Azərbaycan Ermənistana qaz satarsa: “Asılılıq yaradacaq layihə nə qədər çox olsa...”

Azərbaycan Ermənistana qaz satarsa: “Asılılıq yaradacaq layihə nə qədər çox olsa...”

“Ermənistanın illik qaz istehlakı təqribən 2,7-2,8 mlrd. m3-dir, 2023-cü ildə Rusiya Ermənistana 2,44 mlrd. m3 qaz satıb, yəni təqribən 85% qaz tələbatını Rusiya ödəyib, yerdə qalan 15%-ə yaxın qazı isə İrandan alır”. 

“Cebhe.info” xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Natiq Cəfərli bildirib. 

İqtisadçı qeyd edib ki, Ermənistanın bütün qaz infrastrukturu “Qazprom Ermənistan” şirkətinə məxsusdur, bu şirkətin 100% səhmləri Rusiyanın “Qazprom” şirkətinə aiddir: 

“Bundan başqa, Ermənistanın daxili qaz boru kəmərlərinin də sahibi Rusiyadır. Rusiya Ermənistana qazı hər 1000 m3 üçün 165 dollara satır, bu, kifayət qədər ucuz qiymətdir, amma burada başqa amil var. Rusiyanın “Qazprom” şirkəti özünün sahibi olduğu “Qazprom Ermənistan” şirkətinə qazı 165 dollara satır, həmin şirkət isə Ermənistanda əhali və sənayenin əsas təhcizatçısıdır – yəni, hər 1000 m3 üçün 165 dollar əhaliyə, sənayeyə satılan qiymət deyil. “Qazprom Ermənistan” əhaliyə qazı təqribən ikiqat artıq qiymətə satır, yəni bütün infrastrukrur əlindədir deyə, “Qazprom” özü-özünə qazı topdan ucuz satır, amma pərakəndə qiyməti baha olduğu üçün əsas qazancını o sahədən götürür. 

Rusiya Ermənistan üçün qaz qiymətlərini artırmağı düşünür, ona görə də rəsmi İrəvan alternativ qaz mənbəələri axtarır, İrandan çəkilən boru xətti çox kiçik diametrə malikdir deyə, tam gücü ilə işləsə, ilə maksimum 700-800 mln. m3 qaz tədarük edə bilər və İran qazı Ermənistana daha baha satır, o qaz elektrik enerjisi istehsalı üçün istifadə edilir”. 

İqtisadçının sözlərinə gör, bu kontekstdə Ermənistanın Azərbaycandan qaz almasına müsbət yanaşma maraqlı və doğru məsələdir, Azərbaycan çox rahat şəkildə (infrastruktur var, cari təmirə ehtiyac olacaq) Ermənistanı qazla təmin edə bilər: 

“Ümumiyyətlə, Ermənistanla qarşılıqlı asılılıq yaradacaq layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır, dayanıqlı sülhə təminat verən məsələdir. Bunun üçün isə son günlər baş verən pozitiv hadisələrin, delimitasiya-demarkasiya işlərinin sürətlənməsi, sülh müqaviləsinin tezliklə bağlanması əsas şərtdir. İrəvanın Bakıdan enerji asılılığı həmin ölkənin gələcəkdə “revanşist” ideyalarının qarşısını kəsən sədd ola bilər. 

Ermənistan, nəhayət ki, mifik ideyalardan əl çəkib reallığı qəbul etməli, doğrudan da, tarixi Ermənistanı unudub, real sərhədlərinin təminatı haqqında düşünməlidir. Bunun üçün tarixi, unikal şans yaranıb”. 

Nigar Abdullayeva 
“Cebhe.info”