Azərbaycan və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq müzakirə edilib

Bakıda “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun 5 ili: Birgəfəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda dəyirmi masa keçirilib.
"Cebhenfo.az" xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzi (STM), Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Bakı Mətbuat Müşavirliyi və Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən tədbirdə STM-in İdarə Heyətinin sədri Zahid Oruc, Medianın İnkişaf Agentliyinin rəhbəri Əhməd İsmayılov və Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Mətbuat Şurasının sədri Rəşad Məcid və media rəhbərləri iştirak edib.
Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc bildirib ki, qlobal dəyişikliklər və yeni dünya təhlükəsizliyi arxitekturasının axtarıldığı bir dövrdə Azərbaycan və Türkiyə mediasının bir araya gəlməsi mühüm hadisədir:
“Azərbaycan-Türkiyə sarsılmaz birliyi mürəkkəb formasiya və quruluşlardan keçərək son 5 ildə yeni zirvələrə yüksəlib”.
MEDİA-nın rəhbəri Əhməd İsmayılov vurğulayıb ki, Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib:
“Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında möhkəmlənmiş qardaşlıq münasibətləri media da daxil olmaqla bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir”.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə çıxışında qeyd edib ki, Azərbaycan və Türkiyə kimi sıx əlaqədə olan başqa dövlət yoxdur.
Səfir hər iki ölkənin əlaqələrinin nə qədər sıx olduğunu son iki həftədə şahidi olduğunu bildirib: “Bu qədər sıx əlaqədə olan başqa dövlət yoxdur”.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədrinin müavini Rafiq Haşımov, REAL Təhlil və İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı, Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir və Türkiyənin “Anadolu” agentliyinin Asiya və Qafqaz bölgəsi üzrə təmsilçisi Tolga Özgenç müxtəlif mövzularda çıxış ediblər.
Daha sonra keçirilən panellərdə media orqanlarının və aparıcı KİV-lərin rəhbərləri çıxış edib. Türkiyə və Azərbaycan Media Platforması çərçivəsində təşkil olunan tədbirdə iki ölkə arasında media sahəsində əməkdaşlığın cari vəziyyəti, əldə olunan nailiyyətlər və gələcək perspektivlər müzakirə edilib.
Qeyd edək ki, 2020-ci ilin dekabrında Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən imzalanan “Media Məkanında Strateji Əməkdaşlıq Memorandumu” imzalanıb.
Sənədin imzalanması ilə Türkiyə-Azərbaycan ortaq media platforması yaradılıb.
Elmir
"Cebhenfo.az"