Sabah əfv fərmanı olacaqmı?

Sabah əfv fərmanı olacaqmı?

Son illər ölkəmizdə imzalanan əfv sərəncamları yüzlərlə məhkuma yeni həyat imkanı tanıyır və ailələrə sevinc bəxş edir.

Bu sərəncamlar özəlliklə bayram ərəfələrində imzalanır. Artıq bir müddətdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları keçirilir.

İndiyədək neçə iclas keçirilib, nə qədər işə baxılıb və əfv nə zaman olacaq?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Milli Məclisinin deputatı, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Cebheinfo.az"a bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları davam edir:

“Komissiyanın iclasları qapalı aparılır. Bu bir tərəfdən əsasnamənin tələbidir. Digər tərəfdən söhbət cinayət məsuliyyətinə cəlb olunmuş məhkumların məsələsinə baxmaqdan gedir.

Nəzərə alsaq ki, əfv mandatı konstitusion olaraq cənab Prezidentə məxsusdur. Komissiya sadəcə ölkə rəhbərinin qəbul edəcəyi qərarlar üçün müəyyən təkliflər hazırlayır. Lakin hansı şəxslərin azadlığa qovuşacağı, digərlərinin cəza müddətinin azaldılacağı, üçüncülərin islah işlərindən xilas olacağı haqqında yenə də son qərar dövlət başçısı tərəfindən verilir.

Bu baxımdan, biz baxılan işlərin sayı, kimlərin azadlığa qovuşacağı, onların şəxsiyyətinə istinad edərək açıqlamırıq. Ən başlıca məsələ ondan ibarətdir ki, biz əfv institutuna cəmiyyət tərəfindən rəğbət və ehtiramın olduğunu görməkdəyik.

Komissiyaya minlərlə müraciət daxil olub. Bu özlüyündə sübüt edir ki, şəffaf çalışan bir institutdur. Burada heç bir qanunsuz addımlara, əməllərə yer yoxdur. İndiyədək kimsə demir ki, əfvə düşmək üçün hansısa bir qanunsuz fəaliyyətdən keçib.

Digər tərəfdən orada çox ədalətli meyar formalaşıb. Yəni Komissiyanın sədri Samir Nuriyev tərəfindən islahatlar açıq müstəvidə, sərbəst, hər bir məhkum haqqında mövqelərin təqdim olunması şəraitində keçir.

Bu imkan verir ki, şəxsin ailə vəziyyəti, islah olunmasına dair penitensiar müəssisənin məlumatları, o cümlədən şəxsin yaşadığı ərazidə ona münasibət, müraciət edənlərin verdiyi zəmanətlər, əməlin sosial-ictimai təhlükəlilik dərəcəsi və azadlığa çıxarkən qarşı tərəflə münasibətlər, yəni hüquqi olaraq bütün bu komponentlər qərarlarda mühüm rol oynayır. 

Komissiyanın bir üzvü kimi bu fəaliyyət mənim parlament həyatımdan fərqli bir təcrübə oldu. Azərbaycan dövlət rəhbərinin başlıca məqsədi bir tərəfdən əfv – amnistiya addımlarıdır. Digər tərəfdən  hüquq sisteminin humanistləşməsidir. 

Hesab edirik ki, komissiyanın 7-ci iclası keçiriləndən sonra bununla da əsas müzakirələr başa çatacaq və hansı sayda, kimlərin azadlığa qovuşacağı ilə bağlı dövlət rəhbərinin hər zaman olduğu kimi humanist qərarı veriləcək. Hədəf  28 May tarixinədək bu prosesləri hazırlamaqdan ibarət idi. Əgər iclaslar 5 saat davam edirsə, bu özü bir göstəricidir”.

Nigar Abullayeva
“Cebheinfo.az”