Ər-arvadın mübahisəsi qanla bitdi: 26 il əvvəlki qətlə görə məhkəmə

Ər-arvadın mübahisəsi qanla bitdi: 26 il əvvəlki qətlə görə məhkəmə

26 il əvvəl törədilmiş qətlə görə təqsirləndirilən Kərim Kərimlinin cinayət işi üzrə növbəti məhkəmə baxış iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslə yanaşı, ibtidai istintaq zamanı dindirilən digər şəxslərin verdiyi ifadələr səsləndirilib.

Təqsirləndirilən Kərim Kərimlinin müdafiəçisi zərərçəkənin hüquqi varisinin məhkəmədə ifadə verməsi zərurəti ilə bağlı vəsatət qaldırıb. Qısa müşavirədən sonra vəkilin vəsatəti təmin olunub və növbəti məhkəmə prosesi iyunun 11-nə təyin edilib.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi 1997-ci il yanvarın 24-də Bakıda baş verib. 1933-cü il təvəllüdlü Zoyaxanım Rzayevanın yaşadığı mənzildə meyiti aşkar edilib. İlkin araşdırmalar nəticəsində Zoyaxanım Rzayevanın aralarında yaranmış mübahisə zəminində Kərim Kərimli tərəfindən xüsusi amansızlıqla qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq, daxili işlər orqanları və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən həyata keçirilmiş koordinasiyalı tədbirlər nəticəsində 26 il əvvəl törədilmiş ağır cinayətin üstünün açılması təmin edilib.

Kərim Kərimli əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbsdə olub. O, təcridxanada cəzasını çəkdiyi müddətdə yenidən məsuliyyətə cəlb edilərək barəsində ittiham elan edilib. Kərim Kərimliyə 1 sentyabr 2000-ci il tarixə qədər qüvvədə olmuş Cinayət Məcəlləsinin 94-cü maddəsinin altıncı bəndi - xüsusi amansızlıqla qəsdən adam öldürmə və hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 178.2.4 - xeyli miqdarda ziyan vurmaqla dələduzluq maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Cebhe.info"