Rusiya öz silahı ilə vurulur
“Qərbin təsirini artırmağa çalışdığı Cənubi Qafqazda vəziyyət ağır olaraq qalmaqdadır”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi Andrey Serdyukov jurnalist üçün keçirdiyi brifinqdə belə deyib. “Qafqaz regionunda da vəziyyət ağır olaraq qalır.
Əsasən həll edilməmiş ərazi məsələləri və Qərbin Cənubi Qafqazda təsirini artırmaq istəyi ilə bağlı ziddiyyətlərin yüksək səviyyəsi xüsusi narahatlıq doğurur”, - Serdyukov bildirib. KTMT-nin Birləşmiş Qərargahının rəisi Cənubi Qafqazdakı vəziyyətdən söz açarkən əsasən, Ermənistanı nəzərdə tutduğunu görmək çətin deyil. Əslində, Serdyukov qeyd edilən açıqlamasında KTMT-ni deyil, Rusiyanın narahatlığını dilə gətirib. Çünki hazırda Rusiya ilə düşmən münasibətdə olan Qərb dövlətləri Ermənistan üzərindən Cənubi Qafqaza nüfuz etməyə və bölgədə təsirini artırmağa çalışırlar.
Xüsusilə də Rusiyanın hərbi müttəfiqi olan Ermənistanın Qərbin təhlükəsilik sisteminə inteqrasiyası istiqamətində addımlar atması Kremlin Cənubi Qafqazdakı maraqlarına zərbə vurur. ABŞ-nin və Fransanın Ermənistan ərazisində getdikcə artan hərbi fəallığı Moskvanın diqqətindən yayınmır.
Nikol Paşinyan hakimiyyətinin Rusiyanı Qərblə əvəz etmək səyləri regionda hərbi balansı pozub. Artıq NATO üzvü olan ölkələrin hərbçiləri və silahları regionda Rusiyanın mövqelərini sıxışdırır.
Rusiya isə bunu özünün cənub sərhədlərinə təhlükə hesab edir. Serdyukovun qeyd edilən bəyanatı çox güman ki, həm də son zamanlar Ermənistanın KTMT üzvlüyündən çıxmaq istəyi barədə səslənən məlumatlarla bağlıdır. Rəsmi İrəvan KTMT-nin fəaliyyətini boykot etməklə Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinə perspektivdə xitam vermək niyyətini nümayiş etdirir.
KTMT nizamnaməsinin 7-ci maddəsinə görə, üzv ölkələr öz ərazilərində təşkilatın üzvü olmayan dövlətlərin qoşun qruplarının (qüvvələrinin), hərbi infrastruktur obyektlərinin yerləşdirilməsi barədə qərarını digər üzv dövlətlərlə təcili məsləhətləşmələrdən (koordinasiyadan) sonra qəbul etməlidir.
Lakin Ermənistan KTMT ilə məsləhətləşmədən öz ərazisinə Avropa İttifaqının, Fransanın, ABŞ-nin hərbi kontingentini dəvət edir, birgə təlimlər keçir, öldürücü silahlarını və kəşfiyyat avadanlıqlarını yerləşdirir.
Ümumiyyətlə, Ermənistan bu sayaq addımları ilə bağlı KTMT-yə hər hansı məlumat belə vermir. Bu isə Ermənistanın KTMT və Rusiya ilə müttəfiqlik öhdəliklərindən imtina etməsi deməkdir. NATO üzvü olan ölkələrin Cənubi Qafqazda artan hərbi aktivliyi isə Rusiyaya qarşı Qərbin ikinci cəbhə açmasına gətirib çıxara bilər.
Xüsusilə də regionda potensial münaqişələrin mövcud olması Qərbin əlində tutarlı silaha çevrilə bilər. Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmaması Rusiyaya qarşı ciddi təzyiq alətidir.
Eyni zamanda, Abxaziya və Cənubi Osetiya münaqişələri Gürcüstan ərazisindən Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün siyasi fürsət yaradır. Serdyukovun “Həll edilməmiş ərazi məsələləri və Qərbin təsirinin artmasının narahatlıq doğurur” deyərkən məhz buna eyham vurur. Yəni Rusiyanın vaxtilə yaratdığı münaqişələri indi Qərb silah kimi onun özünə qarşı istifadə etməyə çalışır.
Müşfiq Abdulla
“Cebheinfo.az”