Rusiya erməniləri Azərbaycan və Türkiyəyə güzəştə gedir

Rusiya erməniləri Azərbaycan və Türkiyəyə güzəştə gedir

İrəvan Rusiyaya qarşı demarş götürüb və Ermənistan Kremlin siyasi “orbit”indən uzaqlaşmağa çalışır. 

Hər iki ölkənin rəhbərliyi səviyyəsində səslənən qarşılıqlı ittihamlar münasibətlərin kifayət qədər gərginləşməsi ilə müşahidə olunur. Bu isə Ermənistanın daha çox Qərbə yaxınlaşması ilə müşahidə olunur. Bu ilin əvvəlində öz ərazisində üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hərbi təlimlər keçirməyə icazə verməyən Ermənistan hakimiyyəti bu tədbiri ABŞ-la birlikdə reallaşdırıb.

Ermənistan ərazisində ABŞ-la birgə hərbi təlimlər Rusiyanın ciddi narazılığına səbəb olub. ABŞ hərbçilərinin KTMT məkanına dəvət edilməsi əslində, Paşinyan hökumətinin Ermənistanı Rusiyanın geosiyasi təsir dairəsindən uzaqlaşdırmaq planları ilə bağlıdır. 

Ermənistan və Rusiya arasında dalğalı şəkildə müşahidə olunan gərginlik şkalası yenidən yüksələn xətt üzrə hərəkət edir. Bu proses Ermənistanın Baş naziri Nikol Paşinyanın sentyabrın 3-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə “Rusiya özü Cənubi Qafqazdan gedəcək”- deməsi ilə başladı. İndi isə Paşinyan ABŞ-ın “Politico” nəşrinə verdiyi müsahibədə “Ermənistan daha öz təhlükəsizliyi üçün Moskvaya arxalana bilməz”,-deyə konkret açıqlama verib. 

Beləliklə, Baş nazir Rusiyanın Ermənistandakı hərbi fəaliyyətinə ehtiyac qalmadığına və ölkəsinin təhlükəsizliyinin təminatını Qərbdə gördüyünə işarə edir. Hətta Nikolun qeyd edilən açıqlamaları Ermənistanın KTMT-dən çıxmağa hazırlaşdığına dair məlumatların yayılmasına səbəb olub. Bütün bunlar isə Rusiyaya öz hərbi bazasını Ermənistan ərazisindən çıxartmağa çağırış mesajı da hesab oluna bilər. Paşinyanın son addımları Rusiyaya təzyiq müqabilində siyasi “bazarlığa” getmək cəhdi kimi də qiymətləndirilir.

Ancaq Rusiya Prezidenti Vladimir Putin “Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb, biz nə edək” deməklə Paşinyandan artıq erməni olmaq istəmədiyini nümayiş etdirdi. Bununla da Rusiya Prezidenti Azərbaycan və Türkiyə ilə qarşıdurmaya getməkdə maraqlı olmadığına eyham vurdu. Ona görə də Paşinyanın bütün tənqidlərinə baxmayaraq, Qarabağ məsələsində Rusiyadan əlavə güzəştlər qopara biləcəyi real görünmür. Paşinyan Rusiyadan uzaqlaşmasını Ukrayna müharibəsindəki vəziyyətlə əsaslandırır.

Yəni Baş nazir Rusiyanın Ukraynada məğlub duruma düşməsindən sonra Ermənistanın “batan gəmini” tərk etmək və güclü tərəfin yanında yer almaq niyyətini gizlətmir. Paşinyan Kremlin Azərbaycanı və Türkiyəni strateji tərəfdaş hesab etdiyini vurğulayaraq “Biz isə müstəqil, suveren dövlət olmaq istəyirik” fikrini söyləyib. Bir sözlə, ermənilər yeni geosiyasi şəraitdə Azərbaycan və Türkiyə ilə yaxınlaşan Rusiyanın üç əsrdir davam edən himayəsindən imtina edirlər. Sadə leksikonda bu, V.Putinə “Bizə sizi kimi ağa lazım deyil” deməkdir. 

Xatırladaq ki, ermənilər ilk dəfə Rusiya imperatoru I Pyotrun fərmanı ilə siyasi qəyyumluğa götürülüb. Ermənilərin tarixi Azərbaycan ərazilərinə yerləşdirilməsi barədə I Pyotrun həm fərmanı, həm də vəsiyyəti var. Onlardan biri “Ermənilərin Rusiya imperiyasında məskunlaşdırılması haqqında fərman”dır. Sənəd 1724-cü il noyabrın 10-da imzalanıb və general-mayor Kropotova göndərilib. Tarixi məlumatlara görə, elə həmin gün imperator “Erməni xalqının Rusiya dövlətinin himayəsi altına alınması və Qarabağ ermənilərinin yeni ələ keçirilən “fars vilayətlərinə” köçürülməsi haqqında” ikinci dövlət məktubunu yazıb və general Matyuşkinə göndərib.

Bundan sonra ermənilərin Azərbaycanın şimal ərazilərində, o cümlədən Qarabağda və İrəvanda məskunlaşdırılmasına başlanılıb. Birinci sərəncamla ermənilər Bakıda və Dərbənddə yerləşdirilir. Tapşırığa əsasən, onların işi təkcə məskunlaşmaq deyil, burada tez-tez təxribatlar törətmək, müsəlmanları qırmaq, osmanlılarla onların arasına nifaq salmaq idi. 

