Sülhə mane olan üç əsassız şərt

Sülhə mane olan üç əsassız şərt

“Ermənistanın Azərbaycanla tezliklə Cənubi Qafqaza sabitlik və sülh gətirəcək sülh müqaviləsi bağlamaq və imzalamaq üçün siyasi iradəsi var”.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda ABŞ-nin Dövlət katibi Entoni Blinkenin də qatıldığı azərbaycanlı həmkarı Ceyhun Bayramovla baş tutan görüşdən sonra “X” sosial şəbəkəsində belə yazıb. ABŞ-də görüşlərin ikitərəfli və üçtərəfli formatda keçirilməsi barədə razılıq əldə olunsa da, ümumilikdə tərəflər sülh sazişinin mətni ilə bağlı ortaq mövqeyə gələ bilməyiblər. Ararat Mirzoyanın açıqlaması Ermənistanın sülh müqaviləsinə dair irəli sürdüyü üç şərtdən geri çəkilmək istəmədiyini göstərir. Xüsusilə də son bir ayda Ermənistan sülh sazişini imzalamaq üçün Azərbaycan qarşısında üç şərti tez-tez səsləndirir. İyun ayının 13-də Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında Azərbaycanla sülh müqaviləsinin mətnində son ştrixlərə düzəlişlər edilməli olduğunu demişdi. 

Ararat Mirzoyan isə iyunun 27-də Estoniyaya və iyulun 3-də Gürcüstana səfərləri zamanı verdiyi açıqlamada Ermənistanın bir ay ərzində sülh müqaviləsini imzalamağa hazır olduğuna dair söylədiyi fikirlər də bu konteks də nəzərdən keçirilməlidir. Yəni Ararat Mirzoyanın Vaşinqton görüşündən sonra Ermənistanın sülh üçün siyasi iradəyə malik olduğunu bəyan etməsi onun əvvəl verdiyi bəyanatların davamıdır. Ermənistan XİN rəhbəri Azərbaycan qarşısında qoyulan təkliflərin yerinə yetiriləcəyi təqdirdə, rəsmi İrəvanın bir ay müddətində sülh müqaviləsini imzalamağa hazır olduğuna işarə edir. Rəsmi İrəvan ilk növbədə, Ermənistan konstitusiyasına dəyişikliklər edilməsi barədə Azərbaycanın tələblərini yerinə yetirməkdən imtina edir. 

Ermənistan konstitusiya islahatı aparmadan sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirir. Ötən ilin sonunda Nikol Paşinyan bildirmişdi ki, Vyana Konvensiyasının 27-ci maddəsinə görə, daxili qanunvericilik Ermənistanın beynəlxalq müqavilələrdən yayınmasına əsas yarada bilməz. Ancaq Ermənistan heç vaxt beynəlxalq hüquqa məhəl qoymayıb. Əgər Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, rəhbərliyə gələn başqa siyasi qüvvə konstitusiyanı və digər qanunvericilik aktlarını əsas götürərək sülh müqaviləsinin şərtlərinin icrasından imtina edə bilər. Yəni sülh sazişi imzalansa belə, Ermənistan konstitusiyasına görə, Qarabağ bu ölkənin ərazisi hesab ediləcək. Bu isə Azərbaycana qarşı ərazi iddialarının rəsmən davam etməsi deməkdir. 

Belə sülh sazişi Azərbaycan Konstitusiyasına ziddir. Ona görə də nə Azərbaycan Milli Məclisi, nə də Azərbaycan Konstitusiya Məhkəməsi bu sazişin ratifikasiyasına icazə verər. Ermənistanda konstitusiya referendumu keçirilmədən hər hansı sülh müqaviləsinin imzalanması mümkün deyil. Çox güman ki, Vaşinqtonda keçirilən görüşdə də Azərbaycan tərəfi Ermənistan konstitusiyasından ərazi iddialarını nəzərdə tutan müddəaların çıxarılması üçün referendumun keçirilməsini tələb edib. Razılığın əldə olunmaması barədə məlumatlar Ermənistanın konstitusiyanın mətnini saxlamaqda israr etdiyini göstərir. Bu da sülh sazişinin imzalanmasını ləngidəcək. 

Ermənistan 1991-ci il ərazi bütövlüyünün qarşılıqlı tanınmasını ikinci şərt kimi irəli sürür. Daha doğrusu, Paşinyan hakimiyyəti Ermənistanın 29743 kvadrat kilometr ərazi bütövlüyünün Azərbaycan tərəfindən tanınmasına dair bəndin sülh müqaviləsinin mətninə daxil olunmasını təklif edir. Halbuki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi başa çatmamış Ermənistanın ərazisinin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün deyil. Paşinyan hakimiyyəti isə bu bəndin bəribaşdan sənədə daxil edilməsinə nail olmaqla Azərbaycan qarşısında hüquqi öhdəlik yaratmaq istəyir. Bununla da Paşinyan hökuməti Sovet dövründə qanunsuz olaraq Ermənistana verilmiş 20 min kvadrat kilometr Azərbaycan torpağının rəsmi İrəvanın yurisdiksiyasına daxil olmasını təmin etmək niyyəti güdür. 

Ermənistan üçüncü şərt kimi sərhədlərinin 1991-ci ildə Almatı Bəyannaməsi əsasında delimitasiya və demarkasiya olunmasını irəli sürür. Halbuki, Almatı Bəyannaməsi imzalanan zaman Ermənistanın Azərbaycanla beynəlxalq səviyyədə tanınmış de-yure sərhədləri olmayıb. Hələ də iki ölkə arasında Qazax-Tavuş istiqamətində razılaşdırılmış 12,7 kilometr sərhəd xətti istisna olmaqla rəsmi dövlət sərhədi yoxdur. Sovet dövründə mövcud olmuş 1007 kilometrlik inzibati sərhədin 994,3 kilometri şərti olaraq qalır. 

Sərhədlər Sovet dövrü xəritələri əsasında delimitasiya olunduğuna görə Azərbaycan 1920-ci il aprelin 28-dən SSRİ dağılana qədər hər bir ilin xəritəsinin tətbiqini tələb edə bilər. Yəni Azərbaycan qanunsuz olaraq Ermənistan SSR-ə verilmiş 20 min kv. km. tarixi torpaqlarını geri tələb etmək hüququna malikdir. Bundan narahat olan Ermənistan həmin torpaqları öz yurisdiksiyasında saxlamaq üçün 29743 kv. km. əraziyə malik olduğuna dair müqavilə öhdəliyinin sülh sazişində Azərbaycan tərəfindən tanınmasına çalışır. ABŞ isə ilkin şərtlər olmadan COP29 konfransına qədər tərəflər arasında sülh sazişinin imzalanmasına çalışır və bu prosesin reallaşmasında tələskənlik nümayiş etdirir. Məsələ burasındadır ki, ABŞ rəsmiləri sülh müqaviləsinin bağlanması üçün konstitusiya referendumu tələbindən imtina etmək müqabilində Azərbaycana Zəngəzur dəhlizinin açılmasını təklif edir. Halbuki, sülhə mane olan üç əsassız şərti Ermənistan irəli sürüb. 

Müşfiq Abdulla
"Cebhe.info"