Putin uduzub: Atəşkəs qərarının pərdəarxası

Putin uduzub: Atəşkəs qərarının pərdəarxası

Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya müəyyən olunmuş vaxtda Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiqi barədə göstəriş verib.

Ancaq yanvarın 6-sı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər atəşkəs elan olunması barədə Rusiya tərəfinin təklifini rəsmi Kiyev və müttəfiqləri siyasi blef kimi qəbul edib. Qeyd edək ki, əvvəlcə Prezident Putinin tapşırığına uyğun olaraq qoşunlara atəşkəs haqqında əmr verilib. Lakin Ukrayna Prezidenti Vladimir Zelenski Moskvanın Milad atəşkəsi ilə bağlı təklifini rədd edərək, bunu cəbhə xəttində Rusiyanın mövqelərini gücləndirmək üçün “pərdə” adlandırıb.

“İndi Rusiya Milad bayramından bizim hərbçilərin Donbasdakı irəliləyişini bir müddət dayandırmaq, texnika, sursat və çağırışçıları mövqelərimizə yaxınlaşdırmaq üçün pərdə kimi istifadə etmək istəyir”,-Zelenski Ukrayna xalqına müraciətində belə deyib.

Onun sözlərinə görə, Moskva döyüşləri yeni güclə davam etdirmək üçün bundan “nəfəslik” kimi yararalana bilər. ABŞ Dövlət Departamenti isə Vladimir Putinin Milad bayramında atəşkəs elan etməsini həyasızlıq və yeni hücumlar üçün qüvvələri cəmləmək məqsədi adlandırıb.

“Bizim nöqteyi-nəzərimizdən bunu ən yaxşı izah edən bir söz var - sinizm (həyasızlıq). Bu, Moskvanın Ukraynanın mülki infrastrukturuna qarşı yeni il hücumları həyata keçirməsindən cəmi bir neçə gün sonra meydana çıxıb”,- ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonda keçirdiyi brifinqdə belə deyib. Prays xatırladıb ki, bir neçə həftə əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken rusların dincəlmək, yenidən silahlanmaq, qruplaşmaq və nəhayət, yenidən hücum etmək üçün döyüşlərdə istənilən müvəqqəti fasilədən istifadə etməyə çalışacaqlarını proqnozlaşdırıb. Ona görə də Dövlət Departamenti əmindir ki, Rusiya diktatorunun indiki bəyanatını atəşkəs kimi qiymətləndirmək olmaz. “Əgər Rusiya həqiqətən də sülhə, bu müharibəni dayandırmağa ciddi yanaşsaydı, öz qoşunlarını Ukraynanın suveren ərazisindən çıxarardı”,-deyə Prays bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də Rusiyanın atəşkəs təşəbbüsünə inanmadığını bildirib. “Bir təcavüzkar var, bu Kremldir. Bir qurban var, Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi növbəti absurd, qanunsuz ilhaqlar və onları müşayiət edən referendumlar qədər yalan və ikiüzlülükdür”,-Mişel özünün “Twitter” hesabında belə yazıb.

Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə hesab edir ki, Vladimir Putinin “Milad atəşkəsi” Rusiya hərbçilərinin Makeyevka qəsəbəsində raket zərbəsi ilə kütləvi şəkildə məhv edilməsindən diqqəti yayındırmaq məqsədi daşıyır.

“Putinin Milad bayramında atəşkəs istəyi Rusiya daxilində Makeyevkadan başlayaraq nəzarətdən çıxmağa başlayan şəkli yenidən çəkmək cəhdidir”,-deyə Denisenko qeyd edib. Ukrayna tərəfi atəşkəsə razılaşmasa da, Putinin bu addımını Rusiyanın müharibədə məğlubiyyətinin etirafı kimi qəbul edib. Belə ki, Rusiya Prezidentinin rəsmi saytında atəşkəs elan edilməsi barədə Putinin göstərişi dərc olunub. Sənəddə Putin qarşıdurma xətti boyu ərazinin Ukraynanın bir hissəsi olduğunu rəsmən tanıyır.

Görünür, cəbhə xəttində ciddi itkilər verən Rusiyanın atəşkəs təklifinin altında Donbas istiqamətində bir sıra əraziləri Ukraynaya qaytarmaqla danışıqlara başlamaq mesajı dayanır. Ancaq yaxın vaxtlarda Qərbdən güclü raket sistemləri və zirehli texnika almağa hazırlaşan Ukrayna müharibədə yeni üstünlüklər əldə edə bilər. Artıq ABŞ və Almaniyanın tədarük edəcəyi “Patriot” zenit raket kompleksləri Ukraynanın hava məkanını Rusiyanın hücumlarından tamamilə bağlamaq imkanı verəcək. ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinə ilk dəfə olaraq radarla idarə olunan “Sea Sparrow” (Dəniz sərçəsi) zenit-raket kompleksləri daxil olacaq.