I Pyotr ölümünə qısa vaxt qalmış bu siyasəti davam etdirməyi özündən sonra gələnlərə vəsiyyət edib. 1768-ci ildə II Yekaterina babasının vəsiyyətinə əməl edərək imperiyanın ermənilərə hamiliyi barədə fərman imzalayıb, onlara geniş imtiyazlar verib. 1802-ci ildə çar I Aleksandr Qafqaz canişini A.Sisianova konkret təlimat göndərib:

“Ermənilərdən nəyin bahasına olursa-olsun Azərbaycan xanlıqlarının ələ keçirilməsində istifadə olunsun”.

1813-cü və 1828-ci illərdə İran ilə Rusiya arasında imzalanan Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsində I Pyotrun fərmanı və vəsiyyəti mühüm rol oynayıb. Türkmənçay müqaviləsinin imzalanmasından dərhal sonra imperator I Nikolay 21 mart 1828-ci ildə İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “erməni əyaləti”nin yaradılması haqqında əmr imzalayıb. Ardınca da Türkmənçay müqaviləsinin XV bəndinə əsasən, İrandan ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanılıb. 1918-ci ildə Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması da məhz bu qəyyumluq siyasətinin nəticəsi idi.

Hətta ermənilərin Rusiya tərəfindən qəyyumluğu SSRİ dönəmində də davam etdirilib. İndi Ermənistan hakimiyyəti üzünü Qərbə çevirməklə faktiki olaraq, bu siyasi qəyyumluğa ehtiyacı olmadığını bildirir. Amma Ermənistan yaranmış vəziyyətə görə Rusiya Prezidentini ittiham edir. 

Ermənilər iddia edirlər ki, Putin Azərbaycanla və Türkiyə ilə yaxınlaşmaqla I Pyotrun fərmanını pozub. Lakin rəsmi olaraq Rusiya Ermənistanın təhlükəsizliyinin əsas təmantçısı olaraq qalır. Rusiyanın Gümrüdə hərbi bazası var və Moskva ikitərəfli müqavilələr əsasında Ermənistanın həm dövlət sərhədlərini, həm də hava məkanını mühafizə edir. Rusiya imperiya ənənələrinə sadiq qalaraq Qarabağda yaşayan erməniləri sülhməramlıların vasitəsilə himayə edir. Ancaq Ermənistan Rusiyadan tamamilə imtina edib Qərbə üz tutarsa, həqiqətən də Putin I Pyotrun fərmanını və vəsiyyətini pozmalı olacaq. Yəni Paşinyan hakimiyyəti ilə Kreml arasında artan gərginlik Rusiyanın bu qəyyumluğa son qoymasına gətirib çıxara bilər.

Belə olan halda Rusiya Ermənistanın təhlükəsizliyinə heç bir təminat verməyəcək. 44 günlük müharibədən sonra Rusiya üçün regionda siyasi və hərbi platsdarm rolunu oynamaq funksiyasını itirən Ermənistan artıq Qərbin qəyyumluğuna üstünlük verir. Lakin Ermənistanın region dövlətlərinə qarşı təzyiq rolunu yerinə yetirə bilməməsinin səbəbləri Rusiyadan, deyil onun özündən qaynaqlanır. 

Çünki Azərbaycan kifayət qədər güclü dövlətə çevrilib və Ermənistan müharibədəki məğlubiyyətdən sonra hər hansı təzyiq aləti rolunu oynaya bilmir. İkinci mühüm amil regionda formalaşmış yeni geosiyasi şəraitlə bağlıdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra status-kvonun dəyişməsi regionda Türkiyənin təsir imkanlarının genişlənməsinə və Yaxın Şərqdə müşahidə olunan Ankara və Moskva arasında mövcud olan geosiyasi maraqların bölüşdürülməsi və birgə idarə edilməsi formulunun Cənubi Qafqazda da meydana çıxması ilə nəticələndi. 2022-ci ilin fevral ayında Ukraynada müharibənin başlanmasından sonra Qərb koalisiyasının beynəlxalq təzyiqləri ilə üzləşən Rusiya Türkiyə ilə əməkdaşlıq tandeminin pozulmasında maraqlı deyil. Bu da öz növbəsində, Azərbaycanın mövqeyini gücləndirir.

Ermənistan isə əslində, geosiyasi rəqabət mühiti yaratmaqla indiki geosiyasi konyukturu dəyişməyə çalışır. Lakin Fransa istisna olmaqla, Qərb də regionda münaqişənin bərpasını istəmir. Ona görə də Azərbaycanla sülh danışıqlarında əsas vasitəçi kimi çıxış edən ABŞ və Avropa İttifaqı Ermənistanın mövqeyini dəstəkləmir. Əksinə, indiki şəraitdə sülh sazişinin imzalanması Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisini tərk etməsi üçün ciddi siyasi və hüquqi əsas yarada bilər. 

Lakin Ermənistanı Qərbə təhvil verib sakit çəkilmək Rusiya üçün kifayət qədər risklidir. Bu baxımdan, Rusiya üçün regionda ABŞ və Avropa İttifaqı ilə müqayisədə daha etibarlı tərəfdaş olan Türkiyənin güclənməsində maraqlı ola bilər. Ona görə də Rusiya erməniləri siyasi qəyyumluqdan məhrum etsə, onları amerikalılara deyil, Azərbaycana və Türkiyəyə güzəştə gedəcək. 

Müşfiq Abdulla
Cebhe.info