Azərbaycanda dollar alışı niyə artıb?

Azərbaycanda dollar alışı niyə artıb?

Bu il aprelin 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,7 bənd təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib. Bu, aylıq müqayisədə 0,1 bənd çox, ilin əvvəlinə nisbətən 1,7 bənd çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,2 bənd çoxdur. Bu il martın sonuna manatın real effektiv məzənnəsi isə 121,8 bənd təşkil edib. Bu isə aylıq müqayisədə 0,7 bənd az, ilin əvvəlinə nisbətən 0,4 bənd çox, illik müqayisədə isə 1,9 bənd azdır. 

Azərbaycan manatının real effektiv məzənnəsinin  azalmasının alıcılıq qabiliyyətinə hansı təsiri var? 

İqtisadçı-ekspert Razi Abbasbəyli “Cebhe.info”-ya açıqlamasında bildirib ki, manatın alıcılıq qabiliyyəti son bir neçə ildə aşağı düşüb:

“2023-ci ilin göstəricilərinə görə, Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazda ən çox kiçilən və ən az inkişaf edən iqtisadiyyatdır. Ölkəmizdə çox ciddi şəkildə idxal artıb, ixracat göstəricilərimiz isə aşağı düşüb. Bu da manata olan təzyiqləri artırıb. Bu təzyiqlərin qarşısında manat öz dəyərini nə qədər qoruyub saxlaya biləcək, bu, hələlik məlum deyil”. 

Ekspert bildirib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) atacağı addımlarla bağlı açıqlama verilmir:

“Bütün bunlar, bu qeyri- müəyyənliklər, idxalın artması, manata olan təzyiqlərin sürətlənməsi, alıcılıq qabiliyyətinin aşağı düşməsi nəticə etibarilə dollar alışını, yəni dollar yığımını sürətləndirib. Hesab edirəm ki, bu proseslər davam edəcək və əgər bu şəkildə davam etsə, manatın dollar qarşısındakı mövqeyini qoruyub saxlamaq asan olmayacaq. 

Yəni burada real dəyərdən söhbət getmir. Manatın nominal dəyərini Mərkəzi  Bankın nə vaxta qədər inzibati yollarla qoruya biləcəyi məlum deyil”.

Ekspert düşünür ki, manatın nominal dəyərini qoruyub saxlamaq üçün böyük vəsaitlər xərclənir:

“Əlbəttə ki, devalvasiyaya getmək, manatın kursunu yüksəltmək və yaxud  azaltmaq kimi qərarlar  vermək kifayət qədər çətindir. Hələlik Mərkəzi Bank hesab edir ki, 2024-cü ilin birinci rübündə uçot dərəcələrini endirməklə kredit faizlərinin aşağı sala, həm də depozit yığımlarını sürətləndirə bilər. Ancaq praktikada vəziyyət başqadır”. 

Ekspert qeyd edib ki, Azərbaycanda banklarda  əmanətlərin 82%-i xarici valyutalarda saxlanılır. 

Həsən Məmmədov 
“Cebhe.info”