Paşinyan 10 noyabr Bəyanatını ləğv edir

“Hraparak” qəzetinin yazdığına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan 2020-ci il 9 (10) noyabr Bəyanatının 9-cu bəndinin ləğv edildiyini açıqlayıb.
Qeyd edək ki, həmin bəndə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir.
“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”,-üçtərəfli Bəyanatda belə qeyd edilir.
“Bir neçə ay əvvəl yazmışdıq ki, Nikol Paşinyan dar çevrəsindəki partiyadaşlarına Rusiya FTX-nin sərhəd xidməti orqanlarının nəzarətində regional kommunikasiyaların blokdan açılmasını nəzərdə tutan 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini ləğv etdiklərini deyib. Paşinyan uzun müddət buna açıq şəkildə eyham vurub, deyilənləri ünvanına çatdırmağa çalışsa da, bir gün əvvəl 2024-cü ilin büdcə layihəsinin müzakirəsi zamanı Milli Təhlükəsizlik Xidmətində funksiyalarına kommunikasiyaların təhlükəsizliyini təmin etmək daxil olan xüsusi bölmə yaradılacağını vurğulamaqla bunu az qala açıq şəkildə bəyan edib.
Hazırda biz Milli Təhlükəsizlik Xidmətində funksiyalarına rabitə təhlükəsizliyini təmin etməkdən ibarət xüsusi bölmənin yaradılması prosesini aparırıq. Bundan başqa, respublikanın bütün ərazisində Patrul Polisi fəaliyyət göstərir ki, onun da ən mühüm vəzifəsi respublikanın avtomobil yollarında asayişi təmin etməkdir”,-deyə “Hraparak” qəzeti Nikol Paşinyanın çıxışına istinadən yazır.
Xatırladaq ki, Nikol Paşinyan bu barədə ilk dəfə oktyabrın 26-da Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Beynəlxalq İpək Yolu Forumunda açıqlama vermişdi.
“Tezliklə Ermənistanın hüquq-mühafizə sistemində xüsusi şöbə yaradılacaq, onun məqsədi Ermənistan ərazisindən keçən beynəlxalq rabitə, yük, nəqliyyat vasitələri və insanların təhlükəsizliyini təmin etmək olacaq”,-deyə Paşinyan bildirib.
Ermənistan hakimiyyəti bununla Zəngəzurdan keçməklə Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyatın, yüklərin və insanların təhlükəsiz hərəkətini təmin etmək funksiyasını öz üzərinə götürmək istəyir. Paşinyanın Milli Təhlükəsizlik Xidmətində yeni şöbə yaratması Zəngəzurdan keçəcək dəmir və avtomobil yollarına nəzarətin Rusiyaya verilməsinə dair razılaşmadan imtina etmək məqsədi daşıyır.
Nikol Paşinyan hələ oktyabrın 10-da Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə təhlükəsizlik funksiyasının Rusiyaya həvalə edilməsinə qarşı olduğunu, hətta üçtərəfli Bəyanatın 9-cu bəndində bununla bağlı yer alan razılaşmanı tanımadığını demişdi:
“Bizə deyilir ki, Üçtərəfli Bəyanata görə, təhlükəsizliyi Rusiya təmin etməlidir, amma biz deyirik ki, bu, doğru deyil. Bu, ictimai sənəddir. Sənədi açıb oxuyaq, orada belə bir bənd yoxdur”.
Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Ermənistanın suverenliyi və yurisdiksiyası əsasında Azərbaycan və Türkiyə üçün yollar aça bilərcəyini deyib. Hər iki halda Baş nazir Rusiya qoşunları tərəfindən mühafizə olunmasını Ermənistanın suverenliyinə zidd olduğuna və rəsmi İrəvanın bu razılaşmaya əməl etməyəcəyinə işarə edir.
Ancaq Ermənistanın 10 noyabr Bəyanatının bir bəndindən çıxması, digərilərində isə öz maraqlarına uyğun şəkildə qalması nə hüquqi, nə də siyasi baxımdan doğrudur. Ermənistan ya sözügedən razılaşmanı birtərəfli qaydada tərk etdiyini bildirməli, ya da sənədin şərtlərini yerinə yetirməlidir. Azərbaycandan Laçın dəhlizinin açılması və Azərbaycan tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı 10 noyabr Bəyanatının 6-cı bəndin icrasını tələb edən Ermənistan indiyə qədər nəinki 9-cu bəndə əməl etmir, hətta bu öhədliklərdən rəsmən imtina etmək fikrinə düşüb.
Qeyd edək ki, dövlətlərarası bəyanatlardan imtina etmək və çıxmaq 1969-cu ildə qəbul olunmuş “Beynəlxalq müqavilələr hüququ haqqında” Vyana Konvensiyası ilə tənzimlənir. Hmin sənədə görə, beynəlxalq müqavilənin xitam olunması onun bağlandığı müddətin başa çatması halında mümkündür. Əgər saziş və ya bəyanat hər hansı bir yolla prolonqasiya edilməyidiyibsə, o, göstərilən müddət bitdikdən sonra xitam olunmuş sayılır. 10 noyabr Bəyanatında isə müddətli razılaşma Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalması ilə bağlıdır. 9-cu bəndin icrası isə hər hansə müddəti və ya onun başa çatmasını nəzərədə tutmur. Bundan başqa, razılaşmanı imzalamış tərəflər müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etdiyi halda və əgər müqavildə bu, xüsusi olaraq göstərilibsə, həmin sənədə xitam verilə bilər.
Lakin Ermənistan indiyə qədər bu öhdəlikləri yerinə yetirməyib. Ona görə də Ermənistanın 9-cu bənddən çıxıb digər bəndlərdə qalması beynəlxalq hüquqa zidd olmaqla yanaşı, absurddur. Nikol Paşinyan hakimiyyəti kommunikasiya marşrutlarının mühafizəsini Rusiya qoşunlarından alıb Ermənistana verməklə eksterritoriallığın qarşısını almaq və Zəngəzur ərazisində dəhlizin yaranmasına mane olmaq istəyir. Bəyanatda əksini tapan bəndlər üzrə yeni şərtlər Azərbaycan və Rusiya ilə də razılaşdırılmalıdır. Əks təqdirdə, özbaşına verilən qərar yeni münaqişəyə, Ermənistanın isə daha çox blokdada qalmasına gətirib çıxara bilər.
Müşfiq Abdulla
Cebhe.info