ABŞ Konqresi bu ölkələrə hərbi yardım edəcək

ABŞ Konqresi bu ölkələrə hərbi yardım edəcək

ABŞ Konqresi aylardır razılaşdırılmağa çalışılan müdafiə paketlərini təsdiqləyib.  

"Cebhe.info" xəbər verir ki, ABŞ-də 95 milyard dollar dəyərində olan Milli Təhlükəsizlik Tamamlayıcı Qanunu Konqres tərəfindən qəbul edilib.

Milli Təhlükəsizlik Tamamlayıcı Qanun layihəsi İsrailə 26 milyard 400 milyon dollar, Ukraynaya 60 milyard 800 milyon dollar və Tayvana 8 milyard dollarlıq dəstək paketini ehtiva edir.

Paketə İsrailin hava hücumundan müdafiə sistemi üçün əlavə sursat və hərbi texnika, müdafiə materialları və ABŞ-nin İsraildəki silah anbarına əlavə maddi dəstək daxildir.

Qanun layihəsi həmçinin Qəzza da daxil olmaqla münaqişə zonaları üçün 9 milyard dollarlıq humanitar yardım paketini qəbul edib.

Paketin Ukrayna hissəsi iki mərhələdən ibarətdir.

Paketin üçdə biri əvvəllər ABŞ-nin silah anbarlarından Ukraynaya göndərilən silahları əvəz etmək üçün nəzərdə tutulub.

Qanun layihəsi Bayden administrasiyasına 45 gün ərzində Ukraynada əldə olunacaq gələcək hədəflə bağlı hesabat təqdim etməyi tələb edir.

Nigar Hacılı 
"Cebhe.info"