Mitinq yox, piket keçirməyə tapılmayan sosial baza

Mitinq yox, piket keçirməyə tapılmayan sosial baza

Azərbaycanın 44 günlük müharibədən sonra bir-birinin ardınca həm döyüş cəbhəsində, həm diplomatik müstəvidə əldə etdiyi uğurların ölkənin nüfuzu, möhkəmlənməsi və inkişafına böyük təsirini görən güclər yenə düyməyə basıb.

Azərbaycana qarşı təhdid dili ilə danışmağın heç bir nəticə qazandırmayacağını görən bu qüvvələr öz planlarına köhnə simaları da daxil ediblər. Beləliklə, ölkəni daxildən “fəth etmək” kimi gülünc bir iddiaya düşüblər və bu iddianın doğrulmasının mümkünsüz olduğunu bilə-bilə köhnə simalardan sona qədər yararlanmaq yolunu tutublar. 

Rusiya sülhməramlılarının Azərbaycandan vaxtından əvvəl çıxarılması, Qazaxın 30 ildir işğal altında olan 4 kəndinin təhvil verilməsi, Ermənistanla sərhəddə delimitasiya və demarkasiya prosesinin başlaması, sərhəddə ilk dirəyin qoyulması, rəsmi Bakının iki ölkənin xarici işlər nazirlərinin Astanada görüşünə razılıq verməsi kimi diplomatik müstəvidə əldə edilən böyük uğurların fonunda o qədər cılız və əsası olmayan iddialar səsləndirilir ki, onları təkrar-təkrar dinləmək bəlkə hətta iddia sahiblərinin özlərini də yorur. Amma necə deyərlər, ortada bir plan varsa və bu planın icrası üçün düyməyə basılıbsa, o zaman plan iştirakçıları hamısı öz yerini almalıdır. 

AXCP sədri Əli Kərimli də planın bir iştirakçısı kimi sosial şəbəkədə öz yerini alıb və bu dəfə Milli Şura adından beynəlxalq ictimaiyyətə, xüsusilə də ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Avropa Şurası və ATƏT-ə çağırış edib.

Çağırışının da məğzi ondan ibarətdir ki, Azərbaycan hakimiyyətilə hər bir yüksək səviyyəli danışıqlarında ölkədə insan hüquq və azadlıqlarının təmin olunmasını, xüsusilə də siyasi məhbusların azad edilməsini, sərbəst toplaşmaq azadlığının təmin olunmasını, azad və rəqabətli seçkilərə şərait yaradılmasını, azad mətbuatın, vətəndaş cəmiyyətinin fəaliyyətinə imkan verilməsini və birləşmək azadlığının təmin edilməsini açıq müzakirə etsinlər.

Guya Milli Şura ölkədə çox böyük, iştirakçı sayı minlərlə hesablanacaq aksiyalar keçirməyi hədəfləyir və bunun baş tutmamasının yeganə səbəbi aksiya üçün yer ayrılmamasıdır. Sanki Bakının ən mərkəzi meydanında Milli Şuraya yer ayrılsaymış, Əli Kərimlinin “Facebook”-dakı bircə çağırışı ilə bu meydan dolub-daşacaqmış. Amma müraciət müəllifi unudur ki, bir xalq məsələsində deyildiyi kimi, yağış yağıb çatlar örtülməyib.

Milli Şuranın indiyə qədər Bakı Şəhər İcra Hakimiyyəti ilə razıladırılmış aksiyaları çox da uzaq keçmişdə qalmayıb. Bu aksiyalara BŞİH müraciət məktubu əsasında yer ayırıb, təhlükəsizlik təmin edilib, narazı kəsim də razılaşdırılmış aksiyada iştirakla bağlı narahatlıq yaşamadan həmin meydanlara gedib fikrini ifadə edə bilib. Daha doğrusu, bunu etmək üçün hər cür şərait olub. Amma hətta bu hər cür şərait zamanında belə Əli Kərimlinin çağırışları onlara ayrılan meydanın bir küncünü doldurmağa belə kifayət etməyib. 

Üstəlik bu, o zaman olub ki, Azərbaycanda məğlubiyyət psixologiyası hökm sürürdü, torpaqlarımız işğal altında idi, faktiki olaraq narazı kəsimin deməyə indikindən daha çox sözü, tələb etməyə daha çox əsası vardı. 

Hətta o zamanlar belə Əli Kərimlinin çağırışları meydanda plakatlara dəyib elə özünə qayıdırdısa, insanları tribunadan fotolarda çox görünmək üçün meydana səpələnməyə çağırırdılarsa, indiki vəziyyətdə meydanda hətta o əldəyazılma plakatları tutmaq üçün belə adam tapmaq mümkün olmayacaq.

Bunu hər kəsdən daha yaxşı Əli Kərimli özü bilir. Nə xalqda, nə narazı kəsimdə, nə də özünü birinci elan etdiyi müxalifətdə sözünün kəsirinin olduğunu bilən Əli Kərimli bu gün mitinq bir tərəfə, piket keçirmək üçün sosial bazaya sahib olmadığını yaxşı anlayır. Məhz buna görə də gah mitinq təyin edir, gah təyin etdiyi mitinqi ləğv edib yeni tarix verir, gah da aksiya keçirmək üçün heç bir şərait olmadığını bildirərək təlimat verilən mərkəzlərə “Mən cəhd etdim, hakimiyyət imkan vermədi, siz onu məcbur edin” mesajını verir. 

Ancaq bir dəfə də olsun özünə sual vermir ki, müxalifətin bu duruma düşməsinin səbəbkarı kimdir? Min cür intriqalarla, oyunlarla, planlarla müxalifəti pərən-pərən salıb normal siyasi mühit yaradılmasına mane olmasına səbəb nədir? Niyə müxalifətin ən güclü olduğu zamanlarda belə xalqın problemlərini dilə gətirmək üçün parlamentdə bir zamanlar tutduğu deputat kürsüsündən, lap elə partiya sədri kreslosundan istifadə edə bilməyib? Yaxud niyə hətta sosial-iqtisadi problemlərlə üz-üzə qalan narazı kəsim belə Əli Kərimlinin çağırdığı hansısa aksiyada iştirakı özünə rəva bilmir?

Soruşmur ona görə ki, cavab gəzib dolanıb yenə öz adının üstündə dayanacaq... 

Süleyman Yusifov
“Cebhe.info”