.
İkincisi, Azərbaycan Başkəndi işğal etməyib. Başkənddə yaranmış separatçılıq və terror fəaliyyətinə qarşı hərbi əməliyyat keçirib. Nəticədə, qanunsuz silahlı dəstələr və terrorçular zərərsizləşdirilib.
Üçüncüsü, Başkənd tarixən Azərbaycan torpağı olub. 1920-ci ildə Sovet Rusiyası tərəfindən Azərbaycandan alınaraq Ermənistana pay verilib. Yerli azərbaycanlı əhali isə kənddən qovulub və oraya qanunsuz olaraq ermənilər köçürülüb. Yəni Başkənddə yaşamış erməni əhali aborigenlər olmayıb. Azərbaycanın işal altında olan 8 kəndinin əhalisi isə aborigenlərdir və bu gün məcburi köçkün statusu daşıyır. Kərki kəndinə gəlincə, Ermənistanın bu ərazini özünə birləşdirmək niyyəti nəinki Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsddir, həm də beynəlxalq hüquqa ziddir.
1921-ci il Moskva və qars müqavilələri ilə təşkil olunmuş xəritələrdə Kərki kəndi esklav olmayıb. Sonrakı illərdə Ermənistan Sədərək rayonu ilə Ermənistan arasında mövcud olan Kərkinin düzü yüksəkliyini işğal edib. Ona görə də Ermənistan yalnız Kərki kəndini deyil, yüksəkliyi də Azərbaycana qaytarmalıdır. Eyni vəziyyət Qazaxda da müşahidə olunur. Qazax rayonunun torpaqlarının tarixən mərhələli şəkildə qanunsuz olaraq Ermənistana verilməsi nəticəsində hazırda işğal altında olan yeddi kənddən beşi anklav vəziyyətə düşüb.
1924-1928-ci illərdə Qazax mahalının 4 min desyatin (4360 hektar) torpaq sahəsi Ermənistana peşkəş edilib. Quşçu Ayrım kəndi və ətraf torpaqlar Ermənistanın nəzarətinə keçib. 1982-1984-cü illərdə Qazax rayonunun 1675 hektar ərazisi qanunsuz olaraq Ermənistana verilib. Bəzi məlumatlara görə, bu rəqəm 5 min hektardır. Yəni Azərbaycanın işğal altındakı kəndlərlə yanaşı, həmin torpaqları da tələb etmək hüququ var. Azərbaycanın işğal olunmuş kəndləri Başkəndə dəyişməsi mümkün deyil.
Çünki belə bir addımın atılması Azərbaycan Konstitusiyasına və qanunvericiliyinə birbaşa ziddir. Sözügedən torpaqlar beynəlxalq hüquqla Azərbaycanın suveren ərazisi kimi tanınıb. Həmin kəndlərin mübadilə edilməsi və başqa dövlət tərəfindən ilhaqı Azərbaycanın dövlət sərhədlərinin dəyişdirlməsi deməkdir. Azərbaycan Konstitusiyasının 3.2-ci və 11.3-cü maddələrinə görə, sərhədlərin dəyişdirilməsi yalnız ümumxalq səsverməsi-referendumla mümkün ola bilər. Doğma torpaqlarının Ermənistana verilməsinə isə Azərbaycan xalqı heç vaxt səs verməz.
Eyni zamanda, Konstitusiyanın 11.3-cü maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz: “Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir”. Eyni prinsip “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 2-ci maddəsində təsbit edilib. Qanuna görə, Azərbaycan Respublikası dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.
Eyni zamanda, həmin maddənin digər bəndində qeyd edilir ki, Azərbaycanın dövlət sərhədi müəyyən edilərkən və onun keçdiyi xətt dəyişdirilərkən, habelə həmsərhəd dövlətlərlə sərhəd məsələləri nizama salınarkən Azərbaycan Respublikasının milli təhlükəsizliyinin, dövlət suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədinin toxunulmazlığının təmin edilməsi prinsipləri rəhbər tutulur.
Yəni bu kəndlərin işğal altında qalması Azərbaycanın milli təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə və sərhədlərinin toxunulmazlığına ziddir. Ona görə də Ermənistanın növbəti dəfə Azərbaycandan torpaq qoparmaq cəhdi həmin ərazilərin güc yolu ilə azad edilməsinə səbəb ola bilər. Ermənistan 44 günlük müharibədən sonra kapitulyasiya sənədinə imza atmış ölkə kimi Azərbaycana şərtlər diqtə edə bilməz. Ermənistanın davranışı nəinki sülh müqaviləsinə, eləcə də delimitasiya və demarkasiya prosesinə, kommunikasiyaların açılmasına əngəl törədir.
Çünki Bakı-İcevan dəmir yolu işğal altındakı Sofulu və Barxudarlı stansilaraından keçir. Eyni zamanda, Bakı-Qazax-İcevan-İrəvan avtomobil yolu da işğal altındakı Yuxarı Əskipara kəndindən keçir. Ermənistanın iradı növbəti dəfə blokdada qalmasına gətirb çıxara bilər.
Müşfiq Abdulla
Cebhe.info