Qərbin “erməni sevgisi”: Azərbaycana qarşı düşmənçilik...

Qərbin “erməni sevgisi”: Azərbaycana qarşı düşmənçilik...

Qərb otuz ildən artıqdır Azərbaycana qarşı riyakar, məkrli və qərəzli siyasətini davam etdirir.

Bir tərəfdən Azərbaycanla mühüm enerji sazişləri imzalayan və ölkəmizdə enerji layihələri həyata keçirən ABŞ və Avropa İttifaqında (Aİ) müəyyən dairələr digər tərəfdən isə ermənipərəst və anti-Azərbaycan siyasəti yürüdür.

Bu isə Cənubi Qafqaz regionunda daimi sülh və təhlükəsizliyin təmin olunmasına əngəl yaradır. İstər son otuz ildə, istərsə də hazırki dövrdə təcavüzkar Ermənistanı qurban kimi görməyə adət edən Qərbin regional siyasəti heç vaxt özünü doğrulda bilməz.

Qərbin addımları daha çox Ermənistanın başına sığal çəkməyə bənzəyir və İrəvanın sülh prosesindən yayınmasına xidmət edir. Hər zaman demokratiya, sülh və insanlıq dəyərlərindən dəm vuran Qərb – ABŞ və Avropa ölkələrinin siyasətçiləri Azərbaycan xalqının, o cümlədən digər müsəlman xalqlarının üzləşdiyi fəlakətlərə biganə yanaşırlar.

Əlbəttə, bu da onların xristian təşəbbüskeşliyindən irəli gəlir. Xüsusilə, Avropa İttifaqı və bəzi üzv ölkələrin rəhbərləri bilərəkdən və ya bilməyərəkdən Azərbaycanı hədəfə almaqda davam edirlər.

Bildirək ki, noyabrın 13-də Aİ-nın Nazirlər Şurasının növbəti toplantısında Azərbaycan-Ermənistan münasibətləri və regionda hazırki vəziyyət ətrafında müzakirə aparılıb.

Müzakirə zamanı Aİ-nın xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayindəsi Josep Borrell Ermənistana siyasi və iqtisadi yardımın daha da intensivləşməsinin zəruriliyini vurğulayıb. 

Aİ-nın rəsmisi çıxışında Avropa Sülh Fondunun Ermənistana yardım göstərmək imkanlarını artıracağını və bu ölkənin vətəndaşları üçün viza rejiminin asanlaşdırılacağını bəyan edib.

Eyni zamanda Josep Borrell Azərbaycana xəbərdarlıq edib ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyinin hər hansı şəkildə pozulması yolverilməzdir və belə bir addım ikitərəfli münasibətlərə ciddi xələl gətirəcək:

“Biz Ermənistanda sabitliyi pozmağa yönəlmiş istənilən cəhdlərə qarşı xüsusilə ayıq olmalıyıq – istər daxildən, istərsə də xaricdən. Azərbaycana mesajım aydındır. Ermənistanın ərazi bütövlüyünə xələl gətirmək cəhdləri qəbuledilməz olacaq və münasibətlərimizin keyfiyyəti üçün ağır nəticələr doğuracaq”.

Əlbəttə, Aİ-nın rəsmilərinin bu yanaşması təəccüb doğurmur. Onlar bu cür yanaşmanı bu günə qədər davam etdirib və bundan sonra da davam etdiricək. Ermənistanı hər vəchlə himayədarlıq və erməni xalqına qayğıkeşlik eləyən Avropa İttifaqı, eləcə də ABŞ torpaqlarımız işğal altında olanda, öz doğma və dədə-baba torpaqlarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin problemləri ilə bağlı bir dəfə də olsun Ermənistana xəbərdarlıq etməyib.

Sözdə Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir parçası kimi tanıyan Avropa rəsmiləri bilərəkdən Ermənistanın işğalına göz yumublar. Nə son otuz ildə, nə də postmünaqişə dövründə Aİ-nın hesabatlarında müharibə və işğal zamanı Qarabağda Azərbaycan xalqının saysız-hesabsız dəhşətli qırğınlara, işkəncələrə və cinayətlərə məruz qalması, vaxtilə azərbaycanlıların kütləvi məskunlaşdığı şəhərlər, kəndlər və qəsəbələrin yerlə-yeksan edilməsi, məscidlərin təhqir edilməsi, habelə mədəni və tarixi abidələrin məhv edilməsi barədə tutarlı sənəd qəbul olunmayıb.

Doğrusu, buna heç maraq da göstərməyiblər. Amma Ermənistanın ərazi bütövlüyü və təhlükəsizliyi ilə bağlı məsələlərə gəlincə, hay-küy salırlar.  Heç bir əsası olmayan və heç bir sübuta əsaslanmayan iddialar səsləndirirlər. Bəlkə də məqsədyönlü şəkildə bu kimi addımları atırlar. Yenə də bu, onların geosiyasi maraqlarından və xristian təşəbbüskeşliyindən irəli gəlir. 

Onu da vurğulamaq lazımdır ki, Aİ və ABŞ-ın siyasətçilərinin Azərbaycan və Rusiyaya qarşı bəyanatlarında əsas hədəf Ermənistanı və erməni ictimaiyyətini öz təsir dairəsinə almaqdır. O ki qaldı Avropa Sülh Fondunun Ermənistana yardımına, yaxşı olar ki, bu fond Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri arasında təmasların qurulmasına çalışsın. 

Müəyyən layihələr, görüşlər və seminarlar çərçivəsində hər iki ölkənin vətəndaş cəmiyyətlərini bir araya gətirmək, ən əsası da erməni tərəfinə ərazi bütövlüyü, birgəyaşayış və qonşuluq münasibətlərinin əhəmiyyətini təbliğ etməklə Avropa Sülh Fondu daha uğurlu nəticələrə nail ola bilər. 

Qərb rəsmiləri bilməlidirlər ki, Azərbaycanın Ermənistanın ərazisində gözü yoxdur. Hazırda Azərbaycanı regionda sülhün bərqərar olunması, sərhədlərin delimitasiyasının aparılması, qonşuluq münasibətlərinin qurulması və kommunikasiyaların açılması kimi məsələlərin həllinin tapması daha çox maraqlandırır.

Avropa İttifaqı qərəzli, rikayar və heç bir əsası olmayan siyasət yürütməklə Azərbaycanı özündən uzaqlaşdırır və öz vasitəçilik təşəbbüsünü fiaskoya uğradır.

Yunis Abdullayev 
Cebhe.info