Paris “ən zəif bəndi” seçib

Paris “ən zəif bəndi” seçib

Ermənistan və Fransa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan Fransa-Almaniya konserni KNDS ilə müqavilə imzalayıb. Bu konsern digərləri ilə yanaşı, Qərb ölkələrinin Ukrayna Silahlı Qüvvələrinə tədarük etdiyi Sezar özüyeriyən silahlar istehsal edir. Bundan əvvəl Fransa Senatı Ermənistana tez bir zamanda Sezar təyyarələrinin tədarükü məsələsinə baxmağa çağırıb. 

Fransa Ermənistanı silahlandırmaqla Cənubi Qafqazda hansı geosiyasi maraqları güdür? 

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov "Cebhe.info"-ya şərhində qeyd edib ki, Ermənistan Qərbdən təhlükəsizlik zəmanəti almaq istəyir:

"ABŞ və Avropa İttifaqı timsalında Fransanın Cənubi Qafqazla bağlı geosiyasi maraqları bu və ya digər şəkildə regionda təmsil olunmaq, eləcə də Rusiyanın regiondan sıxışdırılıb çıxarılması fonunda boşalacaq yeri tutmaqdan ibarətdir. Bu gün Ermənistan son proseslər fonunda Qərb ölkələrindən özü üçün təhlükəsizlik zəmanəti almaq istəyir. 

Bu günə qədər heç bir təhlükəsizlik zəmanəti almamağın nəticəsidir ki, İrəvan Rusiyaya qarşı sərt addımlar atmır. Yəni İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq və Gümrüdəki 102-ci rus hərbi bazasının ölkədən çıxarılması barədə qərar qəbul etməyib. Ona görə də ABŞ rəsmilərinin Ermənistana davamlı səfərləri və bu səfərlər çərçivəsindən əldə olunan nəticələr, o cümlədən ABŞ ilə Ermənistan arasında münasibətlərin strateji tərəfdaşığa qaldırılması məhz İrəvanın Qərbdən təhlükəsizlik təminatı almasına yönəlib". 

Politoloq vurğulayıb ki, Fransanın Ermənistan siyasətində əsas hədəf Cənubi Qafqazda öz geosiyasi maraqlarını həyata keçirməkdir:

"Fransa Cənubi Qafqazda öz təmsilçiliyini Ermənistan vasitəsilə reallaşdırmaq istəyir. Ona görə ki, Parisin regionun iki ölkəsi - Gürcüstan və Azərbaycana təsir imkanları yoxdur. Paris ən zəif bənd Ermənistanı seçib. Təbii ki, Fransa regionda öz maraqlarını təmin etmək üçün bu və ya digər şəkildə Ermənistanın maraqlarını təmsil etməyə borcludur. Bu gün Fransa ilə Ermənistan arasında silah tədarükü və hərbi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi barədə sazişin imzalanması Parisin İrəvanı özünə bağlamaq, gələcəkdə Ermənistan vasitəsilə regionda öz nüfuz dairəsini formallaşdırmağa hesablanıb". 

Yunis Abdullayev 
"Cebhe.info"