“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - AÇIQLAMA

“TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı? - AÇIQLAMA

Məlum olduğu kimi, ötən gün ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyənləşib. 

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bakalavriat üzrə hər bir təhsilalana düşən 4 illik təhsil haqları bəlli olub. Lakin bəzi təhsil ekspertləri xüsusilə “TikTok”-dakı paylaşımlarında bunu təhqil haqlarınına artırılması kimi təqdim ediblər. 

 Belə ki, bu qərarda dövlətin bir tələbə üçün il ərzində çəkdiyi xərclərdən söhbət getməsinə baxmayaraq, bəzi təhsil ekspertləri bunu təhsil haqlarının artması kimi təqdim ediblər. Bu isə vətəndaşlarda ajiotaj yaradıb. 

Daha dəqiq desək, “TikTok”-da təhsil ekspertləri bununla bağlı çox sayda paylaşım edərək insanları çaşdırıblar. Həmin paylaşımlar “TikTok” sosial şəbəkəsinin Azərbaycan seqmentinə geniş əks-səda doğurub.

Təhsil eksperti Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda mahiyyət etibarilə, bütün tələbələr ödənişli oxuyur: 

“Sadəcə olaraq, dövlət yüksək bal toplayan tələbələrin təhsil haqlarını ödəyir. Əslində, universitet publik hüquqi şəxs olduğuna görə bütün tələbələr üçün pul alır. Onu ya tələbə, ya da dövlət ödəyir. 

Burada adambaşına düşən xərclər məsələsindən söhbət gedir. Adambaşına düşən xərcin müəyyənləşməsi isə təhsil haqlarının artması və ya azalması demək deyil. Dövlət pulsuz oxuyan bir tələbə üçün universitetə ödənilən pulu müəyyən edir. Yəni, qərardakı əsas meyar məhz budur”. 

Ekspert qeyd edib ki, bəzi şəxslər sosial şəbəkələrdə yalan məlumatlar paylaşaraq kontingent yığmağa çalışırlar: 

“Xüsusilə də “TikTok”-da verilən hər bir informasiya daha sürətlə yayıldığı üçün təhlükələrə səbəb ola bilər. Təəssüf ki, bizdə bu sahədə müəyyən qədər boşluqlar var. Sosial şəbəkələrdə nəzarətsizliyin olması bir çoxlarına meydan açır. 

Onlar istədiyi yalan məlumatlarla izləyiciləri səhv istiqamətləndirirlər. Belə hallar yolverilməzdir və onlara nəzarət olunmalıdır. Nəzarət olmadığı üçün belə yalan məlumatlar qısa zamanda minlərlə insana çata bilir”. 

Elmir Mustafa 
“Cebheinfo.az”