Razi Nurullayevdən səfirliyə hücuma sərt təpki: “İki ölkə arasında böyük bir skandal...”

Razi Nurullayevdən səfirliyə hücuma sərt təpki: “İki ölkə arasında böyük bir skandal...”

Xəbər verdiyimiz kimi, bu gün səhər saat 8:30-da Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı basqın olub.

Səfirliyin mühafizəsinə cavabdeh olan Tehrandakı Azərbaycan səfirlinin mühafizə rəisi Orxan Əsgərov aldığı güllə yarasından şəhid olub, iki nəfər isə yaralanıb.

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında deyib ki, baş verənlərin məsuliyyətini birbaşa İran rejimi daşıyır:

“Uzun zamandır İran televiziyaları, mediası Azərbaycan əleyhinə təbliğat aparır. Baş verənlər də onun nəticəsidir. Konkret olaraq bu hadisəni İranın Azərbaycana qarşı çirkin təbliğatının nəticəsi hesab edirik. Bundan sonra nə baş verəcək, onu demək çətindir. Amma hər halda iki ölkə arasında böyük bir skandala da səbəb ola bilər. Çünki orada Azərbaycan səfirliyinin təhlükəsizliyinə İran dövləti cavabdehlik daşıyır. İndi biz onların cavabını gözləyirik. Amma onlarının cavabının nə olmasından asılı olmayaraq, artıq bu hadisə bizim tariximizə qanlı hərflərlə yazıldı. Unudulmaz bir hadisə, təxribatdır. Bir hadisəni də yaddan çıxarmayaq ki, bir neçə ay əvvəl Londondakı Azərbaycan səfirliyinə də hücum olunmuşdu. O zaman itki olmadı, amma o hadisədə də İranın birbaşa əli var idi. Çox üzücü bir hadisədir. Şəhid olan Azərbaycan səfirliyinin mühafizə rəisi Orxan Əsgərova Allahdan rəhmət diləyirəm, ailəsinə dərin hüzünlə baş sağlığı verirəm”.

Vilayət Muxtar
Cebhe.info