Bu raketlər Ukraynaya dənizdən və ya qurudan həm təyyarələri, həm də qanadlı raketləri məhv etmək imkanı verəcək. Eyni zamanda, Almaniya və ABŞ Ukraynaya müasir tanklar, “Bradley” və “Marder” zirehli trasportyorları vermək barədə razılığa gəlib. Baxmut, Makeyevka istiqamətlərində çoxsaylı itkilər verən Rusiya ordusu yanvarın 2-də Xerson vilayətinin Böyük Patyomkin adasını tərk etmək məcburiyyətində qalıb.

Xüsusilə də Donetsk vilayətinin Makeyevka qəsəbəsində Rusiya hərbi bazasının Ukrayna tərəfindən “HIMARS” yaylım atəşi sistemi ilə vurulması nəticəsində Kreml çox çətin duruma düşüb. Rəsmi Moskva 80 nəfərin öldüyünü bildirsə də, əslində 300 nəfərdən artıq hərbçinin öldüyünə dair rəqəmlər var. Hətta bu hadisədən sonra Prezident Putinin əsəbiləşərək generalları təhqir etdiyi deyilir. Belə vəziyyətdə Ukraynanın NATO-nun arsenalında olan yeni raketlər və zirehli texnika əldə etməsi cəbhədə irəliləməyə imkan verə bilər. Bu səbəbdən, Vladimir Zelenskinin atəşkəs təklifindən imtina etməsi yaranmış fürsəti əldən verməmək cəhdi kimi başa düşülə bilər.

Norveçli politoloq, Oslo Sülh Araşdırmaları İnstitutunun professoru Pavel Bayev hesab edir ki, Vladimir Putinin Ukraynada uzun müddət sürən hərbi münaqişənin perspektivini etiraf etmək istəyi ilə Rusiya cəmiyyətində və elitasında artan yorğunluq arasındakı ziddiyyətə göz yummaq olmaz. “Putin artıq müharibənin uzandığını etiraf etməyə hazırdır və müdafiə naziri Sergey Şoyqu Rusiyanın ciddi şəkildə tükənmiş silahlı qüvvələrini bərpa etmək planı hazırlayıb. Lakin hətta vətənpərvər hərbi şərhçilər də bunun mümkün olduğuna şübhə edirlər. Putin özünü itaətkar elitanın və nizam-intizamlı kütlənin ali komandanı kimi görə bilər. Ancaq sonuncunun artan narazılığı birincilərin əhval-ruhiyyəsinin pisləşməsinə səbəb olur”,-Bayev belə deyib.

Politoloq qeyd edir ki, strateji nöqteyi-nəzərdən indi Rusiya üçün müdafiə xətlərini saxlamaq əlverişlidir. Lakin müharibənin həqiqətən də plana uyğun getdiyini sübut etmək üçün Putinə hətta simvolik uğur lazımdır. Eyni zamanda, politoloqun fikrincə, genişmiqyaslı hücum əməliyyatı kifayət qədər təmin olunmayan və ruhdan düşmüş Rusiya ordusunu uçurumun kənarına çıxara bilər:

“Rusiyada müxtəlif elita qrupları ayrı-ayrılıqda narahatdır. Onlar bilirlər ki, uzun sürən müharibə Putinin populyarlığını məhv edəcək və onların sədaqəti vaxtından əvvəl və qəfil sona çata bilər. Axı Putinin baş verən fəlakətdən çıxış yolu yoxdur və onun öz işi ətrafında daha geniş səfərbərliyə ehtiyacı var. Eyni zamanda, o, Rusiyada həyatın həmişəki kimi davam edə biləcəyi görüntüsünü saxlamalıdır. Problem ondadır ki, o, hər ikisinə sahib ola bilməz. İstənilən halda, hər ikisinə sahib ola bilməyəcək. Ölkə müharibəni dəstəkləmək üçün lazım olan kollektiv səyləri ortaya qoya bilmir və münaqişənin bərpası mümkün olmayan xərcləri və iztirabları Rusiya cəmiyyətini sarsıtmaqda davam edir”.

Bayevin hesablamalarına görə, bu cür təzadlar Kreml diktatorunun müharibənin sonsuz davam edəcəyinə dair ümidlərinin doğrulmasına kömək etmir. Çünki Rusiya dövlətinin sağ qalması onun bitməsindən və yaxın həftələrdən asılı ola bilər.

Müşfiq Abdulla
Cebhe.info