Müharibədə dönüş: İrana qarşı hərbi əməliyyat gündəmdə

Müharibədə dönüş: İrana qarşı hərbi əməliyyat gündəmdə

Pespublikaçı senator Lindsi Qraham ABŞ Konqresinin yuxarı palatasına Vaşinqtona İsraillə birlikdə İranı neft gəlirlərindən məhrum etmək üçün hərbi əməliyyatlar keçirməsinə icazə verən qətnamə təqdim etmək niyyətində olduğunu bildirib. 

“Mənim çağırışım bundan ibarətdir: İranın proksi qüvvəsi olan “Hizbullah” İsrailə qarşı böyük bir hücum edərsə, mən bunu İsrail dövləti üçün ekzistensial təhlükə kimi qiymətləndirəcəm. Mən Birləşmiş Ştatlar Senatında İranı neft biznesindən çıxarmaq üçün ABŞ-a İsraillə hərbi əməliyyatlar keçirməyə icazə verən qətnamə təqdim edəcəyəm. 

“İran, əgər müharibəni qızışdırsan, biz sənə görə gələcəyik”,-Qraham “NBC” telekanalında belə deyib. 

“Sizin bəyanatınız İrana müharibə elan etməyə hazır olmaq kimi qəbul edilə bilərmi?” sualına senator “HƏMAS və “Hizbullah”ı zərərsizləşdirmək üçün hərbi gücdən istifadə etməyə hazıram. İranın bu əməliyyatdan qəzet və ya televiziyadan xəbər tutması fikri gülüş doğurur. “Hizbullah” və HƏMAS-ın pullarının 93 faizi İrandan gəlir. Problemin mənbəyi budur”, - cavabını verib. 

O əlavə edib ki, “Hizbullah” şimaldan İsrailə hücum edərsə, HƏMAS girovları öldürməyə başlayarsa və ya Amerika əsgərləri Suriyada və ya İraqda hücuma məruz qalarsa, ABŞ İrana qarşı addımlar atmalı olacaq. 

“Müharibə şiddətlənərsə, biz İranın gələcəkdə terrorizmi maliyyələşdirmək qabiliyyətini məhv etməliyik. Bu, neft iqtisadiyyatıdır, neft gəlirləri olmadan onlar terrorun ən böyük dövlət sponsoru ola bilməzlər. İran, qərar sənindir, bunu ağılla qəbul et”, - deyə qanunverici bildirib”. 

Qeyd edək ki, bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ qüvvələrinin girovluqda olan amerikalıları azad etmək üçün Qəzzaya daxil ola biləcəyini bildirmişdi. İran İsrailə qarşı hücumları davam etdirərsə, ABŞ-ın da münaqişəyə qoşulması ehtimalı var. Hazırda rəsmi Tehran İsrailə qarşı ikinci cəbhəni açmaq üçün Suriya və Livanla danışıqlar aparır.

Artıq İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) döyüşçülərinin Suriyanın İsraillə sərhədinə yaxınlaşdığı xəbər verilir. SEPAH üzvlərinin bir qismi İsrail sərhədinə doğru irəliləyir və bu, Təl-Əvivlə onun regional düşmənləri arasında qarşıdurmada yeni cəbhənin açılmasına səbəb ola bilər. 

Suriya hökumətinin müşaviri ölkənin şərqindəki Deyr əz-Zor şəhərindən cənuba doğru Dəməşqə yaxın əraziyə İranın döyüşçülər yerləşdirdiyini təsdiqləyib. Hərbçilərin bəzilərinin raket mütəxəssisləri olduğu bildirilir. Suriya hökumətinin müşaviri deyib ki, İranın məqsədi əsasən müdafiə xarakteri daşıyır.

İranın Suriyadan İsrailə hücum etmək üçün İslam İnqilabı Keşikçiləri Korpusunun şiə əfqanlardan təşkil olunmuş “Fatimiyyun” və pakistanlılardan ibarət “Zeynabiyyun” briqadalarından istifadə qeyd edilir. “10 min-20min nəfərlik əfqan şiəsinin rəhbərliyi və əhəmiyyətli bir hissəsi Qum şəhərində İranın ali lideri Ayətullah Seyid Əli Xamneyinin idarə etdiyi “Əl-Mustafa 79” Beynəlxalq Universitetində təhsil alan ruhani tələbələri arasından işə götürülüb”. 

Bu barədə Londonda yerləşən İran Araşdırmaları Mərkəzinin əməkdaşı Kasra Arabi açıqlama verib. ABŞ-dakı “Axios” jurnalı iki məlumatlı diplomatik mənbəyə istinadən yazıb ki, İran hökuməti İsrailin Qəzzada əməliyyatları davam edərsə, bu müharibəyə müdaxilə edəcəyini bildirib. Məlumata görə, xəbərdarlıq mesajı BMT rəsmisi vasitəsilə İsrailə çatdırılıb. Bu xəbərdarlıq Amerikanın İran və “Hizbullah”ı müharibəyə qoşulmaqdan çəkindirməyə çalışdığı bir vaxtda səslənir. Artıq ABŞ bölgəyə iki təyyarədaşıyan gəmi və ona dəstək qrupu göndərib. Əgər İsrail və HƏMAS arasında başlanan müharibə qonşu ölkələrin ərazisinə keçərsə, bu cəbhə xəttinin İrana qədərə uzanmaq ehtimalı var.

Artıq “Hizbullah” Livan ərazisindən İsrailə hücumları gücləndirib. Yəni İsrail iki cəbhədə müharibə aparmaq məcburiyyətindədir. İranın SEPAH döyüşçüləri vasitəsilə Suriya ərazisindən, yəni şimaldan “Hizbullah”a dəstək verəcəyi gözlənilir. Bu isə İsrailin İrana hava-raket zərbələri endirməsi ilə nəticələnə bilər. Belə olan təqdirdə, ABŞ-ın müharibəyə qoşulması qaçılmaz görünür. Əks halda, rəsmi Vaşinqtonun müşahidəçi mövqeyi tutması 2024-cü ildə ABŞ-da keçiriləcək prezident və parlament seçkilərində demokratların yəhudi diasporunun dəstəyindən məhrum olması ilə nəticələnə bilər. Bu baxımdan, Lendsi Qrahamın hazırladığı qanun layihəsi Respublikaçılar Partiyasına siyasi divident gətirəcək təşəbbüsdür.

Hazırkı mərhələdə ABŞ-ın İranla birbaşa müharibəyə qoşulacağı real görünməsə də, Vaşinqtonun “Hizbullah”, HƏMAS və terrorçu təşkilat kimi tanıdığı SEPAH-ın Yaxın Şərqdəki mövqelərinə aviazərbələr endirəcəyi ehtimalı artır. İsrail isə yaranmış imkandan istifadə edərək İrana beynəlxalq koalisiya formalaşdırmağa və terrorun qaynağını məhv etmək üçün birgə hərbi müdaxiləyə nail olmağa çalışır. İsrailin Baş naziri Benyamin Netanyahunun tezliklə Yaxın Şərqin xəritəsinin dəyişəcəyi və hərbçilərlə görüşdə “Növbəti mərhələyə hazırsınızmı? Növbəti mərhələ gəlir” kimi fikirlər söyləməsi Təl-Əvivin hədəflərinin daha uzunmüddətli planlara hesablandığını göstərir. 

Müşfiq Abdulla 
Cebhe.info