Konstitusiya dəyişikliyi: Bir addım irəli, bir addım geri

Konstitusiya dəyişikliyi: Bir addım irəli, bir addım geri

Yeni Konstitusiya məsələsi heç də Azərbaycanın tələblərinin nəticəsi deyil, Ermənistanın daxili gündəliyinin bir hissəsidir.

“Cebhe.info”-nun məlumatına görə, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Koncoryan Azərbaycan Konstitusiyasında “güzgü” prinsipi əsasında dəyişikliklər edilməsi tələbində Ermənistanın israr edib-etməyəcəyi ilə bağlı sualı şərh edərkən belə deyib:

“Mən (yeni Konstitusiya məsələsinin) bu cür mövzuların müzakirəsinə böyük əhəmiyyət verirəm və (Azərbaycan Konstitusiyasında dəyişiklik tələbləri) məhz belə müzakirələrin zərərli olduğuna inandığım üçün müzakirələr kontekstinə daxil edilməsini istəməzdim.

Ona görə də bəyan edirəm: mənim, bizim mövqeyimiz ondan ibarətdir ki, bu məsələ (yeni Konstitusiya) Ermənistana aid söhbətdir. Eyni zamanda, həmkarlarımın səsləndirdiyi bəyanatları (konstitusiya dəyişiklikləri ilə bağlı “güzgü” tələbləri ilə bağlı) istisna etmirəm”.

Koncoryanın qeyd edilən açıqlaması Ermənistan hakimiyyətinin Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi barədə irəli sürdüyü şərtlərdən geri çəkildiyini göstərir.

Xatırladaq ki, bu mövzunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, sonra isə parlamentin sədri Alen Simonyan və bəzi deputatlar gündəmə gətirib.
Ararat Mirzoyan Ermənistan Konstitusiyasına ediləcək dəyişikliklərin ekvivalent, yəni bərabərqüvvəli olduğunu deyib. Hətta Mirzoyan bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan tərəfini məlumatlandırdığını deyib. Alen Simonyan da öz növbəsində, Azərbaycan Konstitusiyasına dəyişiklik edilməsinin vacib olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına istinad hissəsinin Azərbaycan konstitusiyasının preambula hissəsindən çıxarılmasını tələb edir. Çünki Konstitusiya aktında müasir Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğu yazılıb.

Bu isə Ermənistanı narahat edir. Rəsmi İrəvan sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Azərbaycanın 1918-1920-ci illərdə mövcud olmuş sərhədləri bərpa etmək istəyəcəyini düşünür. Bu halda Ermənistan qanunsuz olaraq Azərbaycandan aldığı 20 min kvadrat kilometr ərazini geri qaytarmalıdır.
Azərbaycan isə Ermənistanın irəli sürdüyü tələbin qəbuledilməz hesab edir.

Əksinə, rəsmi Bakı Ermənistan Konstitusiyasının preambula hissəsindən Müstəqillik Bəyannaməsinə istinad hissəsinin çıxarılmasını tələb edir. Çünki həmin bəyannamədə keçmiş “Dağlıq Qarabağ”ın Ermənistana birləşdirlməsi ilə bağlı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Milli Şurasının və Ermənistan Ali Sovetinin 1989-cu il 1 dekabr tarixli qərarlarına istinad edilir.

Bu isə Azərbaycana qarşı ərazi iddiası deməkdir. Ona görə də Müstəqillik Bəyannaməsi ilə bağlı hissənin Konstitusiyadan çıxarılmasını istəyir. Əks halda, iki ölkə arasında sülh müqaviləsi mümkün ola bilməz. Yəni işğalçı və ərazi iddiasında olan tərəf Ermənistan olduğuna görə hər hansı ekvivalentlikdən və ya “güzgü” prinsipindən söhbət gedə bilməz.

Hayk Koncoryanın açıqlaması Ermənistan hakimiyyətinin bu tələbindən imtina etdiyini göstərir. İlk növbədə, Konstitusiya dəyişikliyini Azərbaycanın qarşısında şərt kimi irəli sürmək Paşinyanın məhz rəsmi Bakının təzyiqi və tələbi ilə referenaduma getdiyinə dair Ermənistan müxalifətinin arqumentlərini gücləndirir.

Yəni Ermənistan hakimiyyətinin əsassız tələbi onun öz əleyhinə işləməyə başladı. Ona görə də indi Koncoryan konstitusiya islahatının Ermənistanın daxili məsələsi olduğunu deyir. İkincisi, Ermənistan hakimiyyəti konstitusiyanın mətnini yeniləmədən Azərbaycanla və Türkiyə ilə münasibətlərin normallaşmayacağını anlayır. Bu isə Ermənistanın blokadada qalmasını təmin etməklə yanaşı, Azərbaycanla növbəti müharibə riski yaradır.

Əksinə, Türkiyə ilə sərhədlərin açılması Ermənstanın Qərbə inteqrasiyasını sürətləndirə bilər. Ona görə də çox güman ki, Azərbaycana qarşı tələbdən imtina etmək təklifi çox güman ki, Nikol Paşinyanın özündən gəlib. 

Ancaq Müstəqillik Bəyannaməsinə istinad hissəsinin Ermənistan Konstitusiyasından çıxarılması hələ problemin yekun həlli demək deyil. Çünki Ermənistan bir sıra hüquqi-normativ aktlara da dəyişiklik etməlidir.

Yalnız bundan sonra Ermənistanın Azərbaycana qarşı rəsmi ərazi iddialarına son qoyulmasından və sülh üçün maneə qalmamasından danışmaq olar. 

Müşfiq Abdulla   
“Cebhe.info”