Vaşinqton niyə erməniləri Qarabağa qaytarmaq istəyir?

Vaşinqton niyə erməniləri Qarabağa qaytarmaq istəyir?

Azərbaycan-Ermənistan sülh prosesi üzrə növbəti Vaşinqton görüşü baş tuta bilər. 

Qeyd edək ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan ölkənin ictimai televiziyasına müsahibəsində bildirib ki, yaxın zamanda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında Vaşinqtonda sülh müqaviləsi üzrə növbəti görüş keçirilə bilər.

Bununla yanaşı, ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller noyabrın 14-də keçirilən brifinqdə Qarabağ ermənilərinin hüquqları ilə bağlı məsələyə toxunub. O qeyd edib ki, Qarabağı tərk etmiş ermənilər qayıtmaq hüququna malikdirlər. 

“Biz Qarabağı tərk etmiş insanların istədikləri təqdirdə vətənə qayıtmaq hüququna malik olduğuna inanmağa davam edirik və bu hüquqa hörmət edilməlidir”,-  deyə Miller bildirib. 

Bəzi ekspertlər iddia edirlər ki, əgər hər iki ölkənin XİN rəhbəri arasında Vaşinqtonda növbəti görüş baş tutarsa, böyük ehtimalla, Bayden administrasiyası Azərbaycanın qarşısına Qarabağ ermənilərinin hüquqları ilə bağlı şərtlər qoyacaq. 

Məsələ ilə bağlı Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Qərb öz geosiyasi məqsədləri üçün  Azərbaycana təzyiqlər edir:

“Müəyyən səbəblər üzündən Azərbaycan-Ermənistan sülh prosesi üzrə Moskva, Brüssel və Vaşinqton formatı ciddi böhranla üzləşib. Əlbəttə ki, bunun əsas səbəbi Azərbaycanın Qarabağın dağlıq ərazilərində erməni separatçılarının kökünü kəsməsi və həmin ərazilər üzərində suverenliyini tam bəqərar etməsi ilə bağlıdır. Çünki Qarabağdakı qondarma rejim ABŞ və Avropa İttifaqının, xüsusilə də Fransanın regional strategiyasında Azərbaycana təzyiq etmək, həmçinin Cənubi Qafqaz regionunda yerləşmək üçün sərfəli vasitə kimi görünürdü.

Lakin Azərbaycan Ordusunun Qarabağda son antiterror əməliyyatlarından sonra bu vasitə sıradan çıxıb. Yəni Qərbin regionla bağlı planları alt-üst olub. Demək olar ki, hazırda Moskva, Brüssel və Vaşinqton formatlarında danışıqlar keçirilmir. Yaxın vaxtlarda da danışıqların aparılması ehtimalı yoxdur. Ermənistan hakimiyyəti yalnız sözdə sülh müqaviləsinin zəruriliyini vurğulayır, amma reallıq onu göstərir ki, İrəvan heç bir əməli addım atmır”. 

O ki qaldı bu yaxınlarda Qarabağdan Ermənistana köç etmiş ermənilərin hüquqları məsələsinə, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini son antiterror əməliyyatlardan əvvəl bəyan edib: 

“Yəni Azərbaycan hakimiyyəti dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb ki, rəsmi Bakı Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini ölkə konstitusiyasına əsasən təmin etməyə hazırdır. Hətta Azərbaycan rəhbərliyi ermənilərin köçməsinə qarşı çıxırdı və onların ərazidə qalıb yaşamasını təklif edirdi. Ancaq bütün bunlara baxmayaraq, ermənilər ərazini tərk etdilər”. 

Politoloq Vaşinqtonun Azərbaycanın qarşısına Qarabağ erməniləri ilə bağlı şərt irəli sürməsinin mümkünlüyünü bildirib: 

“Əlbəttə, ABŞ Azərbaycana təzyiq etmək üçün bu kimi şərtlər irəli sürə bilər. Bildiyimiz kimi, son zamanlar Azərbaycana qarşı bu məsələdən təzyiq vasitəsi kimi istifadə edən ölkələrin sayı artıb. Avropa İttifaqı, Fransa və Kanadanın rəsmiləri Azərbaycana qarşı əsassız ittihamlar səsləndirirlər. Ola bilsin ki, ABŞ da bu prosesə cəlb olunsun. Ancaq vurğulayım ki, Azərbaycan sülh danışıqlarında intensiv şəkildə iştirak etsə belə, Qarabağ erməniləri ilə bağlı məsələnin qaldırılmasına qarşı çıxacaq.

Azərbaycan heç vaxt sülh müqaviləsində bu məsələ barədə maddənin qeyd olunmasına razı olmayacaq. Bu, Azərbaycanın daxili məsələsidir. Onsuzda Azərbaycanın aidiyyəti qurumları bu məsələnin tənzimlənməsi üçün xüsusi portal açıb. Qarabağdan Ermənistana köçən erməni sakinləri bu portala müraciət edərək Azərbaycan vətəndaşlığını əldə edə bilərlər”. 

E.Xalidbəyli vurğulayıb ki, ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda daimi sülhün bərqərar olunmasında maraqlı deyil:

“Əgər Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanarsa, sözsüz ki, bu, ABŞ, Fransa və Avropa İttifaqının Cənubi Qafqazda möhkəmlənməsinə əngəl yaradacaq. Bunun baş verəcəyi təqdirdə Qərbin əlində olan bütün mexanizmlər yararsız vəziyyətə düşəcək. Ona görə də Qərb sülh prosesinin pozulmasında və regionda vəziyyətin gərginləşməsində, hətta münaqişənin yenədən alovlanmasında birbaşa maraqlıdır.

Yəni onlar hesab edirdilər ki, Azərbaycanla yeni silahlı toqquşmalar onların Ermənistanın ərazisinə hərbi kontingent yerləşdirməsinə şərait yaradacaqdı”. 

Yunis Abdullayev 
Cebhe.info